Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Naxçıvan Dövlət Universitetində beynəlxalq konfrans keçirilib

 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universitetində "Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib. Türkiyə Cümhuriyyətindən Ərzurum Atatürk, Qars Qafqaz və İqdır universitetlərinin, Gürcüstandan Şota Rustaveli adına Batumi Dövlət Universitetinin də təmsil olunduğu beynəlxalq konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açıb. Rektor müasir dövrdə Azərbaycanda aparılan aqrar islahatların uğurlarından, bu sahədə dövlət strategiyasının düzgün müəyyənləşdirilməsindən, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inikişafına göstərilən dövlət qayğısından, görülən işlərdən danışıb. Qeyd olunub ki, ölkəmizdə "Kənd təsərrüfatı ili" elan olunan cari ildə qəbul edilmiş Dövlət Proqramlarının icrası və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması hesabına muxtar respublikada əkinçilik, heyvandarlıq, quşçuluq sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. İftixarla demək olar ki, muxtar respublika  istehsal  etdiyi  kənd  təsərrüfatı məhsullarının keyfiyyətinə görə istənilən ölkə ilə rəqabətə girə bilər. Rektor kənd təsərrüfatı məhsullarının ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ekoloji cəhətdən təmiz məhsulların əldə olunması və satışı istiqamətində qarşıda duran vəzifələrdən söz açaraq keçirilən beynəlxalq konfransın  mövcud  problemlərin  elmi  həllində  mühüm  rol  oynayacağını  vurğulayıb.

Sonra AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun "Naxçıvan Muxtar Respublikasında helmintozların qoyunçuluğa vurduğu iqtisadi zərər və onun qarşısının alınması yolları" ilə bağlı elmi məruzəsi dinlənilib. Məruzədə zərərvericilərin vurduğu iqtisadi zərərdən xilas olmaq, insanların qida vasitəsi ilə infeksion xəstəliklərə yoluxmasının qarşısını almaq üçün mövcud olan üsullardan, qoyunların helmintozlara yoluxmamaları üçün yonca sahələrinə antihelmint bitkilərin əkilməsinin əhəmiyyətindən bəhs olunub.

Böyütmək üçün seçinNaxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məruzə edərək regionda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı üçün əlverişli şərait yaradılmasından, əldə olunan nəticələrdən danışıb.

Konfransın plenar iclasında AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun "Azərbaycanın Xəzər sektorunun üzvi maddələr balansının müasir ekoloji vəziyyəti", Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti rəisi Əbil Əbilovun "Naxçıvanda baytarlığın müasir vəziyyəti" mövzularında məruzələri dinlənilib. Diskussiya şəklində keçən plenar iclas maraqlı elmi müzakirələrlə yekunlaşıb. Konfrans "Heyvandarlıq", "Bitkiçilik və kənd təsərrüfatının iqtisadiyyatı", "Ekologiya və ətraf mühit", "Meyvəçilik" üzrə bölmə iclasları ilə işini davam etdirib. Konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. Qonaqlar universitet kampusunu gəzib, müasir texnologiyalarla təchiz olunmuş universitet televiziyasında və digər struktur bölmələrdə olublar.

Növbəti gün konfrans iştirakçıları muxtar respublikanın heyvandarlıq komplekslərində, istilikxanalarda olublar. Təsərrüfatlarla tanışlıq zamanı qonaqlar ət və süd məhsulları istehsalı, heyvan xəstəliklərinə qarşı epizootik tədbirlərin aparılması, əkin sahələrində suvarılma və becərmə işləri  ilə maraqlanıblar.  

Mehriban SULTAN,
Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov