Təhsil
Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil
müəssisələrinin şagirdləri arasında intellektual oyun
üzrə 2015-ci ilin regional məktəb çempionatı keçirilib.
"Bakı-2015" I Avropa Oyunlarına həsr olunmuş çempionatda
ölkəmizin bütün bölgələrinin komandaları regional qalib
adı uğrunda mübarizə aparıblar.
Çempionatın açılış mərasimində Təhsil Nazirliyinin
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı" çərçivəsində silsilə tədbirlər həyata
keçirdiyi qeyd olunub və gənc nəslin intellektual
səviyyəsinin yüksəldilməsi istiqamətində təşkil edilən
bilik yarışlarının əhəmiyyəti vurğulanıb. İntellektual
yarışın hər bir azərbaycanlı üçün qürurverici hadisə
olan "Bakı-2015" I Avropa Oyunlarına həsr olunması
təqdir edilib.
Bildirilib ki, yarışın keçirilməsi regionlarda gənclərin
intellektual klublarının yaradılması, daha çox
məktəblinin intellektual fəaliyyətə cəlb edilməsi və
onların asudə vaxtının səmərəli təşkilinin təmin
olunması məqsədlərinə xidmət edir.
Rəsmi mərasimdən sonra çempionata start verilib. Bütün
ölkə üzrə eyni gündə keçirilən çempionatda 12 qalib
müəyyən olunub.
Üç saat davam edən yarışın nəticələrinə əsasən, Bakı
birinciliyinin qalibi 18 nömrəli tam orta məktəbin
komandası olub. Gəncədə keçirilən regional yarışda
birinci yeri Gəncə şəhər 31 nömrəli tam orta məktəbin,
Sumqayıtda keçirilən regional yarışda isə Sumqayıt şəhər
5 nömrəli tam orta məktəbin komandası tutub. Ətraf
rayonların komandalarının iştirakı ilə keçirilən
Lənkəran regional yarışının qalibi Masallı, Quba
regional yarışının qalibi Şabran, Şəmkir regional
yarışının qalibi Şəmkir, Mingəçevir regional yarışının
qalibi Ağdaş, Şirvan regional yarışının qalibi Şirvan,
Göyçay regional yarışının qalibi Zərdab rayonunun
komandası olub.
Qaliblərə Təhsil Nazirliyinin diplomu, kubok və medallar
təqdim edilib.
Bakı birinciliyinin və regional yarışların qalibləri bu
ilin sentyabr və oktyabr aylarında keçiriləcək "Təhsil
Kuboku" uğrunda yarışlarda iştirak hüququ qazanıblar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |