Bakıda YUNESKO-nun Assosiativ Məktəblər şəbəkəsinə üzv
olan Azərbaycan və Rusiya məktəb direktorlarının
"Sivilizasiyaların dialoqu və mədəniyyətlərarası
əməkdaşlıq" mövzusunda regional seminarı keçirilib.
İkigünlük seminarın işində YUNESKO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının nümayəndəsi Dmitri
Panin, həmçinin Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin nümayəndələri, rusiyalı mütəxəssislər,
Bakı və Sumqayıtdakı 11 assosiativ məktəbin nümayəndəsi,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun əməkdaşları iştirak
ediblər.
Tədbirdə yerli və əcnəbi mütəxəssislərin çıxışları
dinlənilib, təqdimatlar ətrafında müzakirələr aparılıb,
birgə layihələrin həyata keçirilməsi yolları təklif
edilib.
Moskva nümayəndə heyətinin rəhbəri Yuri Qoryaçev Moskva
Açıq Təhsil İnstitutunun YUNESKO kafedrasının Bakı
Slavyan Universiteti ilə əməkdaşlıq perspektivləri
barədə danışıb. Məruzə və çıxışlarda mədəniyyətlərarası
dialoq və əməkdaşlığın inkişafı problemləri müzakirə
olunub. |