Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Şərəfli pedaqoq ömrü

 

Müəllim adı ali, müqəddəs bir müraciət forması olmaqla yanaşı, həm də şübhəsiz, daşıyıcısının üzərinə böyük məsuliyyət qoyur. Müəllimlik peşəsinə gəlincə isə bu təkcə elm öyrədən, gəncləri, insanları elmin sirlərindən hali edən demək deyil. Müəllim öz şəxsi nümunəsi ilə hamıya həyat dərsi keçir, ali insan fenomeni formalaşdırır, bir ömürlə neçə ömrə örnək olur. 

Deyirlər, dünya elmin nuru ilə ziyalanır, əqldən qüvvət alır, mənəvi dayaqlar üzərində möhkəmlənir. Professor Akif Abbasovun ömür yoluna nəzər salsaq, mübaliğəsiz dünyanın məhz belə insanların, alimlərin, müəllimlərin, ataların, oğulların çiynində dayandığına şübhə etmərik.

Bu gün dünya alimlərinin ən çox maraq göstərdiyi elmlər sırasında dayanan pedaqogika elmi Azərbaycanda məhz belə alimlərimizin əməyi sayəsində parlaq bir dövrünü yaşamaqdadır.

Akif müəllimi tanıyanlar onun barəsində həmişə xoş sözlər söyləyirlər. Birmənalı şəkildə deyirlər ki, o, bilikli alimdir, mehriban insandır. Bu təcrübəli pedaqoq kollektivdə qayğıkeşliyi, sadəliyi, təvazökarlığı, saflığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən adamdır.

Professor Akif Nurağa oğlu Abbasovun mayın 28-də 65 yaşı tamam olur.

65 illik ömrünün 40 ildən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr etmək, bu illərdə öz pedaqoji ustalığını daim təkmilləşdirmək, adi qəzet müxbirindən tanınmış alim-pedaqoqa çevrilmək, təlim verdiyi on minlərlə insanın sevimlisi olmaq, həqiqətən də, böyük zəhmət və fədakarlıq tələb edir. Belə yaşamın bir adı var - şərəfli pedaqoq ömrü.

Belə ömür yaşayır Akif müəllim. Şərəfli pedaqoq ömrünü o, indi də davam etdirir: yazır, yaradır, müəllimlərin, elmi işçilərin daim köməyinə gəlir, tədris və təlimdə yenilikləri, pedaqoji innovasiyaları öyrənməkdə, işdə tətbiq etməkdə onlara yardımçı olur.

Həyatda elə insanlar var ki, onlarla ünsiyyətdə olmaq həmişə insana zövq verir, hər dəfə onlardan nəsə öyrənirsən, səni narahat edən suallara cavab tapırsan. Belə insanlara həyatın bütün sahələrində rast gəlinir - istər siyasətdə, istər mədəniyyətdə, istərsə də elmdə.

Tanınmış ziyalı, minlərlə tələbəyə elm öyrətmiş insan haqqında yazmaq həm məsuliyyətlidir, həm də şərəfli. Axı alimin böyüklüyü onun mənəviyyat dünyası ilə intellektual aləminin harmoniyasıdır. Digər tərəfdən isə bu məsuliyyət həmin alimin nüfuzu, elmə verdiyi töhfələri, insanlara, vətənə, millətə, dövlətə münasibəti ilə bağlıdır.

Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Burada N.Nərimanov adına 2 nömrəli orta məktəbi bitirdikdən sonra 1967-1968-ci illərdə "İşıq" şəhər qəzetində müxbir işləmişdir. 1968-1973-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır. Təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dilini tədris etmişdir. 1975-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun Tərbiyənin ümumi problemləri şöbəsinə müsabiqə yolu ilə kiçik elmi işçi qəbul olunmuşdur. Sonra orada elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.

 1987-ci ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1992-1998-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur. 2003-cü ildən Bakı Dövlət Universiteti nəzdində psixologiya elmləri üzrə dissertasiya şurasının elmi katibi təyin olunmuşdur. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri və metodik jurnalının redaktorudur. 2000-ci ildən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi katibidir.

Akif Abbasov ədəbi-pedaqoji fəaliyyətə 1966-cı ildən başlamışdır. İlk mətbu yazısı Əli Bayramlı şəhər qəzeti - "İşıq"da çıxmışdır. Bundan sonra dövri mətbuatda bədii və elmi-kütləvi əsərlərlə vaxtaşırı çıxış etmişdir. Rus və ingilis dillərindən tərcümələri "Dünya", "Bağban" almanaxlarında, jurnallarda dərc olunmuşdur. Orta və ali məktəblər üçün bir sıra dərslik, elmi-metodiki əsər və proqram yazıb çap etdirmişdir.

Akif Abbasov bir çox pyesləri rus dilindən Azərbaycancaya tərcümə etmiş və onlar respublika radiosunun "Firuzə" tələbə teatrında səslənmişdir. Professorun 1986-cı ildə tərcümə etdiyi "Andro və Sandro" pyesi (müəllif: Georgi Xuqayev) 1987-ci ildə respublika radiosunun "Ədəbi-dram verilişləri" redaksiyasında səsləndirilmişdir. Radiotamaşanın rejissoru görkəmli sənətkar Həsən Əbluc olmuşdur. Bu tamaşanı tanınmış Azərbaycan aktyorları səsləndirmişdilər.

A.Abbasov Azərbaycan Maarif Nazirliyinin "Qabaqcıl maarif işçisi" döş nişanına və fəxri fərmanına layiq görülmüşdür.

Akif Abbasova 2004-cü ildə professor elmi adı verilmişdir. O, 26 dekabr 2006-cı il tarixində "Tərəqqi" medalı ilə təltif edilmiş, 2007-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

A.Abbasov 24 aprel 2009-cu ildən etibarən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

Uca Tanrı alimi xoş gündə-saatda yaratmışdır. Ona parlaq istedad, fenomenal yaddaş, bitib tükənməyən səbr, iradə, yüksək daxili mədəniyyət bəxş etmişdir.

Hər günü müxtəlif elmi, ictimai-siyasi tədbirlərə qatılmaqla, o cümlədən rəhbərlik etdiyi doktorant, dissertantlarla fikir mübadilələri, məsləhətləşmələr aparmaqla başa vuran tanınmış alim ayları, illəri arxada qoyaraq artıq ömrünün yuvarlaq 65-ci ildönümündədir.

Təbiətən sadə, təvazökar insan Akif Abbasov yubiley ərəfəsində də ümumi məqsədə bağlı fəaliyyəti ilə məşğul görünür. Əslində, istər peşəsindən, istərsə də xarakterindən irəli gələrək onun üçün şəxsi maraqlar nəinki ikinci, bəlkə onuncu yerdədir. Başqalarının ən xırda əlamətdar hadisəsini hamıdan əvvəl yada salan, dəyərləndirən görkəmli ziyalı özünün ömür zirvəsinin 65 illik bayramını sanki unudub. Lakin ömür hər insana bir dəfə verildiyi kimi, onun hər ili, xüsusən də 65 yaşı - cavanlığın qocalığı, qocalığın cavanlığı ərəfəsi kimi yad edilməli, bölüşülməli, qeyd edilib xatırlanmalı hadisədir.

Bir çox ixtiraların müəllifi olan A.Fleminq demişdir ki, mən ona görə xoşbəxtəm ki, müəllimimin qapısı daim mənim üzümə açıq olmuşdur. Bu fikirlə mən tam razıyam. Ən azı ona görə ki, Akif müəllim kimi alimin ən sevimli doktorantıyam.

Pedaqogika elmimizin inkişafına bağlı illər bizdən uzaqlaşıb tarixin səhifəsinə dönsə də, bizimlədir və ümid edirik ki, 4 onillik qədər bir zaman kəsiyində pedaqogika elminin təəssübünü çəkmiş, onu inkişaf etdirmiş, eyni zamanda, mənəviyyatı, yüksək əxlaqi keyfyyətləri ilə yüzlərlə alim-tədqiqatçıya yaxşı örnək olmuş, bu gün də böyük enerji, yaradıcı ruhla fəaliyyət göstərən tanınmış alim, professor Akif Abbasov bundan sonra da böyük uğurlara imza atacaq.    

Əziz elmi rəhbərim, Sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram. 

Müjkan MƏMMƏDZADƏ,
Təhsil Problemləri İnstitutunun doktorantı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov