Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

İdarəetmə Sistemləri İnstitutunun 50 illik yubileyinə həsr olunan yığıncaq keçirilib

 

Böyütmək üçün seçin Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun 50 illik yubileyinə həsr olunmuş  yığıncaq keçirilib.

İnformasiya Texnologiyaları İnstitutunun akt  zalında keçirilən tədbiri AMEA-nın prezidenti, akademik Akif  Əlizadə açaraq İdarəetmə Sistemləri İnstitutunun keçdiyi tarixi, eyni zamanda şərəfli yoldan danışıb.  Qeyd olunub ki, institut fəaliyyət göstərdiyi  müddətdə texnoloji proseslərin riyazi modelləşdirilməsi, idarəetmə, informasiya-telekommunikasiya sistemlərinin nəzəri, tətbiqi problemlərinin həlli, ölkə iqtisadiyyatının müxtəlif sahələrində real nəzarət və idarəetmə sistemlərinin yaradılması istiqamətində akademiyanın aparıcı elmi-tədqiqat müəssisələrindən biri kimi nüfuz qazanıb.

AMEA-nın prezidenti İdarəetmə Sistemləri İnstitutunun mövcudluğunun  ulu öndər  Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. İnstitutun elmi və elmi-təşkilati fəaliyyətində ciddi dəyişikliklərin müstəqillik illərinə təsadüf etdiyini diqqətə çatdıran  alim  elmimizin dünya elmi mühitinə inteqrasiyası zərurətinin nəticəsi kimi, İdarəetmə Sistemləri İnstitutunun müasir elmin aktual istiqamətlərini əhatə etmək məqsədilə müxtəlif problemlər üzrə öz fəaliyyətini genişləndirdiyini deyib. Qeyd olunub ki,  fəaliyyətini ölkəmizin inkişaf konsepsiyasına və yeni prioritet elmi istiqamətlərə uyğunlaşdırmaq məqsədi ilə Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarı ilə Kibernetika İnstitutunun  adı dəyişdirilərək İdarəetmə Sistemləri İnstitutu adlandırılıb.

 50 illik yubileyi qeyd olunan İdarəetmə Sistemləri İnstitutunun həmçinin Azərbaycanda informatika elminin təşəkkülü və bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz rol oynadığını deyən akademiyanın rəhbəri çıxışının sonunda institutun əməkdaşlarını təbrik edərək onlara elmi nailiyyətlər arzulayıb.

Sonra AMEA  İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin  "İdarəetmə Sistemləri İnstitutunun yaranması və inkişaf mərhələləri" adlı məruzəsi dinlənilib.

Rəhbərlik etdiyi institutun 1965-ci ildən təsis edildiyini deyən  akademik  burada görülən işlərdən danışıb. Bildirilib ki, hazırda institutun 4 şöbəsində 25 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.  İnstitutda AMEA-nın 4 həqiqi üzvü, 3 müxbir üzvü, 20 elmlər doktoru, 70 fəlsəfə doktoru və elmi tədqiqatların tətbiqi ilə məşğul olan təcrübəli elmi işçilər çalışır. Son 10 ildə institut tərəfindən 177 iş respublikanın müxtəlif sahələrində tətbiq edilib, 3089 elmi əsər, (1363-ü xaricdə), 69 monoqrafiya (30-u xaricdə) çap olunub, 39 qrant, 3 beynəlxalq, 14 Avrasiya, 14 Azərbaycan Respublikasının patenti alınıb.

 Strateji əhəmiyyətli və elmtutumlu problemlərin araşdırılmasına həsr edilmiş elmi-tədqiqatların yüksək nəzəri səviyyədə yerinə yetirilməsinin rəhbərlik etdiyi  elm müəssisəsinin əsas hədəflərindən olduğunu deyən direktor institutun qarşısında duran vəzifələrdən də söz açıb. 

Çıxış üçün söz alan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova, AMEA-nın akademik katibi, AMEA  İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və  başqaları  yubilyar institutun uğurlu elmi fəaliyyətindən, Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar.

Sonra İdarəetmə Sistemləri İnstitutunun keçdiyi 50 illik tarixi yola həsr edilmiş videofilm nümayiş olunub.

 Tədbirdə iştirak edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Nikolay Filimonov, Sankt-Peterburq Arktika Akademiyasının prezidenti Valeriy Mitko, Atom Enerjisi üzrə Beynəlxalq  Agentliyin  (MAQATE) proqram təminatı şöbəsinin rəhbəri Bəxtiyar Siracov, Türkiyənin İzmir şəhərindəki Dokuz Eylül Universitetinin dekanı  Əfəndi Nəsibov  İdarəetmə Sistemləri İnstitutunun rəhbərliyi başda olmaqla bütün əməkdaşlarını yubiley münasibəti ilə təbrik edərək onlara yeni-yeni elmi uğurlar arzulayıblar. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
Foto Rəşad Ramazanoğlu

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov