Qəbələ rayonu İ.Abdulkərimov adına Nohurqışlaq kənd tam
orta məktəbinin uğurları çoxdur. Ötən il məktəbin iki
şagirdi respublika fənn olimpiadasının finalında
fərqlənib. Nərgiz Tahirli kimyadan II, Vüsalə Əzizli isə
tarix fənnindən III yeri tutublar. Bu il də məktəbin adı
şagirdləri fənn olimpiadalarında qalib olan təhsil
müəssisələri sırasına düşüb. Məktəbin XI "b" sinif
şagirdi Vüsalə Əzizli tarix fənni üzrə III yeri tutaraq
bürünc medala layiq görülüb.
Nohurqışlaq kənd tam orta məktəbinin direktoru Y.Tahirov
bu barədə redaksiyamıza göndərdiyi məktubda məlumat
verib. Məktubda o da qeyd olunub ki, V.Əzizlinin
qələbəsi münasibəti ilə məktəbdə tədbir keçirilib,
müəllim və şagirdlər onu təbrik ediblər.
Direktor bildirir ki, Vüsalənin oxuduğu XI "b" sinfində
təhsil alan şagirdlər ali məktəblərə qəbul imtahanlarına
ciddi hazırlaşır. İndiyədək şagirdlərdən 3 nəfəri sınaq
imtahanlarında 600, 8 nəfəri isə 500 baldan yüksək
nəticə göstərib. Vüsalə isə 664 bal toplayıb. Bu uğurun
əldə edilməsində isə müəllimlərin xüsusi əməyi olduğu
diqqətə çatdırılır. |