Məktəblə
tanışlığın bir ilini başa vuran, "Əlifba" sevincini
yaşayanlar arasında Bakıdakı 158 nömrəli tam orta
məktəbin I "a" sinif şagirdləri də vardı.
Birincilərin sinif rəhbəri Zəmləkət Zamanova çoxillik və
peşəkar təcrübəsinə baxmayaraq bu il də sevinc və
həyəcan hisslərini öz kiçik şagirdləri ilə birgə
yaşadı. Məktəb həyatının ən məsuliyyətli ilk ilini
başa vuran balacalar bu əziz bayrama xüsusi
hazırlaşmışdılar.
Bayram günündə birinciləri ilk təbrik edən məktəbin
direktori Zemfira Səmədova oldu. O, I "a" sinif
şagirdlərinə Vətənə, millətə layiqli övlad kimi
böyümələrini arzuladı, onlara dərslərdə daha
məsuliyyətli, diqqətli olmağı tövsiyə etdi. Daha sonra
çıxış edən məktəbin dərs hissə müdiri Nübar Həmzəyeva və
ibtidai sinif metodik birləşmənin sədri Lalə Nəzərova
da birincilərə öz səmimi təbriklərini və xoş
diləklərini çatdırdı. İlk gündən onlara qələm tutmağı
öyrədən, hərfləri, rəqəmləri tanıdan, hər birinə həm
ana, həm də öyrədici rəhbər olan Zəmləkət müəllimin
həyəcan və sevinci, şagirdlərinə olan sonsuz sevgisi
çıxışında bir daha ifadə olundu.
Rəsmi hissədən sonra söz birincilərə verildi.
Səhnəcikləri, şeirləri, çıxışları və məhz bu bayram üçün
hazırladıqları xüsusi geyimləri ilə onlar əsl gül
dəstəsini xatırladırdı. Məktəbə gəldikləri ilk gündən
öyrənməyin həyəcanını yaşayan, ilk məsuliyyəti, ilk
yarış həvəsinin, ilk qiymətin fərəhini duyan balacalar
beləcə öyrəndikləri "Əlifba" ilə elmin bütün
sirlərindən agah olmağa doğru yol aldılar.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |