Mayın
20-də Təhsil Nazirliyinin "Edumedia Azərbaycan"
təşkilatı ilə birgə təşkil etdiyi "Promethean interaktiv
lövhələrinin tədrisdə tətbiqi" müsabiqəsinin
qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov,
"Edumedia Azərbaycan" təşkilatının direktoru Orxan
Əzizov, ali və ümumi təhsil məktəblərinin rəhbərləri
iştirak ediblər.
Mərasimdə Bakının Binəqədi rayonundakı binada baş vermiş
yanğın nəticəsində həlak olan insanların xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun
Bayramov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd
müasir informasiya-kommunikasiya texnologiyalarının
təhsildə istifadəsini genişləndirməkdən ibarətdir. Nazir
müavini təhsil sistemində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinə böyük diqqət yetirildiyini
vurğulayıb. Azərbaycanda təhsil sisteminin
informasiyalaşdırılmasına dair Dövlət Proqramının
hazırlanması istiqamətində işlərin davam etdiyini
bildirən C.Bayramov son bir ildə 60 elektron dərslik,
120-yə yaxın videodərs hazırlandığını qeyd edib.
"Promethean" şirkətinin Mərkəzi Asiya üzrə regional
meneceri Con Makdermot layihə barədə tədbir
iştirakçılarına məlumat verib.
Müsabiqə I-IV siniflər üçün hazırlanmış ən yaxşı resurs,
V-XI siniflər üçün hazırlanmış ən yaxşı resurs və ən
yaxşı təlimçi işi nominasiyaları üzrə keçirilib.
İştirakçıların əsas vəzifəsi məktəb kursunun bir və ya
bir neçə mövzusunu əhatə edən, "Activinspire"
proqramının köməkliyi ilə hazırlanmış elektron
materiallardan ibarət və metodiki şərhlərlə
əsaslandırılan didaktik material təqdim etmək idi.
Müsabiqə dövründə 200-dən artıq resurs qəbul olunub və
onlar arasından qaliblər seçilib.
Çıxışlardan sonra qaliblərə mükafatlar təqdim olunub.
Onlara diplomla yanaşı, Böyük Britaniyanın "Promethean"
şirkətinin məhsulları olan "Promethean ActivExpression",
"Promethean ActivView" və "Promethean ActivSlate"
avadanlıqları verilib.
"ActivExpression" vasitəsilə şagirdlər müəllimin verdiyi
sualları cavablandırır, müəllim isə nəticələri elektron
lövhənin ekranında müşahidə edir. "ActivView" kameranın
qarşısında yerləşdirilən hər hansı obyektin təsvirini
elektron lövhədə nümayiş etdirir. "ActivSlate"
vasitəsilə müəllim uzaq məsafədən belə elektron lövhə
üzərində əməliyyat apara və qeydlər edə bilər.
Qeyd edək ki, Təhsil Nazirliyi ölkənin 640-dan çox ümumi
təhsil məktəbinə belə elektron lövhələr verib. Bundan
əlavə, elektron lövhədən istifadənin effektivliyinin
artırılması məqsədilə ümumi təhsil məktəblərindən
4300-dən çox müəllimə təlim keçirilib.
Bu lövhələrin əsas üstünlükləri minlərlə elektron
dərsliklərə çıxış imkanı, iki istifadəçinin eyni zamanda
işləməsinə şərait yaratması, müxtəlif əməliyyat
sistemləri ilə işləmə qabiliyyətidir. |