Bakıdakı
108 nömrəli tam orta məktəbdə 4 "a" sinfində şagirdlərin
ibtidai sinfi başa vurması münasibətilə buraxılış
tədbiri keçirildi. Tədbir Dövlət himnimizin
səsləndirilməsi ilə başladı. Sinif rəhbəri Xırdaxanım
Kazımova uşaqları dərs ilini uğurla başa vurmaları
münasibətilə təbrik etdi, onlara gələcək təhsil
həyatlarında uğurlar arzuladı. Aparıcılar Əsgər Əsgərov,
Ruqiyyə Qurbanova və Səkinəxanım Hadıyeva məktəb
həyatının yaddaqalan anlarını əbədiləşdirən məqamlardan
söhbət açdılar. Şagirdlər gözəl şeirlər söylədilər, rəqs
nümunələri nümayiş etdirdilər. Müəllimlərinin etimadını
həmişə doğrultmağa söz verən məktəblilər Vətənə layiqli
övlad kimi yetişəcəklərinə, hər yerdə onun adını uca
tutacaqlarına and içdilər.
Sonra Bakıda iyun ayında keçiriləcək birinci Avropa
Oyunlarının rəmzi olan məşəl tədbirə gətirildi. Bu
mötəbər tədbirin məktəblilər tərəfindən də səbirsizliklə
gözlənildiyi, oyunlarda qürurla Azərbaycan komandasına
azarkeşlik edəcəkləri bildirildi. Sonra ağ paltarlı
qızların əllərində göyərçinlə rəqsləri sülh və firavan
həyata bir çağırış kimi səsləndi. Oğlanların ifasında
ritmik rəqs, T.Quliyevin "Vals"ı toplaşanlar tərəfindən
alqışlarla qarşılandı.
Tədbirin sonunda məktəbin direktoru Narınc Mehdiyeva
ümumi təhsilin birinci pilləsi olan ibtidai sinfi başa
vurmaları münasibətilə şagirdləri təbrik etdi, onlara
gələcəkdə də elmlərin sirlərinə dərindən yiyələnmələrini
arzuladı.
Çıxış edən valideynlər təhsilə göstərdiyi diqqət və
qayğıya görə dövlətimizin başçısına minnətdarlıq
etdilər.
Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta
məktəbin müəllimi |