Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
Bu
dəfə "Ömrün gizli səhifələri"ndə tanınmış bəstəkar,
dirijor, pedaqoq, Azərbaycanın xalq artisti Səid
Rüstəmovun həyat və yaradıcılıq səhifələri vərəqlənəcək.
Əvvəlkilərdən fərqli olaraq bu sayımızda qəhrəmanımız
barədə həm qızı, həm də tələbəsi danışacaq. Səid
Rüstəmovun qızı Rəna Rüstəmova ilə evində görüşürəm.
Xarici görünüşdən atasına çox bənzəyən gözəl bir xanım
var qarşımda. Görüşümüz atasının doğum gününə təsadüf
edir. Fəxri xiyabandan yeni qayıdıblar. Deyir ki, qızım,
mənim atam elə müəllim kimi doğulmuşdu. Onda o qədər
uşaq sevgisi var idi...
- Ata kimi nümunəvi ata idi. Uşaqları həddən artıq çox
sevirdi. Amma xaraktercə çox sərt və əsəbi idi. Bəzən
onun bir baxışı səhvlərimizi başa düşməyə bəs edirdi.
Kobud səhvlər edəndə bizi cəzalandırırdı. Bir qardaşımız
Altay 4 yaşında bədbəxt hadisədən vəfat etmişdi. Hərdən
zarafatla anama deyirdi ki, Bikə, bu evə yenə uşaq
lazımdır.
- Bildiyim qədəri ilə atanız İrəvanda doğulub, bir
müddət Türkiyədə yaşayıb.
- Yox, Türkiyədə adətən seyidlərin yaşadığı İydəli adlı
bir yer var. Atamın əsli ordandır. Sonra İrəvana
köçüblər. Atam danışırdı ki, İrəvanda evləri Göy
Məscidin yanında olub və seyid olduqları üçün ocaq
sayılıb. Əsl adı Mircabbar Seyidrüstəmzadədir. Bakıya
gələndə pasport verilən yerdə ermənilər, ya da ruslar
işləyirdi. Orda işləyənlər deyir ki, bu nə addır, çox
uzundur. Atam məcbur olur ki, Səid Rüstəmov kimi
yazdırsın.
Babam rəhmətə gedən kimi nənəmi uşağı olmayan başqa bir
dul kişiyə ərə verirlər ki, onun üçün uşaq dünyaya
gətirsin. Atam son gününə qədər o səhnəni unuda
bilmirdi, deyirdi ki, nəfəsim kəsilənə qədər anamı
aparan faytonun dalınca qaçdım. Atamın iki ögey qardaşı
olub. Bundan başqa atamgil üç qardaş, bir bacı olublar.
Atam uzun illər böyük qardaşının yanında yaşayıb.
1918-ci ildə ermənilər onun qardaşını elə gözlərinin
qarşısında öz evində doğrayıb, evlərini talan ediblər.
Sonra Gəncəyə köçüb gəlirlər, burda da onların evinə
ermənilər hücum edir. Məcbur olub Ağdaşa köçürlər.
Ağdaşda həyat yoldaşı Bikə xanımla tanış olur. Sonra hər
ikisi Bakıya gəlir. Anam tibb təhsili alır, atam isə
müəllimlər texnikumuna daxil olur və 1930-cu ildə ailə
həyatı qururlar. Onların Rafiq, Tamilla, Eldar və Rəna
adlı 4 övladı dünyaya göz açır.
-
Nənənizin və babanızın adı nə olub?
- Atamın anasının adı Leyli idi. Atam xahiş edirdi ki,
nəvələrimdən birinə anamın adını verin. Mən qızıma
qoydum. Babamın adı Mirəli olub.
- Adlarınızı kim qoyub?
- Mənim adımı Tamilla qoyub. Digərlərini anam və atam.
- Nəslinizdə atanızın adını daşıyan varmı?
- Bəli. Nəvəmin adı Səiddir. Eldarın qızının adı
Səidədir.
- Atanıza musiqi istedadı kimdən keçib?
- Mənim bildiyim qədər nənəm Leylidən keçib. Nənəm harda
ritm eşidirmiş oynayırmış. Daraqdan qarmoşka düzəldib,
onda musiqi ifa edirmiş.
-
İrəvanlı günlərindən başqa nə danışırdı?
- Onların orda dükanı var imiş. İrəvanı xatırlayanda
həsrət çəkirdi. Deyirdi çox yaxşı yaşayırdıq. Atam
İrəvana heç bir zaman Yerevan deməzdi. Elə ölənə qədər
də İrəvan deyərdi.
- Sonralar İrəvana getmişdi?
- Əlbəttə, orkestrlə qastrol səfərlərinə gedirdi.
İrəvanda olanda, səhnədə deyib mən burda doğulmuşam.
Bütün zal gurultu ilə alqışlayıb.
- Musiqi ilə harada məşğul olmağa başlayıb?
- O, Ağdaşda aktyorluq edirdi. Atam müxtəlif tamaşalarda
qadın obrazları da oynayıb. Az da olsa piano çalmağı
bacarıb. 1924-cü ildə xalq rəssamı İsmayıl Axundov və
atam rəssamlığa getmək qərarına gəlib. 3 gün imiş
rəssamlıq məktəbində oxuyurmuş. Pəncərədən gələn musiqi
səsinə heyran olub. Bir nəfər onun musiqiyə olan
marağını görüb Üzeyir bəyin yanına gətirib. Atam Üzeyir
bəyi tanımırmış. Üzeyir bəy onu sual-cavab edə-edə atam
fikirləşirmiş ki, mən bu kişini haradasa görmüşəm.
Üzeyir bəyin sual-cavabı bitəndən sonra atamı gətirən
adam soruşur ki, kimin sinfinə yazaq, Üzeyir bəy? Üzeyir
bəy də deyir ki, notu mənim, muğamatı da Mirzə Mansurun
sinfinə yazın. Səid bala, sən də sabahdan dərsə gəl,
tarı sənə mən bağışlayıram. Yemək-içməyinə də fikir ver.
Mat-məəttəl ayaq üstə duran atamın peşəkar musiqi
təhsili belə başlayıb.
-
Üzeyir bəylə bağlı hansı xatirələri var?
- Deyirdi ki, Üzeyir bəy bizi tez-tez evinə dəvət
edərdi. Bir dəfə onlara gedəndə yemək yeməyə utanıb.
Deyib çörək yemişəm. Üzeyir bəy yoldaşına deyib, yeməyi
çörəksiz gətir. Atam da bir neçə qab yeyib. Üzeyir bəy
deyib ki, ay Səid, sən toxsan bu qədər yeyirsən, ac
olsan nə qədər yeyərsən?!
Sovet hökuməti yeni qurulanda muğama, milli çalğı
alətlərinə qarşı mənfi fikir formalaşdırırdılar. Üzeyir
bəy atamı çağırıb deyib ki, Səid, bunlar tara qarşı
əks-təbliğat aparırlar, biz tarı qorumalıyıq. Sən
Avropa, Qərb ölkələrinin əsərlərini tarda çal, qoy
görsünlər ki, tarda nəinki muğam, xalq mahnıları,
klassik əsərlər də çalınır. Sonra deyirdi, Səid, sən
tarı oturub çalma, ayaq üstə çal. 1935-ci ildə yazdığı
"Tar məktəbi" kitabında da atam bütün qaydaları
göstərib.
- Özü də müəllim olub. Kimlərə dərs deyib?
- Onun məktəbdəki şagirdləri arasında gələcəkdə Mixaylo
ləqəbi ilə tanınacaq Mehdi Hüseynzadə də olub. Atam
deyirdi ki, Mehdini uşaqların arasından seçmişdim,
gördüm balaca boyu ilə çox ağıllı, dərrakəli oğlandır.
Mehdi Hüseynzadə ilə onun şəkli də var.
- Atanızla birlikdə hansı xarici ölkələrdə səfərdə
olmusunuz?
- Moldovoda, Baltikyanı ölkələrdə və Rusiyada olmuşuq.
Moldovada olanda Şövkət xanım və Gülağa müəllim də
getmişdilər. Bir dəstə adam bizə yaxınlaşıb başladı türk
dilində danışmağa. Qaqauzlar idi. Atam çox təəccübləndi,
həm də sevindi.
- Övladlarını hansı peşə sahibi kimi görürdü?
- Onu deyə bilmərəm. İki qardaşım və bacım musiqiçidir.
Özü bəstəkar idi. Uşaqlar gəlib evdə də musiqi ilə
məşğul olanda ona işləmək üçün ancaq gecələr qalırdı.
Ona görə dedi ki, Rənanı musiqiyə verməyəcəyəm. Amma mən
də musiqiyə getmək istədim. Evimizin yanındakı məktəbə
getdim. Etiraz etmədi.
- Bacınızın filmdə oynamağına etiraz etmişdi?
- Bacım uşaqlıqdan kino aktrisası olmaq istəyirdi. Atam
dedi ki, yox, əvvəl sənətin olsun, sonra danışarıq.
Tamilla oxudu, bitirdi, ailə həyatı qurdu, uşağı oldu.
Amma atamın ürəyində qalmışdı qızının aktrisa olmaq
istəyi. Bir dəfə küçədə kinorejissor Həbib İsmayılov
atamla qarşılaşır. Həbib müəllim deyir film çəkirəm,
amma baş rola qadın aktrisa tapa bilmirəm. Atam deyir
qızım gəlir Moskvadan, istəyirsən ona baxın. Və rejissor
da onu görən kimi deyir ki, bu Mayadır ("Böyük dayaq"
filmi). Bacım ondan sonra cəmi bir filmə çəkildi.
"Ulduz"da Ulduz rolunu oynadı. İndi isə ailəsi ilə
birlikdə Rusiyada yaşayır.
- Atanızın ən yaxın dostu kim idi?
- Qardaşıoğlu Mirməmməd idi. Atamdan 5-6 yaş kiçik idi.
Atam qohumlarını çox sevirdi.
- Üzeyir bəyin tərbiyəsini alanlar öz tələbələrini
qoruyurdu. Atanız kimlərə kömək etmişdi?
- Atam çox səxavətli idi. Mümkün qədər insanlara əl
tuturdu. Amma bircə böyük qardaşım bilirdi bunu.
- Səid müəllim hansı əsərini sevirdi?
- Mənə elə gəlir ki, onun şah əsəri "Qurban adına"dır.
Atam müğənnilərdən ən çox Şövkət Ələkbərova və Gülağa
Məmmədovu sevirdi. Onlarla işləyəndə deyirdi, necə
yazmışam elə də ifa etməlisiniz. Atamın böyük
xidmətlərindən biri də rayonlarda xalq mahnılarını
toplayıb nota alması olub. İndi də bütün Şərq atamın
"Tar məktəbi" dərsliyi ilə tarı mənimsəyir.
- Atanız hansı yazarları oxuyurdu?
- Atamın Azərbaycan və rus dillərində zəngin kitabxanası
var idi. Gi de Mopassan, Onore de Balzakın əsərlərinə
xüsusi önəm verirdi. O dövrdə bu yazarları tapıb oxumaq
çətin idi. Kitabları almaq üçün siyahı tuturdular. Atam
deyirdi get kitabları yazdır, mən də gedib yazıb qol
çəkirdim.
- Ananız tibb sahəsində çalışdı?
- Anam Tibb Universitetində mühazirələr oxuyurdu.
1971-ci ildə vəfat etdi. Atam 12 il onsuz yaşadı. Onun
vəfatından sonra çox darıxdığı, həsrət çəkdiyi hər
halından bəlli idi. Atam artistlərlə çox ünsiyyətdə
olduğu üçün anam onu həmişə qısqanıb. Amma atam üçün hər
şeydən əvvəl öz ailəsi olub.
- Atanızın hansı çətinlikləri olub?
- Maddi heç bir çətinliyi olmayıb. Qızım, hər adamın
həyatında mənəvi çətinliklər olur. Böyük qardaşım və
bacım hər ikisi başqa millətdən olan insanla ailə həyatı
qurmuşdu. Atam bir gün məndən soruşdu ki, qızım sən
kiminlə ailə həyatı quracaqsan? Mən də dedim ki, ata,
mən ancaq azərbaycanlı ilə evlənəcəyəm. Sevincdən
gözləri doldu. Sədası indi-indi mənə çatır ki, atam bunu
hamıya danışıbmış. Atam son zamanlar nəsə tez-tez yuxuma
girir. Nəsə deyir, harasa aparmaq istəyir. İki gün
qabaq da gördüm nəsə hirsləndi mənə.
- Atanızın vəfatı ərəfəsində burdaydınız? Necə
xatırlayırsınız?
- Yoldaşımla xaricdə idik və bacıma zəng vurdum ki, uzun
müddətdir mənə zəng vurmursunuz. Nə olub? Bacım dedi ki,
atamız infarkt keçirib. İyunun əvvəli gəldik Bakıya, ata
onda xəstəxanada idi. Xəstəxanadan sonra Mərdəkanda bağa
apardıq onu. Hamımız getdik yanına, elə sevindi. Heç
yadımdan çıxmaz...
Gözləri dolur, danışa bilmir. Bir müddət başqa
mövzulardan danışırıq. Sonra yenidən qayıdırıq
mövzumuza:
- Bağdan gedəndə bizə balkondan əl elədi. O görüntünü
unuda bilmirəm. O bizimlə vidalaşırdı. İki gündən sonra
bizə zəng gəldi ki, atam vəfat edib.
- Vəsiyyəti nə oldu?
- Heç bir vəsiyyət eləmədi.
Biz də söhbətimizi elə burdaca yekunlaşdırıb,
sağollaşırıq.
Səid müəllim barədə onun tələbəsi də danışmaq istəyir.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi
Kollecinin direktoru Nazim Kazımovun otağına daxil
olanda bir şəkil göstərir və deyir ki, 1977-ci il, Səid
Rüstəmov və mən.
- Nazim müəllim, Səid Rüstəmovla ilk tanışlığınızı necə
xatırlayırsınız?
- 1973-cü ildə, o zaman Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Konservatoriyasına Səid Rüstəmovun
sinfinə qəbul oldum. Çox sevinmişdim, çünki onun "Tar
məktəbi" kitabı musiqi məktəbində bizim stolüstü
kitabımız idi. İxtisas dərsləri qrup şəklində olmurdu,
Səid müəllim mənimlə fərdi məşğul olurdu. O,
Azərbaycanda yeganə bəstəkar idi ki, 4 mahnısına görə
SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülmüşdü.
- İlk dərs gününüzü necə xatırlayırsınız?
- Qəbul imtahanında çaldığım mahnını ilk dərsdə ifa
etdim. Dedi qoçaq oğlansan, sən taleyin gərdişi ilə
mənim tələbəm olmusan. Başqa bir sinfə də düşə bilərdin.
Amma mənim sinfimə düşmüsən, sən gələcəkdə böyük
şəxsiyyət olacaqsan və adımı minlərlə yerdə çəkəcəksən.
- Bir müəllim kimi yaddaşınızda necə qalıb?
- Tələbə düzgün çalmasa, hirslənərdi. Amma sakit insan
idi, bizə dərs deyəndə artıq 66 yaşında idi. Səid
müəllimin sinfini 1978-ci ildə bitirdim, sonra təyinatla
rayonda işlədim, 1981-ci ildən Səid müəllimlə
çiyin-çiyinə eyni kafedrada çalışdım. İşə yeni
başlamışdım, dəhlizdə gedirdim, arxadan bir əl yavaşca
kürəyimə toxundu. Çevrildim, gördüm Səid müəllimdir.
Mənə dedi ki, sənə demişdim böyük adam olacaqsan, artıq
mənimlə çiyin-çiyinə çalışırsan. Belə zarafatları da var
idi...
- Tələbələrini necə qoruyurdu?
- Səid müəllim bütün tələbələrinə bacardığı qədər kömək
edirdi. Konservatoriyada olan istedadlı tələbələrin
hamısını orkestrdə işlə təmin edirdi. Onları öz
doğmaları kimi təqdim edib hamısının problemini həll
etməyə çalışırdı.
Mənə də kömək etdiyi zamanlar az olmayıb. Bunlardan iki
epizodu sizə də danışmaq istəyirəm. Mən ikinci ali
təhsilimi konservatoriyada almışam. I kursun sonunda
məni hərbi xidmətə çağırmışdılar. Biləndə ki, məni
çağıran hərbi komissar Üzeyir bəyin bacısı nəvəsidir,
ona böyük bir namə yazdı. Lakin komissar kömək etməyə
çalışsa da, mən özüm əsgərliyə getdim. Hərbi xidmətdə
olduğum zaman bizi Bakıya, dəmiryol briqadasına
gətirdilər. Sentyabrda Səid müəllimlə görüşmək üçün
icazə aldım. Səid müəllim dedi ki, sən həm əsgərliyini
çəkə, həm də təhsilini davam etdirə bilərsən. Respublika
hərbi komissarlığının, rektorluğun qarşısında məsələ
qaldırdı və mən dərslərimə davam etdim. İlim itmədi.
Bir dəfə də hərbi xidmətdə olanda məndə dəri xəstəliyi
yaranmışdı, tar çala bilmirdim. Səid müəllim məni öz
yaxını kimi həkimin yanına aparıb, müayinə etdirdi. Biz
xəstəxanadan çıxanda gördüm Səid müəllim özünü pis hiss
edir. Amma nə qədər təkid elədim icazə vermədi onu evə
ötürüm. Bir həftə xəstə yatdı, dərsə gəlmədi. İkinci
həftə gələndə dedi ki, Nazim bala, bilirsən sənə niyə
get dedim, səninlə konservatoriyadan bir yerdə
çıxmağımızı hamı gördü. Qorxdum mənə nəsə olar, deyərlər
Nazimlə getmişdi. Elə bilərlər sən nəsə etmisən.
- Son görüşünüzü necə xatırlayırsınız?
- İyun ayı idi, dərslər qurtarmışdı. Xəbər gəldi, Səid
müəllim vəfat edib. Çox pis olmuşdum. O bizə təkcə
müəllim yox, həm də valideyn olmuşdu. |