19-22 may tarixlərində Koreya
Respublikasının İnçon şəhərində Dünya Təhsil Forumu
keçirilib
Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarovun
rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
iştirak etmək məqsədilə Koreya Respublikasının İnçon
şəhərinə səfər edib.
Bundan əvvəl, 2000-ci ilin dekabrında keçirilmiş Dünya
Təhsil Forumunda "Minilliyin İnkişaf Məqsədləri"
müzakirə olunub və "Hamı üçün təhsil" sənədi qəbul
edilib. 2015-ci ildə "Minilliyin İnkişaf Məqsədləri"nin
icra müddəti başa çatır və bu sahədə yeni bir sənədin
qəbul olunması nəzərdə tutulur. Bununla əlaqədar YUNESKO
və Koreya Respublikasının birgə təşkilatçılığı ilə 19-22
may tarixlərində keçirilən Dünya Təhsil Forumunda
2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində
"Davamlı İnkişaf Məqsədləri" müzakirə edilib.
Mayın 19-da Azərbaycan Respublikasının nümayəndə heyəti
forumun açılış mərasimində iştirak edib.
Açılış mərasimində BMT-nin baş katibi Pan Gi Mun,
YUNESKO-nun Baş direktoru İrina Bokova, Koreya
Respublikasının Prezidenti Pak Kın He, Dünya Bankının
prezidenti Cim Yen Kim, YUNİSEF-in icraçı direktoru
Antoni Leyk, BMT Qadın təşkilatının icraçı direktoru
Fumzile Mlambo-Ngcuka, YUNESKO-nun ibtidai və ali təhsil
üzrə xüsusi elçisi Şeyxa Moza bint Nasir və 2014-cü ilin
Nobel mükafatı qalibi Kailaş Satyarti çıxış ediblər.
Mayın
20-də forumun 1-ci sessiyasında çıxış edən təhsil naziri
Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi və qayğısı ilə ölkəmizdə
həyata keçirilən təhsil islahatları və bu çərçivədə
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın icrası barədə məlumat verib.
Təhsil naziri M.Cabbarovun Koreya Respublikası baş
nazirinin müavini, təhsil naziri Hvanq Voo-yea ilə
görüşü zamanı iki ölkə arasında münasibətlərin yüksələn
xətlə inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin
qarşılıqlı əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət
verdiyi, ölkələrimizin təhsil sahəsində əməkdaşlığın
inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb və
gələcək əməkdaşlıq perspektivləri barədə fikir
mübadiləsi aparılıb.
Sonra Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Koreya Respublikasının ali təhsil
müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə
görüşüb.
Görüş zamanı tələbələrin təhsil prosesi ilə maraqlanan
təhsil naziri onların xaricdə əldə etdikləri bilik və
bacarıqların böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Nazir Dövlət Proqramı çərçivəsində tələbələrin xaricdə
təhsilinin maliyyələşdirilməsinin ölkəmizin gələcəyinə
yönəlmiş investisiya olması və bu səbəbdən onların məzun
olduqdan sonra Azərbaycana dönərək öz sahələri üzrə
çalışmasının və ölkəmizin gələcək iqtisadi inkişafına
layiqli töhfələr verməsinin əhəmiyyəti barədə söhbət
açıb.
Təhsil nazirinin Koreyanın İqtisadi İnkişaf Əməkdaşlıq
Fondunun Baş direktoru Kim Tae-soo ilə görüşündə 2014-cü
ilin 11 aprel tarixində Bakıda imzalanmış Azərbaycan
Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı
arasında kredit sazişi çərçivəsində Peşə Tədrisi
Mərkəzinin yaradılması layihəsi ilə bağlı ətraflı fikir
mübadiləsi aparılıb.
Hankuk Xarici Dillər Universitetinin prezidenti Kim İn
Çul ilə görüşdə isə bu ali təhsil müəssisəsində
Azərbaycan dilinin tədris olunması və bu prosesə
azərbaycanlı professorun cəlb olunması təqdirəlayiq hal
kimi qiymətləndirilib.
Mikayıl Cabbarov həmçinin Koreya Təhsilin İnkişafı
İnstitutu (KEDİ), Peşə Təhsili və Təlimi üzrə Koreya
Tədqiqat İnstitutu (KRİVET) və Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyinin (KOİCA) prezidentləri ilə
ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Koreya
Respublikasının təhsil sahəsində təcrübəsinin
öyrənilməsi, ölkələrimiz arasında hazırda həyata
keçirilən layihələr və qarşılıqlı əməkdaşlığın gələcək
inkişaf perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində işçi qaydada əlavə bir sıra görüşlər
də keçirilib.
www.edu.gov.az |