Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İ.M.Seçenov
adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı
filialının yaradılması haqqında sərəncam imzalayıb. Bu
gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universiteti dünyanın ali tibb təhsili verən ən nüfuzlu
təhsil müəssisələrindən biri kimi tanınır. Rusiyanın bu
qədim ali tibb ocağı ilə oxucularımızı daha yaxından
tanış etməyi məqsədəuyğun hesab edirik.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universiteti Rusiyanın təhsil sistemində özünəməxsuz
ənənələri olan nüfuzlu ali tibb təhsili
müəssisəsidir. Bu təhsil ocağı ölkənin ən qocaman və
ən böyük ali tibb məktəbi olmaqla Moskva İmperator
Universitetinin varisidir və öz başlanğıcını 1758-ci
ildən götürür. Bu ali məktəb dahi rus alimi
M.Lomonosov və qraf İ.Şuvalovun təklifi əsasında
təşəkkül tapıb. 1758-ci ildə ilk dəfə qraf
İ.Şuvalovun Leypsiq Universitetindən dəvət etdiyi kimya,
minerologiya və farmokologiya professoru İohan Xristian
Kerştenc tələbələrlə müntəzəm məşğələlər aparmağa
başlayıb.
Universitetin ilk tibb professorları o illərdə əsasən
əcnəbilər olub, yalnız XVIII əsrin 60-cı illərinin
ortalarında tibb fakültəsinə Moskva Dövlət
Universitetinin professorlarının imtahanlarından çıxmış
və tələbələri "tibb dərsi öyrətməyə və onları
praktikaya göndərməyə qabil" olan ilk rusiyalı gənc
alimlər gəlib. Professorlar S.Zıbelin, P.Veniaminov,
İ.Veç, F.Politkovskiy, F.Barsuk-Moiseyev "tibb
elmləri"nin Avropa universitetlərinin əksəriyyətində
qəbul olunmuş qaydalara müvafiq olaraq tədrisinin ilk
təşkilatçıları olublar. Moskva İmperator Universiteti
ilk dəfə 1792-ci ildə elmlər dərəcəsi təsis etmək hüququ
qazanıb, 1794-cü ildə F.Barsuk-Moiseyev tərəfindən
Rusiyada tibb sahəsində ilk dissertasiya işi müdafiə
olunub. XVIII əsrin ikinci yarısında tibb fakültəsi 3
kafedradan ibarət olub. Bu illər ərzində 36 məzun
hazırlanıb ki, onlardan da 26-sı tibb doktoru, 17-si
professor olub. Bu rəqəmlər o dövrün ölçülərinə görə
nə qədər cüzi olsa da, bu, professor-müəllim
kadrlarının varisliyindən xəbər verir ki, onsuz
istənilən ali tibb məktəbinin uğurlu fəaliyyəti mümkün
deyildir.
1804-cü
ildə "Moskva İmperator Universitetinin Nizamnaməsi"nin
qüvvəyə minməsi Rusiyada tibb təhsilinin təşəkkülündə
çox mühüm mərhələ olub. Nizamnamə tibb fakültələri
nəzdində klinik bazanın təşkili və onun tələbələrə
daxili xəstəliklər, cərrahiyyə və mamaçalıq peşələrinin
öyrədilməsində tətbiqini nəzərdə tuturdu. 1805-ci ildə
tibb fakültəsində Klinik İnstitut adı altında ilk
klinikalar açılıb. Xəstələr üzərində ilk cərrahiyyə
əməliyyatları aparan ilk professorlar F.Politkovskaya (terapevtik
klinika), F.Giltebrandt (cərrahiyyə) və V.Rixter
(mamaçalıq) olublar. Lakin tam surətdə klinik
tədrisin tətbiqinə başlanılması yalnız
XIX əsrin 20-ci illərinin sonlarında professor
M.Mudrovun sayəsində mümkün olub. 1812-ci il Vətən
müharibəsindən sonra tibb fakültəsinin bərpası və
genişlənməsi bu alimin adı ilə bağlıdır. XIX əsrin
40-60-cı illərində Moskva İmperator Universitetinin
professorlarının təşəbbüsü ilə ali tibb təhsilində
islahatlar aparılıb, nəticədə klinik təhsilin yeni
mərhələli sisteminə keçid, tələbələrin təhsil müddətinin
uzadılması, müstəqil surətdə patoloji anatomiya və
patoloji fiziologiya kafedralarının təşkili, yeni
klinik fakültələrin açılması mümkün olub. Bilavasitə
təcrübəli həkimlərin rəhbərliyi ilə ilk təcrübənin əldə
olunması tibb təhsilinin keyfiyyətinin yaxşılaşmasına
yol açıb. XIX əsrin ikinci yarısı isə Rusiyada klinik
tibb elminin çiçəklənməsi dövrü kimi xarakterizə olunur,
bu dövrdə tibb sahəsində təkcə ölkədə deyil, onun
hüdudlarından kənarda da tanınan istedadlı həkimlər
yetişməyə başlayıb. XIX əsrin 90-cı illərində Moskvada "Deviçiye
pole" adlanan ərazidə unikal universitet kompleksi
istifadəyə verilib və bu vaxta qədər fəaliyyət
göstərir. Tezliklə 13 bina inşa olunaraq, burada 9
elmi-tədris institutu, 710 yerlik 15 kliniki müəssisə
yerləşdirilib. Yeni klinik bazanın yaradılması
təşəbbüsü isə Moskva İmperator Universitetinin
professor və müəllimlərinə məxsus olub. 1930-cu ildə
həkim kadrların hazırlanması işi yenidən təşkil olunub.
Tibb fakültəsi Moskva Universitetinin tərkibindən
çıxarılaraq müstəqil ali məktəb kimi yenidən qurulub və
Birinci Moskva Tibb İnstitutu adlandırılıb.
1941-1943-cü illərdə müharibə dövründə Tibb İnstitutu
bütün professor-müəllim heyəti ilə Ufa şəhərinə
təxliyyə olunub. Ağır müharibə illərində belə təhsil
ocağı 2632 həkim yetişdirib.
1955-ci
ildə Birinci Moskva Tibb İnstitutuna İvan Mixayloviç
Seçenovun adı verilib. Dahi rus fizioloqunun adı Moskva
Universitetinin tibb fakültəsi ilə sıx bağlı olub.
1867-ci ildə Moskva Universitetini bitirən İ.Seçenov
1891-ci ildə artıq püxtələşmiş alim kimi təhsil ocağına
qayıdıb və fiziologiya kafedrasına rəhbərlik edib. Onun
səmərəli elmi-tədqiqatçılıq və pedaqoji fəaliyyəti
təkcə fiziologiyanın deyil, bütövlükdə tibb elminin
inkişafına böyük təsir göstərib. XX əsrdə Birinci
Moskva Tibb İnstitutu milli tibb təhsili sistemində
liderlik mövqeyini qoruyub. İnstitutun klinik bazası
getdikcə genişlənmiş, ali məktəbin ərazisində iri
klinika və elmi-nəzəri məktəblərin təşəkkülü prosesi
davam edib. 1990-cı ildə İ.Seçenov adına Birinci Moskva
Tibb İnstitutu adını dəyişərək Moskva Tibb Akademiyası
adlandırılıb.
XX əsrin 90-cı illərinin siyasi və iqtisadı
böhranlarına baxmayaraq təhsil ocağı özünün kadr
potensialını möhkəmləndirə bilib və ölkənin aparıcı ali
tibb məktəbi rolunu qoruyub. Akademiyanın professor və
müəllim heyəti tərəfindən ali tibbi təhsilin və
diplomdansonrakı təhsilin dövlət standartlarının
işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində
irimiqyaslı işlər görülüb. Akademiya nəzdində 6 yeni
fakültə fəaliyyətə başlayıb. Yeni Elmi-Tədqiqat Mərkəzi
inşa olunaraq istifadəyə verilib, döş cərrahiyyəsi,
molekulyar təbabət, ictimai sağlamlıq və səhiyyənin
idarə olunması kimi 3 yeni elmi-tədqiqat institutu
yaradılıb.
Universitet bu gün
2010-cu il iyulun 20-də İ.Seçenov adına Birinci Moskva
Tibb Akademiyasına universitet statusu verilib və adı
dəyişdirilərək İ.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universiteti (BMDTU) kimi fəaliyyətini davam
etdirib. 2013-cü ildə bu ali təhsil ocağı 255 illik
yubileyini qeyd edib. 2010-cu ildən ali məktəbin
rektoru Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü,
tibb elmləri doktoru, professor Pyotr Qlıboçkodur. Onun
gəlişi ilə Klinik mərkəz yenidən qurulub, tərkibində
müxtəlif profilli klinikalar olan 7 universitet
xəstəxanası yaradılıb. Təhsil prosesinə yeni ixtisaslar
daxil edilib: biotexnologiya, biomühəndislik və
bioinformatika, kliniki psixologiya, pediatriya, sosial
iş, iqtisadiyyat və səhiyyə müəssisələrinin idarə
olunması. 2011-ci ildə sosial təbabət, tibbi sığorta
və səhiyyənin iqtisadiyyatı elmi-tədqiqat institutları,
əlavə peşə təhsili institutu, "Gələcəyin tibbi"
innovativ təhsil proqramları mərkəzi yaradılıb. BMDTU
bu gün tibb və əczaçı kadrların hazırlanması,
attestasiyası və ixtisasartırması üzrə ən iri
elmi-tədris kompleksidir. Tədris prosesi fundamental
axtarış və tətbiqi elmi tədqiqatlar, əhaliyə yüksək
səviyyəli tibbi yardımın göstərilməsi, tibb və əczaçılıq
elminin nailiyyətlərinin təbliği ilə sıx bağlıdır.
Universitet Rusiyanın tibb və əczaçılıq üzrə ali
məktəblərinin tədris -metodik birliyinə rəhbərlik edir.
Birinci Moskva Dövlət Tibb Universitetinin tərkibinə
11 mərkəzi klinik-diaqnostik laboratotiya, 3 min yerlik
7 universitet klinik xəstəxanasını, 7 şüa diaqnostika
bölməsini özündə cəmləşdirən, il ərzində 50 min
xəstəyə stasionar və 300 min nəfərə ambulator xidmət
göstərə bilən 16 klinikalararası müalicə-diaqnostik
xidmət, tələbələr və əməkdaşlar üçün poliklinikanın
olduğu klinik mərkəz daxildir. Universitetdə mərkəzi
tibbi elmi kitabxana, Tibb Tarixi Muzeyi, stadion,
könüllülər mərkəzi, nəşriyyat, 3 tələbə yataqxanası
fəaliyyət göstərir. Elmi-tədqiqat mərkəzində 40
laboratoriya, 7 elmi-tədqiqat institutu - molekulyar
təbabət, ftizopulmonologiya, farmakologiya, ictimai
səhiyyə və səhiyyənin idarə olunması, E.İ.Marsinovski
adına tibbi parazitologiya və tropik təbabət, insanın
reproduktiv sağlamlığı və uronefrologiya, tibbi
sosiologiya, səhiyyənin iqtisadiyyatı və sosial
təbabətin tibbi sığortası kimi elmi-tədqiqat
institutları fəaliyyət göstərir.
Tədrisin təşkili
Birinci Moskva Dövlət Tibb Universitetinin operativ
idarəçiliyində ümumi sahəsi 360 min kvadratmetr olan 19
bina var. Universitetin ərazisində 20 tədris-müalicə
korpusu yerləşir. Universitetdə Rusiya və xarici
ölkələrdən 15000 tələbə təhsil alır. Nizamnaməyə
müvafiq olaraq universitetin strukturuna müalicə,
tibbi-profilaktik, farmasevtiv, stomatologiya, ali tibb
bacısı təhsili və psixo-sosial iş, eləcə də həkimlərin
ali məktəbdənsonrakı və ali məktəbəqədərki peşəkar
təhsili, səhiyyənin iqtisadiyyatı və idarəolunması,
pediatriya kimi 10 fakültə daxildir. İnternatura,
klinik ordinatura və aspirantura çərçivəsində təhsil
bütün klinik ixtisaslar üzrə hər il 3 mindən artıq
tələbəni əhatə edir. İxtisaslaşdırılmış 12 şura
iclaslarında hər il 30-a qədər doktorluq və 100
namizədlik dissertasiyaları müdafiə olunur. Tədris ili
ərzində 13000 dinləyici ixtisasartırma və
yenidənhazırlanma kurslarında əlavə təhsil alır.
Tələbələrin təhsil müddəti 4 ildən 6 ilə,
diplomdansonrakı təhsil müddəti isə 72 saatdan 1500
saata qədərdir. Ölkənin tibb müəssisələri arasında ilk
dəfə bu universitetdə ali tibb bacısı təhsili fakültəsi
açılıb. Universitetin fakültələrində 160 kafedra və
kurslar var ki, onlarda 2 min yüksəkixtisaslı
mütəxəssis çalışır. Elmlər doktoru və elmlər namizədi
elmi dərəcəsinə malik müəllimlər 86,5 faz (600 elmlər
doktoru və 1000 elmlər namizədi) təşkil edir.
Universitetin alimlərindən 100 nəfəri akademik, Rusiya
Tibb Elmləri Akademiyası, Rusiya Elmlər Akademiyası,
Rusiya Təhsil Akademiyasının müxbir üzvləridir.
Müəllimlərdən 60 nəfər Rusiya Federasiyasının əməkdar
elm xadimi, 56 nəfər əməkdar həkim və əməkdar səhiyyə
işçisi, 44 nəfər əməkdar ali məktəb işçisi, 88 nəfər
Dövlət və digər mükafatlar laureatıdır, 191 əməkdaş
beynəlxalq akademiyaların üzvüdür.
Universitetin təhsil, elmi-tədqiqat və müalicə işi üzrə
fəaliyyətinə ümumi rəhbərlik 180 nəfərdən ibarət Elmi
Şura tərəfindən həyata keçirilir. Elmi Şura
universitetin kollektivi tərəfindən professor-müəllim
heyəti və tələbələr arasından 5 il müddətinə seçilir.
Elmi Şura universitetin fəaliyyətini nizamlayan lokal
aktlar və nizamnaməni qəbul edir. Elmi Şuranın hər ay
keçirilən iclaslarında kollektivin həyatının mühüm
məsələləri müzakirə olunur.
Klinikalarda və klinikalararası bölmələrdə xəstələrin
müalicəsinin yeni diaqnostika metodlarının işlənib
hazırlanması və həyata keçirilməsi, dərman
preparatlarının, tibbi texnikanın sınaqdan keçirilməsi
üzrə elmi-tədqiqatlar aparılır. Universitetin
klinikaları özünün yüksəkixtisalı mütəxəssislər heyəti,
geniş rentgendiaqnostik spektri, eləcə də angioqrafiya
və kompüter-tomoqraf tədqiqatları, güclü laborator və
funksional diaqnostika xidməti, endoskopik və ultrasəs
diaqnostika, tibbi genetik şöbələri ilə elmi
tədqiqatların aparılması, müasir tibb
texnologiyalarının, səhiyyə praktikasında yeni iş
metodları və üsullarının tətbiqi üçün geniş imkanlara
malikdir.
Azərbaycanlı alim və tələbələri
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin (BMDTU) şüa diaqnostika kafedrasının
doktorantı, tibb elmləri namizədi Samir Əliyevdən
aldığımız məlumata əsasən, Rusiyanın ən nüfuzlu tibb
təhsili ocağında hazırda 400-ə yaxın azərbaycanlı tələbə
təhsil alır. Tələbələrimiz ən çox müalicə işi,
stomatologiya, pediatriya, əczaçılıq ixtisaslarında
oxuyurlar. 10 nəfər aspirantura, 1 nəfər isə
doktorantura pilləsində təhsil alır. Universitetdə
elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı
alimlər də var. Azərbaycanlı alimlərdən Qan Mərkəzinin
müdiri, professor Əliheydər Rəhimovun, Uşaq
stomatologiya və ortodontiya kafedrasının müdiri,
professor Adil Məmmədovun, Allergologiya və kliniki
immunologiya kafedrasının müdiri, Rusiya Elmlər
Akademiyasının müxbir üzvü Leyla Namazova - Baranovanın,
Kliniki transfuziologiya şöbəsinin müdiri, professor
İmnarə Bayraməlibəylinin, 1 nömrəli hospital-cərrahiyyə
kafedrasının professoru Abdulla Abdullayevin, Mamalıq,
ginekologiya, perinatologiya və reproduktologiya
kafedrasının professoru Səfər Həmidovun, Normal
fiziologiya kafedrasının müəllimi Kima Abdullayevanın
adlarını çəkmək olar.
"Bakı-2015" Birinci Avropa Oyunlarına
dəstək aksiyası
İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetində
Azərbaycanlı Gənclər Klubu fəaliyyət göstərir.
Tələbələrimiz Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının (RAGT) dəstəyi ilə hər il
keçirilən "Qanın milliyyəti yoxdur", "Sağlamlığına əmin
ol, xəstəliyə yox de!" adlı xeyriyyə aksiyalarında və
digər tədbirlərdə fəal iştirak edirlər. Yüzlərlə
azərbaycanlı tələbə hemofiliya, talassemiya və digər qan
xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə
aksiyasında iştirak edirlər.
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları ilə
ələqadar BMDTU-də bir sıra tədbirlər keçirilib.
"Bakı-2015" Birinci Avropa Oyunlarına dəstək məqsədilə
RAGT-nın dəstəyi ilə Moskvada keçirilən Universiada
çərçivəsində universitetin idman zalında təşkil olunan
voleybol yarışında Moskva ali məktəblərini təmsil edən
14 komanda mübarizə aparıb. Yarışın açılışında çıxış
edənlər ilk Avropa Oyunlarına hazırlığın gedişindən,
Rusiya idmançılarının bu mötəbər idman tədbirinə ciddi
hazırlaşmalarından danışıblar. Aprelin 25-də start
götürən universiadada voleybol, basketbol, stolüstü
tennis, qaçış və mini-futbol yarışları keçirilib. İdman
yarışması mayın 10-da "Lujniki" stadionunda mini-futbol
üzrə Heydər Əliyev Kuboku uğrunda turnirlə başa çatıb.
Bütün yarışların qaliblərinə mükafatlar təqdim olunub.
Məşhur məzunları
Birinci Moskva Dövlət Tibb Universitetinin məşhur
məzunları arasında Azərbaycanın birinci xanımı, Milli
Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın, akademik A.Myasnikov adına
Klinik Kardiologiya İnstitutunun ürək-damar cərrahiyyəsi
şöbəsinin rəhbəri, akademik Renat Akçurinin, Rusiyanın
baş kardioloqu, sovet və rus kardiocərrahı, Rusiya Tibb
Elmləri Akademiyasının akademiki, Rusiya Səhiyyə
Nazirliyinin baş kardiocərrahı, A.Bakulev adına
Ürək-Damar Xəstəlikləri Elmi Mərkəzinin direktoru,
akademik Leo Bokeriyanın, rus fizioloqu, fiziologiya
məktəbinin banisi, Rusiya İmperator Akademiyasının fəxri
üzvü İvan Seçenovun, sovet və rus nefrologiya elminin
banisi, akademik E.Tareyevin, dünya ədəbiyyatının
klassiki, dramaturq, yazıçı Anton Çexovun,
azərbaycanlı həkim, jurnalist, ictimai və siyasi xadim,
ADR hökumətində parlament sədrinin müavini olmuş Həsən
Məşədi Hüseyn oğlu Ağayevin və b. adlarını çəkmək olar.
Fəxri professorları
Qeyd edək ki, öz fəaliyyətləri ilə təhsil ocağının
dinamik inkişafına və beynəlxalq aləmdə tanınmasına
töhfə verən xidmətlərinə görə görkəmli təhsil, səhiyyə,
ictimai-siyasi xadimlərə, müxtəlif təşkilatların nüfuzlu
rəhbərlərinə universitetin Elmi Şurasının qərarı ilə
BMDTU-nun Fəxri professoru adı verilir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva 1988-ci ildə bu
ali məktəbi əla qiymətlərlə bitirib. 2012-ci ildə isə
dünyaşöhrətli İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin Fəxri professoru adına layiq
görülüb. Universitetin rəhbərliyi Mehriban Əliyevanın
xüsusi xidmətlərini yüksək qiymətləndirərək səhiyyə,
ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı
qlobal problemlərin həllinə sanballı töhfəsinə görə ona
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin Fəxri professoru adı verilməsi haqqında
qərar qəbul edib: "Bizim üçün xüsusilə əhəmiyyətli və
xoşdur ki, ali məktəbimizin məzunu olan xanım Mehriban
Əliyeva öz fəaliyyəti ilə İ.M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetini beynəlxalq miqyasda
tanıdır və onun nüfuzunu artırır". 2012-ci il aprelin
13-də Mehriban Əliyevaya "İ.M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru"
Diplomu və Xatirə nişanı təqdim edilib. Təntənəli
təqdimat mərasimi Azərbaycanın birinci xanımının məzunu
olduğu BMDTU-da yerləşən Tibb Tarixi Muzeyinin binasında
keçirilib. BMDTU-nun rektoru, Rusiya Tibb Elmləri
Akademiyasının müxbir üzvü, professor Pyotr Qlıboçko
qeyd edib ki, universiteti 1988-ci ildə əla qiymətlərlə
bitirmiş Mehriban Əliyeva ali məktəbin fəxridir və çox
sevindirici haldır ki, o, bu gün də doğma elm ocağını
unutmur, universitetlə əlaqə saxlayır, onun
problemlərinə böyük diqqətlə yanaşır.
Qeyd edək ki, tibb aləmində böyük nüfuz sahibi olan alim
və ictimai xadim məzunları ilə beynəlxalq miqyasda
tanınan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin Fəxri professoru adına bu vaxtadək
yalnız 6 nəfər - dünya şöhrətli kardioloq, Rusiya
Elmlər Akademiyasının akademiki Yevgeni Çazov və dünya
şöhrətli ürək cərrahı, Rusiya Elmlər Akademiyasının
akademiki Leo Bokeriya, tibb və fiziologiya sahəsində
Nobel mükafatı laureatı avstraliyalı professor Barri
Ceyms Marşall, ABŞ-ın Florida ştatındakı Klivlend
klinikasının rəhbəri, professor Stiven Veksner, Çinin
Xarbin Universitetinin rektoru, professor Yan Baofen
layiq görülüblər.
Beynəlxalq nüfuzu
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universiteti dünyanın tibb təhsili verən ali məktəbləri
arasında xüsusi yer tutur. 1989-cu ildə elmi və
tədris-metodik potensialının hərtərəfli təhlili əsasında
UNESCO dünyanın ali tibb məktəblərinin reytinq
cədvəlini tərtib edib. Əlamətdar haldır ki, Birinci
Moskva Dövlət Tibb Universiteti sıralamada yalnız Paris
Sorbonn Universitetindən sonra ikinci yeri tutub.
2014-cü ildə "Ekspert RA" agentliyi tərəfindən ali
məktəb "C" reytinq sinfi əldə edib ki, bu da
məzunların hazırlanmasında "yüksək səviyyə" deməkdir.
Qeyd olunmalıdır ki, BMDTU Rusiya və MDB-nin ali tibb
məktəbləri arasında ən yüksək nəticə göstərib.
Universitet digər ölkələrin ali tibb məktəbləri ilə
əməkdaşlıq edir. BMDTU Beynəlxalq Universitetlər
Assosiasiyasının üzvüdür. Birbaşa müqavilələr və
razılaşmalar əsasında universitet ABŞ, Almaniya, Norveç,
Niderland və digər ölkələrin ali məktəbləri ilə
əməkdaşlıq edir. Universitet hər il 300 əməkdaşını
xaricə elmi ezamiyyətə göndərir, xarici ölkələrdən
100-ə yaxın mütəxəssis qəbul edir, fəal surətdə tələbə
mübadiləsi aparır. Müxtəlif beynəlxalq təşkilatlarla
tərəfdaşlıq edən universitetin bir sıra əməkdaşları
Dünya Səhiyyə Təşkilatının ekspertləridir. Dünyanın
aparıcı alimləri mühazirə oxumaq üçün universitetə
gəlirlər. 2012-ci ildə universitetdə tibb və
fiziologiya sahəsində Nobel mükafatı laureatı,
avstraliyalı həkim Barri Ceyms Marşallın mühazirələri
təşkil olunub.
Birinci Moskva Dövlət Tibb Universitetinin şüarı latınca
"Primus inter pares"dır. Latıncadan tərcümədə
"Bərabərlər arasında birinci" anlamını verən bu söz
universitetin indiki statusuna tam uyğundur. Belə ki,
Rusiyanın digər ali tibb məktəblərinin əksəriyyətinin
əsası BMDTU-nun məzunları tərəfindən qoyulub.
Birinci Moskva Dövlət Tibb Universiteti bugünkü müasir
informasiya texnologiyaları və yeni təhsil standartları
şəraitində də öz uğurlu fəaliyyətini davam
etdirməkdədir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az |