Xanım SULTANOVA,
Bakı şəhəri MLK-nın direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru
Hər bir millətin dirçəlişi və onun digər millətlər
içərisində özünütəsdiqi təhsilinin inkişafından
asılıdır. Gənc, müstəqil dövlətimiz artıq yeni əsrin
15-ci ilini yaşayır. Son illər cəmiyyət həyatının
müxtəlif sahələrində çox ölkələr üçün əlçatmaz sayılan
uğurlara imza atmışıq. Azərbaycanda təhsil sahəsində
həyata keçirilən islahatlar da nəticə etibarı ilə
dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə
yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin
olunmasına xidmət edir. Azərbaycan Prezidenti İlham
Əliyevin çoxşaxəli, balanslı, düşünülmüş siyasi kursu
bütün sahələrdə olduğu kimi təhsildə də
müasirləşdirilməyə, qabaqcıl texnologiyaların və
idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında
yaradılan innovasiyaların uğurlu tətbiqinə geniş şərait
yaradır.
Yeni təhsil sisteminin məzmunu, vəzifələri, strateji
istiqamətləri bir ali məqsədə, ölkədə səriştəli
təhsilverənlərə ən yeni texnologiyalara əsaslanan
infrastruktura malik keyfiyyət nəticələri və
əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl
mövqe tutan təhsil sistemini yaratmağa xidmət edir.
Təhsilimizdə yeniləşmə siyasəti köklü dəyişikliklərlə
deyil, indiyə qədər özünü doğrultmuş məsələlərə dünya
təhsili standartları ilə ayaqlaşa biləcək yeni
ab-havanın gətirilməsi ilə müşayiət edilir. Konfutsinin
sözləri ilə desək, "Köhnə məlumatlardan bəhrələnərək
yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir.
Bu işi bacaran insan müəllim sayıla bilər". Bu gün
bizim tələbyönümlü kurikulum islahatları gələcəkdə
özünün və başqalarının həyat tərzini yaxşılaşdıra
biləcək, cəmiyyətə yararlı şəxsiyyət yetişdirməyə
yönəlib. Bu, zamanın tələbidir. Təhsil sahəsində
aparılan dəyişikliklər haqqında qərarların mütəxəssislər
tərəfindən hərtərəfli öyrənildikdən sonra tədricən
verilməsi yeni sistemin korporativ iş birliyinə və
kompetensiyasına işarədir.
Dünya siyasət elitasının ən parlaq nümayəndəsi, ulu
öndərimiz Heydər Əliyev hələ ötən əsrin sonlarında
təhsilimizdə islahatlara başlanılarkən demişdi:
"Biz təhsil sahəsində bütün yeniliklərin tərəfdarıyıq,
dünya təcrübəsindən səmərəli istifadə etməyi tələb
edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri
görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda
nəticələrini mütləq nəzərə almalısınız. İndiyə qədər
yaranmış təhsil, bilik, elm potensialından, həm də bütün
ölkələrlə hazırkı əlaqələrdən istifadə edərək inkişaf
etmiş ölkələrin təcrübəsini təhsil sahəsində tətbiq
etmək mümkündür... Mənim sizə tövsiyəm ondan ibarət olar
ki, islahatları düşünülmüş qaydada aparasınız,
formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın
milli ənənələrinin üstündən keçməyəsiniz... Təhsil
sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi
dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın
bütün sahələrində dəyişikliklər təkamül xarakteri,
tədrici dəyişikliklər xarakteri daşıyır".
Məhz bu tövsiyə bu gün respublikamızda həyata keçirilən
təhsil islahatlarında əsas götürülür. "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə bağlı
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19
yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət
Planında islahatlara məhz belə yanaşma əks etdirir.
Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim
yüksəldilməsini təmin edən yeni sistemin yaradılması,
müxtəlif müsabiqələrin təşkil edilməsi, müəllimlərin
diaqnostik qiymətləndirilməsi, onların əməyinin
stimullaşdırılması sahəsində son dövrlər həyata
keçirilən tədbirlər, qəbul olunan qərarlar bu baxımdan
xüsusilə diqqətə layiqdir. Müsabiqədə zəif iştirak edən
müəllimlər üçün təlim kurslarının keçirilməsi, dəfələrlə
yenidən müsabiqələrə qatılmaq şansının yaradılması
Təhsil Nazirliyi tərəfindən atılan humanist addımlardır.
Qeyd etdiyim fikirləri işlədiyim məktəb-lisey
kompleksinin böyük müəllim ordusu da dəstəkləyir. Təhsil
Nazirliyinin təhsilalanların və təhsilverənlərin
nəzəri-praktiki biliklərinin reallaşdırılması üçün
təşkil etdiyi kurslara kontingent seçimi, yaradıcılıq
müsabiqələri və bilik olimpiadalarının şəffaf
keçirilməsi təqdirəlayiqdir.
2014-cü ilin dekabr ayında böyük rus şairi
M.Y.Lermontovun 200 illiyinə həsr edilmiş müsabiqəyə
Bakı məktəblilərinin böyük həvəslə qoşulmalarını xüsusi
vurğulamaq istərdim. Rəssamlıq, teatrlaşdırılmış
səhnələr və bədii qiraətdən ibarət olan bu müsabiqə
iştirakçılarını qiymətləndirmək üçün tanınmış
lermontovşünaslarla bərabər mən də münsiflər heyətinə
cəlb olunmuşdum. Bütün heyət üzvləri ilə birgə
müsabiqədən xüsusi zövq aldıq. Bu müsabiqə hələ XIX
əsrdə Azərbaycanı qarış-qarış gəzmiş polyak səyyahı
Stşelnitskinin "azərbaycanlılar çox istedadlı xalqdır.
Burada yalnız lallar oxuya bilmir" sözlərini bir daha
təsdiqlədi. Keçirilən müsabiqə qeyri-adi istedadları üzə
çıxardı. Səhnədə özünüifadə edən məktəblilərin fərəh
hissini görməmək mümkün deyildi. Müsabiqə qaliblər
müəyyən olunduqdan sonra Heydər Əliyev Fondunun
prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın
təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində "M.Y.Lermontovun
yaradıcılıq irsi dünya mədəniyyətinin tərkib hissəsi
kimi" mövzusunda "dəyirmi masa" və konsert proqramı ilə
yekunlaşdırıldı. Respublikamızda həm Azərbaycan
ədəbiyyatı, həm də dünya ədəbiyyatı xadimlərinin
yaradıcılığına həsr edilmiş müsabiqələrin keçirilməsi
ədəbi əlaqələr ənənəsini davam etdirməklə bərabər,
məktəblilərin bədii qiraətə həvəs göstərmələrini də
stimullaşdırır.
Ümumiyyətlə, təhsil sahəsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata
keçirilmiş hər bir iş xalqımızın yüksək rifahı naminə
atılmış addımdır. Son illər Azərbaycanda məhz
Prezidentimizin və Heydər Əliyev Fondunun dəstəyi ilə
3000-ə yaxın məktəb tikilib xalqımızın balalarının
istifadəsinə verilmişdir. Bu gün respublikamızda
qabaqcıl ölkələrin təcrübəsinə əsaslanan metodlarla
elmlərə yiyələnən potensialı yetişdirmək üçün lazımi
şərait yaradılır. |