Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Biz doğru yoldayıq

 

Rüfət ƏLİYEV,
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin pilot layihələrlə  iş sektorunun müdiri
 

Böyütmək üçün seçinXXI əsrin məktəbi, təhsili necə olmalıdır? Necə edək ki, məktəb cəmiyyətdə gedən proseslər baxımından daha mütəşəkkil  olsun, ehtiyac və tələbatlara cavab versin? Düşünürəm ki, uşaqlıq dövründə "məktəb təhsilinin əsas məqsədi nədir" sualının cavabı hələ də açıqdır...

Məktəb rəhbərləri ilə birlikdə  bu məsələlər üzərində düşünən zaman müxtəlif fikirlərlə yanaşı uşaqların  sağlamlığının və təhlükəsizliyinin qorunması, müdafiəsi məsələsinin daha da önə çəkilməsini təklif etdim.  İlkin reaksiya belə oldu: "Sizcə məktəbin buna gücü çatar?". Onları nə narahat etdiyini mən anladım. 

Məsələ yalnız məktəbi idarə etməkdə deyildi. Əsas məsələ insanın uşaqlıq dövründə, ailə ilə yanaşı ilk növbədə məktəbin və ümumilikdə təhsil sisteminin oynadığı rolu dərk etməkdən ibarət idi. Fiktimcə, əslində yalnız bizim cəmiyyətimizdə, yaxud keçmiş Sovetlər İttifaqı məkanında deyil, həm də bütün sivil cəmiyyətlərdə bu baxımdan ciddi boşluqlar  mövcuddur. 

Təhsil Nazirliyi və Milli Təhsil Texnologiyaları Mərkəzinin birlikdə həyata keçirdiyi "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində aparılan işlər barədə təhsil ictimaiyyətinin maarifləndirilməsi məqsədi ilə "Azərbaycan müəllimi" qəzetində xüsusi rubrika açılmışdır. Düşünürəm ki, bütövlüklə ictimaiyyətin daha çox məlumatlandırılması üçün "Sağlam təhsil-sağlam uşaqlar- sağlam gələcək" mövzusu ilə bağlı televiziya verilişlərinin də yayımlanmasının vaxtı artıq çatmışdır.  Onu da qeyd etmək çox vacibdir ki, "oturaq təlim  və oturaq həyat tərzi"nin "ayaq üstə təlim və ayaq üstə həyat tərzi" ilə əvəz edilməsi ideyasının müəllifi, 6000-dən çox göz əməliyyatı keçirən oftalmoloq-həkim Rusiya Federasiyasının  akademiki Vladimir Filippoviç Bazarnıy "Sağlam təhsil-sağlam millət"  layihəsinin elmi məsləhətçisidir. Layihənin həyata keçirilməsinə onunla yanaşı bu ideya və dəyərləri dərk edən və qəbul edən Azərbaycanın peşəkar mütəxəssisləri də cəlb olunub.

Uşaqların gənc yaşlarında görmə problemlərinin yüksələn xətt üzrə artdığını görən V.F.Bazarnıy onun səbəblərini öyrənmək üçün uşaqların həyat tərzini tədqiq etməyə başlamış, eyni zamanda uşaq tərbiyəsi ilə bağlı tərbiyənin çoxəsrlik tarixini araşdırmışdır. Nəticələr, tədqiq olunmuş faktlar inandırıcıdır: "Oturaq həyat tərzi" bütün insanların sağlamlığına dağıdıcı təsir göstərir! Enerji üzrə fizika, kimya, biologiya, insan anatomiyası qanunları bu qənaətlərin əsasını təşkil edir. Təəssüf ki, dünyanın yaranması və insanın təbiətlə qarşılıqlı münasibəti baxımından əhəmiyyətli olan bu anlayışlara  məktəb təhsilinin məzmununda gərək olduğundan az vaxt və diqqət verilir. Məktəb isə  maarifləndirilməmiş ailələrlə birgə  belə həyat tərzini uşaq yaşlarından onlara tərbiyə edir. Övlad tərbiyəsinin tarixi kökləri ilə bağlı, valideyn icmasının, habelə ailə qurmağa hazırlaşan gənclərin  maarifləndirilməsi  işlərini genişləndirmək  günün tələbidir. Onlar nəhayət dəqiq bilməlidirlər ki, ailə uşaq deməkdir və valideynlərin ən azı, qocalıq dövründəki (bu da qaçılmazdır) taleyi övladlarının əlindədir. İnsanın intellektual yetkinliyi və millətin, xalqın, ölkənin necə olması onun uşaqlıq dövründə inkişafı prosesində formalaşır. Məhz bu dövrdə insanın dəyərləri, daxili dünyasının "ekologiyası" həyatla əlaqəli şəkildə  proqramlaşdırılır. Düşünürəm ki, "Sağlam təhsil-sağlam millət" layihəsi və onun tərəfdarları doğru yoldadırlar. Özümə görə buna sübut və əsas öz 40 illik məktəb təhsili sahəsində rəhbərlik təcrübəsidir. Bu, təhsilin ən əhəmiyyətli mərhələlərindəndir. Hətta bu gün, bu ideyaların çoxsaylı fakt və dəlillərlə 100 % təsdiq edildiyinə, uzun illər sınaqdan çıxmış və özünü doğrultmuş təhsil modellərin,  təlim  texnologiyaları və mexanizmlərin  real nəticələrinə  baxmayaraq həm təhsildə, həm də tibb sahəsində  ənənəvi modellərin tərəfdarları təpki göstərirlər.

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin çoxsaylı innovasiyalardan ən çox məhz bu məsələni öz hədəfinə çevirməsi əsaslı, köklü dəyişikliklərə gətirib çıxaracaqdır. "Ayaq üstə yaşam tərzi" insanın intellekti və intellektual bacarıqlarının inkişafı ilə bilavasitə bağlıdır. Ən mühüm olanı isə odur ki, bütün bu  məsələlərdə V.F.Bazarnıy insan tərbiyəsi ənənələrinin  minillik tarixdən süzülüb gəlmiş təcrübənin təhlilindən irəli gələn  konkret faktlara və nəticələrə  əsaslanır. Həmin ənənələr bizim milli, xalq tərbiyə təcrübəsində də mövcuddur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov