Bu
il ölkəmizin paytaxtı Bakı şəhərində I Avropa
Oyunlarının keçirilməsi ilə əlaqədar yaz imtahan
sessiyası əvvəlki illərlə müqayisədə tez başlayıb. Qeyd
edək ki, ali təhsil müəssisələrində 2014/2015-ci tədris
ilinin yaz semestrinin imtahan sessiyasını mövcud
qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin
etmək məqsədilə təhsil naziri müvafiq əmr imzalayıb.
Əmrə əsasən 2015-ci ildə Bakı şəhərində I Avropa
Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində
yerləşən ali təhsil müəssisələrində yaz semestrinin
imtahan sessiyası 11 may 2015-ci il tarixindən başlayıb
və 31 may 2015-ci il tarixinə qədər yekunlaşmalıdır.
Hazırda davam etməkdə olan yaz imtahan sessiyasının
təşkili və gedişi vəziyyəti ilə tanış olmaq üçün bir
neçə ali məktəblə əlaqə saxladıq. Öyrəndik ki,
sessiyanın yüksək səviyyədə keçirilməsi, bu zaman
obyektivliyin və şəffaflığın təmin olunması, baş verə
biləcək nöqsanların, neqativ halların qarşısının
alınması üçün ali məktəblərdə konkret tədbirlər həyata
keçirilir. Belə ki, yaz imtahan sessiyası müddətində
yarana biləcək neqativ halları dərhal araşdırmaq və
müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə
uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ
Qərargahlar yaradılıb. Eyni zamanda elektron poçtlar, "Qaynar
xətt"lər elan edilib, tədris binalarında sessiya ilə
bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün
müvafiq qutular qoyulub. Fakültə dekanlarına və kafedra
müdirlərinə imtahan sessiyasının mövcud normativ
sənədlərə uyğun təşkil olunmasını təmin, imtahanların
keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə
alaraq imtahan otaqlarının imtahan başlanana qədər
imtahan materialları ilə təchiz etmələri tapşırılıb.
Tələbələrin müraciətləri əsasında imtahanların
nəticələri üzrə apelyasiya yalnız qiymətlərin müəyyən
olunduğu gün elan olunur. Şəffaflığı təmin etmək üçün
imtahanlarda və xüsusən də Münaqişə Komissiyasının
iclaslarında valideyn və ictimaiyyət nümayəndələrinin
iştirakına da şərait yaradılır.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |