Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

"Media və təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda konfrans

 

Böyütmək üçün seçinMayın 19-da  Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan  Universitetində "Bakı-2015" birinci Avropa Oyunlarının təbliğinə həsr olunan "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda təlim-konfrans keçirilib. Təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.

AZƏRTAC  Dövlət İnformasiya Agentliyi, "Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in  informasiya  dəstəyi ilə təşkil olunmuş tədbiri Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov giriş sözü ilə açaraq   ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, həmin  sahə ilə medianın əlaqələrindən  bəhs edib. Təlim-konfransın Təhsil Nazirliyinin "Media və təhsil dialoqu" çərçivəsində keçirdiyi sayca üçüncü olduğunu söyləyən sektor  müdiri  belə tədbirlərin media işçiləri ilə  təhsil ictimaiyyətinin  bir araya gəlməsində, eyni zamanda peşəkarlığın artırılmasında əhəmiyyətli rol oynadığını bildirib. Qeyd olunub ki, jurnalistikada  bütün sahələr üzrə, o  cümlədən təhsil üzrə də  ixtisaslaşma olmalıdır. Təhsildən yazan media nümayəndələri bu sahə ilə yaxından maraqlanmalı, tətbiq olunan yenilikləri  ictimaiyyətə daha dolğun və peşəkarcasına çatdırmalıdırlar.  Bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən müəyyən işlərin görüldüyünü söyləyən Cəsarət Valehov  növbəti ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan 10 tələbənin  təhsil sahəsində  ixtisaslaşması  və peşəkar kadr olaraq hazırlanmasının nəzərdə tutulduğunu, bu ideyanın reallaşdırılması üçün çalışdıqlarını bildirib.

Böyütmək üçün seçinAzərbaycan Universitetinin rektoru Fərid Əhmədov belə konfransların keçirilməsinin təhsil-media dialoqunda mühüm əhəmiyyət kəsb etdiyini deyib və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin  bu cür aktual bir mövzuya həsr olunan  tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu bildirib.

"Azad Azərbaycan" Televiziyasının prezidenti Vüqar Qaradağlı  təhsil-media dialoqu sahəsində mövcud vəziyyət barədə danışıb. Televiziyada təhsillə bağlı  jurnalistlərin olmasının və  bu sahədə peşəkarlığın hər zaman artırılmasının vacibliyindən söz açıb.

Sonra təhsil eksperti, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov, Təhsil Şurasının sədri, professor  Əjdər Ağayev çıxış edərək  media-təhsil dialoqu üçün  belə konfransların keçirilməsini yüksək dəyərləndiriblər.  Çıxış edənlər medianın  təlim-tərbiyədə mühüm rol oynadığını söyləyib, təhsildən yazan  jurnalistlərin bu sahəni mükəmməl bilməsinin zəruriliyinə toxunublar. Onlar  habelə  media və təhsil əlaqələrinin səmərəliliyindən,  həmin iki sahənin bir araya gəlməsində və  peşəkarlığın artırılmasında  belə  dialoqların  aktuallıq kəsb etməsindən  danışıblar. 

"APA-Holdinq"in prezidenti Vüsalə Mahirqızı bu cür tədbirlərin  nəzəri bilikləri möhkəmləndirməklə yanaşı, ortaya çıxan problemlərin müzakirə edilməsi, çıxış yollarının tapılması baxımından da əhəmiyyətliliyini  konfrans iştirakçılarının diqqətinə çatdırıb. Şirkət rəhbəri təhsil müəssisələrinin piar mütəxəssislərinin əsas işinin ölkənin təhsil sisteminə çox ciddi etimad yaradılması olduğunu qeyd edib. Çıxışının sonunda  Vüsalə Mahirqızı  təhsillə  medianın  dialoqunun bütövlükdə bu sistemin media ilə işinin yaxşılaşdırılmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Sonra  Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun, Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın, PR üzrə ekspert Aynur Rəşidovanın məruzələri dinlənilib.

Konfrans iştirakçıları daha sonra qruplar üzrə təlim məşğələlərində iştirak ediblər.  Təhsil Nazirliyinin Keyfiyyətin təminatı sektorunun baş məsləhətçisi Vəfa Yaqublunun "Təhsilin  keyfiyyəti mövzusu və KİV. Cəmiyyətdə hansı təhsil mövzularına daha çox ehtiyac duyulur",   Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovun  "Yerli universitet ənənəsinə yol haradan başlayır" mövzuları ilə bağlı geniş təqdimatları olub. Digər mütəxəssislər də media və təhsil əlaqələrindən danışıblar,  ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı çıxışlar ediblər.

Geniş diskussiya və  fikir mübadiləsi şəraitində keçən təlimlərdə media və təhsil dialoqunun daha da yaxşılaşdırılması  ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib. İştirakçılar informasiya kampaniyalarının keçirilməsi, press- relizlərin yazılması, sosial qruplarla  iş və digər mövzularda bilik və bacarıqlarını artırmaqla bərabər, ictimaiyyətlə əlaqələrin qurulmasında sosial medianın effektiv imkanları ilə də  tanış olublar.

Sonda təlim-konfransda uğur qazanmış iştirakçılara sertifikatlar verilib.

Günün ikinci yarısında təlim-konfrans iştirakçıları Milli Gimnastika Arenasına və "Bakı-2015" I Avropa Oyunlarının Mətbuat Kəndinə səfər ediblər. Burada iştirakçılar "Bakı-2015" I Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlərlə, bu oyunları işıqlandıracaq media işçiləri, həmçinin ölkəmizə gələcək idmançılar, xarici qonaqlar  üçün yaradılan şəraitlə tanış olublar. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov