Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 2015-ci il 30 aprel tarixli qərarı ilə 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib.

Ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq, 39497 yer (onlardan 11799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.

Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb, həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb.

Özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6,1 faiz artırılaraq, 6549 yer planlaşdırılıb. Bakı Asiya Universitetinin müraciətini nəzərə alaraq, bu ali təhsil müəssisəsinə qəbul planlaşdırılmayıb. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutunun müraciətinə əsasən, Qazax və Zaqatala filiallarına da bu il qəbul aparılmayacaqdır.

Müzakirələr zamanı komissiyanın üzvləri Təhsil Nazirliyinin təklifini qəbul edərək, Geologiya (300 bal), Kompüter elmləri (300 bal), Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (250 bal), İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (250 bal), İnşaat mühəndisliyi (250 bal), Nəqliyyat tikintisi mühəndisliyi (250 bal) ixtisasları üzrə müsabiqəyə ümumi balı yuxarıda qeyd olunan baldan aşağı olmayan abituriyentlərin buraxılmasını qərara alıb. Növbəti illərdə belə ixtisasların siyahısı daha da artacaqdır.

Ali  təhsil  müəssisələrində bakalavr buraxılışı olmayan ixtisaslar üzrə magistraturaya  plan  yerləri  ayrılmayıb,  magistraturaya  qəbul  planı  əvvəlki  tədris  ilinə  nisbətən  167  yer  artırılaraq, 6492 yer (onlardan 2522 dövlət  sifarişli)  nəzərdə  tutulub.

Orta ixtisas təhsili müəssisələrinə qəbul planı 15061 yer müəyyən olunub.

Komissiyanın iclasında növbəti ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən sınaq imtahanlarının nəticələrinin Təhsil Nazirliyinə əvvəlcədən təqdim edilməsi, bunun əsasında növbəti pillədə təhsilini davam etdirəcək təhsilalanların proqnozunun müəyyənləşdirilməsi və tələbə qəbulu planlarının tərtib olunması, həmçinin, qəbul imtahanlarının nəticələrinin təhlilinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyi ilə birgə aparması və ictimaiyyətə açıqlanması məsələləri müzakirə olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov