Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

"VIII İnformatika layihə olimpiadası"nın final mərhələsi keçirilib

 

Böyütmək üçün seçinAzərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın İdarəetmə Sistemləri  və İnformasiya Texnologiyaları institutları, Qafqaz Universiteti və "İstək" liseyinin birgə təşkilatçılığı ilə məktəblilər arasında "VIII İnformatika layihə olimpiadası"nın  final mərhələsi keçirilib.

Qeyd edək ki, 2008-ci ildən etibarən müntəzəm təşkil olunan olimpiada orta məktəb şagirdlərinin İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldilmiş yarışdır. Olimpiadaya "Proqramlaşdırma", "Veb səhifə", "Qısa film", "Animasiya" və "Robot" kateqoriyaları üzrə ümumilikdə 70 layihə təqdim edilib ki, onlardan da 40-ı final mərhələsinə vəsiqə qazanıb. Yarışmada Bakı məktəbliləri ilə yanaşı, Gəncə, Lənkəran, Quba və digər bölgələrdən olan şagirdlər  də iştirak edib.

Olimpiadanın Qafqaz Universitetində keçirilən açılış mərasimində çıxış edən universitetin rektoru Ahmet Saniç bildirib ki, informasiya texnologiyaları üzrə peşəkar kadrların hazırlanmasında dəyərli töhfələrini verən universitet gənclərin yeni elmi biliklərə cəlb edilməsi, kadr hazırlığı səviyyəsinin artırılması məqsədilə müxtəlif səpgili müsabiqə və olimpiadalara ev sahibliyi edir. Bu baxımdan, informatika üzrə yarışlarda iştirak edən istedadlı gənclərin seçilməsinə və onların ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməsinə təkan verən olimpiadalar xüsusi rola malikdir.

Böyütmək üçün seçinBu gün ölkəmizdə İKT sahəsində yeni layihələrin işlənib hazırlanmasına böyük önəm verildiyini dilə gətirən AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev bu istiqamətdə innovativ təfəkkürə malik gənclərin rolundan danışıb. Onun sözlərinə görə, olimpiadada təqdim olunan yüksək səviyyəli layihələr ölkəmizdə böyük elmi potensiala malik istedadlı gənclərin yetişməsinin göstəricisidir. Alim bu kimi olimpiadaların keçirilməsinin gələcəyin peşəkar kadrlarını aşkara çıxarmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq olimpiadaya təqdim olunan layihələrin gələcəkdə layihə müəllifləri tərəfindən AMEA-nın institutlarında davam etdirilməsinin mümkünlüyünü söyləyib.

Ölkəmizdə İKT sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova bu sahədə bir sıra qanunların və dövlət proqramlarının qəbul edildiyini, bütün sferalarda müasir texnologiyaların tətbiq edilməsi, şəbəkə infrastrukturunun inkişaf etdirilməsi, hər kəsin informasiya və biliklərə əlyetərliyinin təmin edilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şagirdlərdə kiçik yaşlarından etibarən İKT-yə marağın yaradılması baxımından bu kimi olimpiadaların keçirilməsinin  böyük əhəmiyyətə malik olduğunu deyən R.Mahmudova olimpiadada iştirak edən şagirdlərin gələcəkdə bu sahənin mütəxəssisləri kimi Azərbaycanın inkişafı naminə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Sonra şagirdlər hazırladıqları layihələri olimpiadanın münsiflər heyətinin qarşısında nümayiş etdiriblər.

Təqdim olunmuş layihələr hər bir kateqoriya üzrə ayrı-ayrılıqda müəyyən olunmuş kriteriyalar əsasında qiymətləndirilib və qaliblər müəyyən olunub. Sonda qaliblərə qiymətli hədiyyələr, medallar və sertifikatlar təqdim olunub. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov