Mayın
18-də Azərbaycan Dillər Universitetində (ADU)
universitetin rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidovun bu ilin 6 aprel tarixində
imzaladığı əmrə əsasən imtahanların açıq və şəffaf
keçirilməsini təmin etmək məqsədi ilə tələbələrin
valideynləri, o cümlədən QHT üzvləri, ictimai təşkilat
nümayəndələri universitetdə imtahanların gedişini
izlədilər. İzləmə prosesində Korrupsiyaya Qarşı Mübarizə
üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin
koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı
Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov,
Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd
Abbasbəyli, Hüquq və İnkişaf İctimai Birliyinin sədri
Hafiz Həsənov iştirak edirdi.
Pedaqoji (ingilis dili- alman dili), regionşünaslıq və
beynəlxalq münasibətlər fakültələrində keçirilən
imtahaların izlənmə prosesində iştirak edən Korrupsiyaya
Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq
Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev təmsil etdiyi
təşkilatın fəaliyyət istiqamətləri haqqında tələbələrə
məlumat verdi. İmtahan sualları ilə maraqlanan
koordinator aparılan monitorinqlərin obyektivliyə xidmət
etdiyini vurğuladı. Ə.Nuriyev tələbələrin imtahanla
bağlı hər hansı bir problemlərinin olub-olması ilə
maraqlandı, monitorinqlərin aparılması üçün yaradılan
şəraitə görə universitetin rektoru, professor
S.Seyidova təşəkkürünü bildirdi.
İmtahanların yüksək səviyyədə keçdiyini və bütün lazımi
şəraitin yaradıldığını bildirən tələbələr eyni zamanda
imtahanla bağlı öz təkliflərini səsləndirdilər.
ADU İctimaiyyətlə Əlaqələr Departamenti |