Mayın 20-də Təhsil Nazirliyinin "Universitet
kitabxanaları məktəblilərin gözü ilə" layihəsi
çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin
Azərbaycan Dövlət İqtisad Universiteti və Qərb
Universitetinə səfəri təşkil olunub.
Layihənin əsas məqsədi şagirdlərdə ali məktəb
kitabxanaları haqqında dolğun təsəvvürlərin
formalaşdırılmasını və onlara əlavə biliklərin
verilməsini təmin etmək, eləcə də məktəblilərin
universitet kitabxanaları ilə yaxından tanış olmasına
əlverişli şərait yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində Bakı şəhərindəki Heydər Əliyev adına
Lisey, 132-134 nömrəli təhsil kompleksi, Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyi və "Gənc istedadlar" liseyinin
hər birindən 8 nəfər IX-XI sinif şagirdi ali məktəblərin
kitabxanaları ilə yaxından tanış olub.
Hər iki ali təhsil müəssisəsinin kitabxanası haqqında
şagirdlərə ətraflı məlumat verilib, elektron və ənənəvi
resurslardan istifadə imkanları barədə fikirlər
səsləndirilib.
Məktəblilər universitetlərin kitabxanası haqqında
təəssüratlarını qeyd edib və əvvəlcədən
müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirmə
aparıblar.
Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil
müəssisələri şagirdlərinin 6 ali məktəb kitabxanasına
səfəri nəzərdə tutulub.
Layihənin yekununda ali təhsil müəssisələri
kitabxanalarının imkanları və oxucu məmnunluğu
baxımından şəraiti məktəblilərin rəyi əsasında
qiymətləndiriləcək, bu sahədə zəruri hesab edilən
təkmilləşdirici təkliflər irəli sürüləcək. Həmçinin,
şagirdlər ali təhsil müəssisələrinin kitabxanaları ilə
tanışlıq zamanı kitabxanaçılıq, informasiya mübadiləsi,
kitabxanaların tarixi, kitabxana-biblioqrafiya işi
haqqında əldə etdikləri məlumatları öz həmyaşıdları ilə
bölüşəcəklər.
www.edu.gov.az |