Tanınmış pedaqoqlar, psixoloqlar,
fizioloqlar sübut etmişlər ki, şəxsiyyətin
formalaşmasında düzgün peşəseçimi həlledici rol oynayır.
Peşəyönü bəşəri mədəniyyətin mühüm elementlərindən
birinin ümumiləşmiş anlayışı olaraq insanların ictimai
fəaliyyətinin, bacarıqlarının müəyyən edilib
formalaşdırılmasına, onların meyil və maraqlarına,
fiziki imkanlarına, eləcə də dövrün sosial-iqtisadi
tələblərinə uyğun gəlməlidir. Məsələn, jurnalist
ixtisasına yiyələnməyi qərara almış gənclərdən iki
keyfiyyət tələb olunur: düzgün düşüncə qabiliyyəti və
fikri düzgün ifadə etmək bacarığı. Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası Prezident İlham Əliyevin göstərişi və
Azərbaycan Mətbuat Şurasının iştirakı ilə jurnalistika
fakültələrinin abituriyentlərində həmin keyfiyyətləri
aşkarlamaq məqsədilə iki turdan ibarət qabiliyyət
imtahanı keçirir. Birinci turda şifahi sual-cavab
vasitəsilə gələcək jurnalistlərin ümumi dünyagörüşü,
müxtəlif səpgili faktları qavraya bilmək qabiliyyəti,
ikinci turda isə onların fikri yazılı ifadə edə bilmək
bacarığı yoxlanılır. Keçən ilin təcrübəsi göstərdi ki,
orta məktəb məzunlarının çoxu ikinci turda esse (sərbəst
inşa) yazmaqda çətinlik çəkirlər. Bunu nəzərə alaraq
redaksiyamız BDU-nun jurnalistika fakültəsinin
professoru Nəsir Əhmədlidən "Esse nədir və onu necə
yazmaq lazımdır" sualına cavab verməyi xahiş etmişdir.
"Esse" əslən latın sözüdür, oradan fransız dilinə,
fransız dilindən də bir sıra başqa dillərə keçib. İlkin
mənası "götür-qoy edərək mühakimə yürütmək" deməkdir.
Söz bu mənanı, demək olar, indi də saxlamaqdadır. Yəni
müasir anlamda esse müəllifin konkret mövzu ilə bağlı
faktları, təəssüratları, fərdi düşüncələri ölçüb-biçərək
mühakimə yürütdüyü kiçikhəcmli, sərbəstkompozisiyalı
yetkin əsərdir.
Qabiliyyət imtahanı zamanı essenin mövzusunu TQDK verir.
Abituriyent mövzu ilə tanış olduqdan sonra xəyalında
yazının planını qurur:
1) Giriş; 2) Əsas hissə; 3) Nəticə.
Təxminən 3-5 cümlədən ibarət giriş hissədə abituriyent
mövzuda "gizlənmiş" problemin mahiyyətini, onun
açıqlanma yönlərini müəyyənləşdirir, fikrin cövlanı üçün
sanki qapı açır. Nümunə olaraq İmam Sadiq (ə) adına
İslam Maarifi Akademiyasının əməkdaşı, "Dəyərlər"
Jurnalistika Məktəbinin məzunu Aqşin Əsgərovun "31 mart
- azərbaycanlıların soyqırımı günü" yazısına (www.deyerler.org)
diqqət yetirək. Müəllif yazıya belə başlamışdır:
"1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət
səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd
edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin
tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın
təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını,
repressiyalara məruz qalması, doğma yurdlarından sürgün
edilməsi və didərgin salınması XX əsr tarixinin ən
faciəli və dəhşətli səhifələrindəndir". Göründüyü kimi,
giriş üçcə cümlədən ibarətdir. Bu üç cümlə ilə elə bil
planlaşdırılan "ev"in "bünövrə"si qoyulmuşdur. Başqa bir
müəllif bu "bünövrə"ni başqa cür də qura bilər. Məsələn,
"soyqırım" sözünün mənasını açmaqla: "Soyqırım hər hansı
milləti, etnik, irqi və ya dini qrupu ya bütövlükdə, ya
da qismən məhv etmək niyyəti ilə həyata keçirılən qanlı
əməliyyatdır. Misal olaraq II Dünya müharibəsi illərində
faşist Almaniyasının yəhudiləri, qaraçıları, serbləri
kütləvi surətdə qırmasını, 1995-ci ildə Bosniya
serblərinin Bosniya müsəlmanlarını öldürmələrini
göstərmək olar. XX əsrin ən dəhşətli soyqırımlarından
biri də 1918-ci il martın 31-də erməni daşnaklarının
Bakıda, Şamaxıda, Qubada, Qarabağda və Azərbaycanın
başqa yerlərində türk-müsəlman əhalisinə qarşı
törətdikləri qanlı aksiyalar olmuşdur".
"Ev"in neçə "mərtəbə"li olacağı verilmiş mövzunun
tutumundan və müəllifin onu necə "layihələşdirməsindən"
asılıdır. Bu "mərtəbə"lər essenin əsas hissəsində
abzaslar şəklində əksini tapır. Aqşin Əsgərovun essesi
("tikdiyi ev") yeddi abzasdan ("mərtəbədən") ibarətdir.
Onların sayını azaltmaq və ya artırmaq da olar.
Essenin əsas hissəsi tezis-arqument formasında qurulur.
Tezis fikrin bir, yaxud iki cümlə ilə ifadəsi, hansısa
müddəanın irəli sürülməsidir. Arqument isə irəli sürülən
tezisin gerçək hadisələrlə, faktlarla, tanınmış
şəxsiyyətlərin fikirləri ilə əsaslandırılmasıdır. İki
arqumentdən istifadə etmək daha yaxşıdır: bir arqument
oxucunu inandırmaya bilər, üç və daha çox arqument isə
üslubu ağırlaşdırar. Hər tezis və onun arqumentlərlə
əsaslandırılması bir abzas təşkil edir. Binanın
mərtəbələri arasında bağlanc olduğu kimi essenin
abzasları arasında da məntiqi əlaqə olmalıdır.
Yazının nəticə hissəsi binanın damını xatırladır. Burada
mövzuya (girişə və əsas hissəyə) yekun vurulur,
araşdırılan problemin indiki vəziyyəti göstərilir. Aqşin
Əsgərov nəticə hissəsində erməni vəhşiliyinin, qanlı
hadisələrin hələ də davam etdiyini bildirir, Allahdan
Qarabağa azadlıq diləyir: "1992-ci ilin fevralında
ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş
divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk
olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv
edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi
ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq
Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu
gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları
tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış,
çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Erməni
silahlı qüvvələri ərazimizin 20 faizini işğal etdiyi
zaman minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət
almışdır.
Bu, erməni faşizminin yalnız bir əsrdə törətdiyi qısa
icmaldır...
Allahım, Qarabağın azadlığını tezləşdir!".
Sonluq hissədə problemin ədalətli həlli ilə bağlı
tövsiyələr də verilə bilər.
Essenin əsas əlamətləri bunlardır:
1. Kiçik həcm (əlyazma ilə 3-4 səhifə);
2. Konkretlik. Esse mövzusunda yalnız bir məsələ qoyulur
və həmin məsələdən kənara çıxmaq məsləhət görülmür
(Zəruri məqamlarda mövzu ilə bağlı qısa haşiyələr çıxmaq
olar);
3. Kompozisiya sərbəstliyi. Abituriyent mövzudan
yayınmamaq və məntiqi ardıcıllığa əməl etmək şərtilə
kompozisiyanı istədiyi formada qura bilər;
4.Üslub aydınlığı. Essedə hədsiz mürəkkəb cümlələrə,
dolaşıq fikirlərə, eyni sözlərin tez-tez
təkrarlanmasına, yersiz rəsmiyyətə, təmtəraqlı, pafoslu
ifadələrə, qeyri-etik deyimlərə yol vermək olmaz. Ədəbi
dilin normalarına, orfoqrafiya qaydalarına əməl
edilməli, durğu işarələri yerli-yerində qoyulmalıdır.
Tövsiyələr:
- Qısa və aydın yazın;
- Qazanmış olduğunuz bilikləri nümayiş etdirməklə
sərbəst düşüncə tərzinizi ortaya qoyun;
- Mövzudakı problemə və onun həlli yollarına öz
münasibətiniz olsun.
Nümunə olaraq Ədalət Daşdəmirlinin 2010-cu il oktyabrın
15-də "Azərbaycan müəllimi" qəzetində dərc olunmuş
yazısı əsasında hazırlanmış (esse formasına salınmış)
variantını təqdim edirəm:
Mübarizləri olan Vətən basılmaz!
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun
adı dillər əzbəridir. Haqqında kitablar, şeirlər,
mahnılar yazılır, filmlər çəkilir. Bu cəsur insanın
yüksəldiyi zirvə Azərbaycanın və eləcə də bütün türk
dünyasının hər yerindən görünür. Bu zirvəyə gedən yol
isə Biləsuvar rayonunun Əliabad kəndindən başlanıb.
Mübariz 1988-ci il fevralın 7-də bu ünvanda dünyaya göz
açmışdı. Məhz həmin ildə, həmin ayda erməni işğalçıları
Azərbaycanımızın əzəli və əbədi hissəsi olan Qarabağ
bölgəsində ərazi iddiası ilə çıxış etməyə başlamışdılar.
Bəlkə də, İlahi Mübarizi bu yağılarla mübarizə aparacaq
bir oğul kimi dünyaya gətirmişdi.
Mətbuatdan aldığım məlumata görə, hələ orta məktəbdə
ikən Mübariz dərslərini əla oxumaqla yanaşı, fiziki
gücünü artırmaq, sağlam və dözümlü olmaq üçün boksla da
məşğul olarmış. Dostlarının və müəllimlərinin
xatirələrində oxumuşam ki, Mübarizin daxilində həmişə
bir narahatlıq, bir nisgil olarmış. Torpaqlarımızın
düşmən tapdağı altında qalması nisgili. Erməni
işğalçılarının atəşkəsi tez-tez pozmaları, mövqelərimizi
atəşə tutmaları ona bir an belə rahatlıq verməzmiş. Onun
qəlbində daim düşmənə qarşı intiqam hissi
alovlanarmış.İllərdən bəri işğal altında inləyən
torpaqlarımızın harayı, doğma yurd-yuvasından didərgin
düşmüş minlərlə soydaşımızın və bu savaşda şəhid olmuş
oğullarımızın ruhları ona dinclik verməzmiş. Bu hisslərə
görə də o, hərbçi peşəsini seçərək düşməndən qisas
almağa and içibmiş. Həqiqi hərbi xidmətini başa
vurduqdan sonra o, müqəddəs arzusunu gerçəkləşdirmək
üçün könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində
xidmətini davam etdirirdi...
Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-a keçən
gecə düşmənlə təmas xəttinin kənarında əsgər pencəyini
çıxarıb bir qədər əvvəl yazdığı sonuncu məktubu və əl
telefonunu onun cibinə qoyur. Silahını çiyninə alaraq
təmas xəttinin o tərəfinə keçir. Cəbhənin Tərtər
istiqamətində düşmənin işğalı altında olan Çaylı
kəndindəki erməni qərargahına girərək əsl cəngavər kimi
düşmənin bağrını yarır. Ermənilər əvvəlcə elə zənn
edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib.
Gecənin qaranlığında çaşbaş qalan düşmən ağır itkilər
verir və Mübariz özü də canından artıq sevdiyi Vətən
uğrunda qəhrəmancasına həlak olur.
Həmin gün təmas xəttinin kənarından Mübarizin əsgər
pencəyi tapılır, cibindən isə bu məktub çıxır: "Atama və
anama məktub.
Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah,
cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin.
Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu
etməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah,
şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid
olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə
yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin.
Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm.
Allah böyükdür. Vətən sağ olsun.
Oğlunuz Mübariz.
Haqqınızı halal edin".
Bəli, Mübariz İbrahimov şərəfli ölümü ilə, qəhrəmanlığı
ilə Azərbaycan oğlunun, Azərbaycan əsgərinin nəyə qadir
olduğunu bütün dünyaya sübut etdi. Bu şücaəti ilə o biz
Azərbaycan gənclərinə nümunə göstərdi, başucalığı
gətirdi.
Respublika Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq
Sərəncamına əsasən, Mübariz İbrahimov torpaqlarımızın
azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə
"Azərbaycanın Milli Qəhrəmanı" adına (ölümündən sonra)
layiq görülmüşdür.
Ölkəmizdə Mübariz tək deyil. Biz gənclərin hər birinin
ürəyində Vətən eşqi alovlanır. Qarabağ probleminin dinc
yolla həlli variantları baş tutmazsa, Azərbaycan Silahlı
Qüvvələrinin Ali Baş Komandanı olan möhtərəm
Prezidentimiz İlham Əliyevin göstərişi ilə biz hamımız
yumruq kimi birləşərək torpaqlarımızı quduz düşməndən
azad edərək qaçqınlarımızın və məcburi köçkünlərimizin
öz ata-baba yurdlarına qayıtmalarına imkan yaradacağıq.
Mübarizləri olan Vətən heç zaman basılmayacaq. Mübarizin
yüksəldiyi şəhidlik zirvəsi, Milli Qəhrəman adı həmişə
uca tutulacaq, Xankəndində, Şuşada üçrəngli Azərbaycan
bayrağı ilə yanaşı, Mübariz İbrahimovun da əzəmətli
heykəli ucalacaqdır. |