Mayın
19-də Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə
paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində təhsil nazirinin müavini
Firudin Qurbanov Monteneqro Respublikasının elm naziri
Sanya Vlahovicin başçılıq etdiyi nümayəndə heyəti
ilə görüşdü.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparılan görüşdə çıxış edən Monteneqro
Respublikasının elm naziri Sanya Vlahovic son illər
respublikamızın bir çox beynəlxalq yarışlara ev
sahibliyi etdiyini və bunun əhəmiyyətli olduğunu
bildirdi. Monteneqronun elm və təhsil sistemi haqqında
ətraflı məlumat verən qonaq bu sahədə iki ölkə arasında
əməkdaşlığın vacibliyindən söz açdı.
Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin
Qurbanov qonaqları salamlayaraq görüşün əhəmiyyətindən
danışdı. Ölkəmizin zəngin təbiətə və mədəniyyətə malik
olduğunu bildirən nazir müavini Monteneqro Respublikası
ilə təhsil sahəsində əməkdaşlıq müqaviləsi imzalandığını
qeyd etdi. İki ölkənin təhsil müəssisələri arasında
birbaşa əlaqələrin olmasını, təhsil və elm sahəsində
əlaqələrin daha da genişlənməsinin tərəfdarı olduğunu
diqqətə çatdırdı.
Nazir müavini bildirdi ki, münaqişələrin aradan
qaldırılması, mədəniyyətlərarası dialoqun bərpa
olunmasında təhsilin rolu daim nəzərə alınmalı, bu
sahədə həlledici amil məhz təhsil olmalıdır. Təcrübə
göstərir ki, təhsilin inkişafı cəmiyyətdə siyasi, sosial
sabitliyin təmin edilməsində, mədəniyyətlərarası
dialoqun inkişafında mühüm rol oynayır. Təhsilli
insanlar siyasi həyatda daha sağlam, daha konstruktiv
movqe tutur, asanlıqla konsensus əldə etməklə
münaqişələri daha asan həll edirlər. Təhsilsiz və ya
aşağı təhsilli insanlar isə asanlıqla ayrı-ayrı qrup
maraqlarının alətinə çevrilirlər. Təsadüfi deyildir ki,
Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq,
bəşəri və mədəni dəyərlərə hörmət aşılanması əsas yer
tutur. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin, insan
hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün
prioritet kimi qəbul olunması təhsil sahəsində dövlət
siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilmişdir.
Azərbaycan dövləti irqindən, dilindən, dinindən,
milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil
almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol
verilməməsinə təminat verir.
Görüşün sonunda qonağa Təhsil Nazirliyi adından xalça
təqdim olundu.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |