Qəbul imtahanları ərəfəsində nələri bilmək lazımdır?
Vüsal RZAYEV,
İnsan resursları üzrə mütəxəssis
Ali
məktəblərə qəbul imtahanlarına qısa bir vaxt qalır.
Abituriyentlər bir neçə gündən sonra qəbul
imtahanlarına girərək nəticələr qazanacaq və bundan
sonrakı həyatlarının istiqamətlərini az-çox müəyyən
etmiş olacaqlar. Bu gənclərin əksəriyyəti sərbəst
şəkildə özlərini bu və ya digər şəkildə bu imtahanla
isbat edəcəklər. Bilik və bacarıqlarını nümayiş
edərəcək, 3 saat ərzində suallara doğru cavab verməklə
uğur əldə etməyə çalışacaqlar.
İmtahan insan üçün elə bir hadisədir ki, onun adı
çəkiləndə və onun haqqında düşünəndə belə həyəcan və
stres ən yaxın "dost"un olur. Bu "dost" səni imtahan
bitənə kimi, hətta nəticələr açıqlanana kimi tək
buraxmaq istəməyəcək. Bəzən isə yaxşı və ya pis nəticə
əldə etdikdən sonra belə abituriyentlərimiz ciddi fiziki
və psixoloji narahatlıqlar keçirir, hətta xoşagəlməz
hadisələr belə yaşanır. Bütün bu yaşananlardan isə
birinci növbədə abituriyentin özü olmaqla, onun ailəsi,
müəllimləri və ümumilikdə cəmiyyət əziyyət çəkir. Bəs
bütün bunların baş verməməsi üçün valideynlər,
müəllimlər və ətrafda olan digər insanlar nələrə diqqət
etməli, abituriyentin fiziki və psixi vəziyyətini necə
müəyyən etməli və hansı davranışlar sərgiləməlidirlər?
Bunlarla bağlı düşüncələrimizi oxucularla bölüşmək
istədik.
İlk növbədə valideyn və müəlimlər müəyyən etməyə
çalışmalıdırlar ki, abituriyentdə stres psixi
simptomlarla (emosional gərginlik, əhəmiyyətsiz
hadisələrə qarşı reaksiya, reallığın itirilməsi, qorxu,
öz üzərində nəzarətin itirilməsi və s.) və fiziki
simptomlarla (bədəndə titrəmə, əl-ayaq tərləmələri,
əzələ gərginliyi, təngnəfəslik, qarın nahiyəsində baş
verən diskomfortlar, keyləşmə və sancma, baş ağrıları və
s.) özünü büruzə verirmi? Əgər bu tip hallar baş
verirsə və bununla bağlı olaraq da çalışmaq istəməmək,
həvəssizlik, özünə inamsızlıq, vaxtın düzgün
bölünməməsi, ümidsizlik və neqativ enerji daim
abituriyentin şikayətləri olacaq və bu da təbii ki,
qazana biləcəyi uğurun qarşısını alacaqdır. Bütün
bunlarla yanaşı valideyinin, müəllimin, ətrafdakı digər
insanların abituriyentdən yüksək gözləntilərinin olması
və bunun da sözlə və ya bədən hərəkətləri ilə nümayiş
etdirmələri abituriyenti çıxılmaz vəziyyətə salacaqdır.
Bəs nə etməli?
Abituriyentə pozitiv enerji verilməlidir: İstər ailədə
olsun, istər məktəbdə, hamı abituriyenti həvəsləndirməli
və daha yaxşı oxuması üçün pozitiv enerji verməlidir.
Daim onlara təbəssüm etməli, boş vaxtlarında onlarla
maarifləndirici söhbətlər aparmalı, həyatdakı bütün
uğurların bu imtahandan asılı olmadığını, gələcəkdə daha
gözəl günlər olacağı bildirilməlidir. Yaşanacaq bütün
hadisələrin daim yaxşılığa doğru olduğu bildirilməli və
onların yanında olduğumuzu, nəticənin necə olmasından
asılı olmadan onları çox sevdiyimizi hiss etdirməliyik.
Davamlı pozitv düşünməli, davranmalıyıq ki, abituriyent
də o enerjini bizdən ala bilsin. Bəzən sözdə hər şeyin
yaxşı olacağını deyirik, amma bədənimiz bütün
narahatlığını və neqativliyini qarşı tərəfə əks etdirir.
Uşaqlarımıza, şagirdlərimizə izah etməliyik ki, səhv
etmələrindən qorxmasınlar, onlardan nəticə çıxarmağı
öyrənsinlər. Ümidsizlik bizi qarşıda gözləyən
uğurlarımızdan məhrum edəcəkdir. Ona görə də baş verən
hər hansı bir hadisəni belə pozitiv qəbul etməli və
abituriyentə də belə aşılamalıyıq.
Yuxu və istirahət rejiminə diqqət
yetirilməlidir: Bəzən abituriyentlər bütün günü məktəbə,
hazırlığa gedir, evdə daha çox dərs oxumağa çalışır,
ayaqüstü yeməklərlə qidalanır, gec saatlarda yatır və
zənn edirlər ki, daha çox uğur qazanacaqlar. Daha çox
çalışmaq lazımdır, amma bunlar planlı olmalıdır. İlk
növbədə nizamlı gecə yuxusu insanın növbəti gündə daha
aktiv olması üçün olduqca vacibdir. Abituriyent gecə
saat 23.00-dan səhər saat 06.00-a qədər yatmalıdır və
bu mütəmadi xarakter daşımalıdır. Yəni bazar günü və
digər önəmli (bayram, toy və s.) günlərdə belə
istisnaların olmaması rejimin stabilləşməsini təmin
edəcəkdir.
Eyni zamanda qidalanma çox önəmlidir. Abituriyentlər gün
ərzində 3 dəfə güclü və 3 dəfə zəif olmaqla ən az 6 dafə
qidalanmalıdır. Məktəbə və hazırlığa getdikləri zaman
çantalarında mütləq meyvə, quru meyvə və ya evdə
hazırlanan buterbrod olmalıdır. Bu gün gənclərin
əksəriyyətinin ən böyük problemlərindən biri də səhər
yemək yeməmələridir. Təbii ki, bu da orqanizmin normal
inkişafına ciddi əngəllər törədir. Ona görə də səhər
yeməyi vərdişlərini formalaşdırmaq və xüsusilə enerji
ilə zəngin yeməklərə üstünlük verilməlidir.
Vaxt düzgün bölüşdürülməlidir:
Birmənalı olaraq bilinməlidir ki, çox material oxumaq,
saatlarla dərs hazırlamaq deyil, informasiyanı yadda
saxlamaq və mənimsəmək daha önəmlidir. Xüsusən
hazırlığa gedən abituriyentlər günün yarısından çoxunu
dərsə ayırırlar. Bu dərs hazırlaşmaları plansız olduğu
zaman abituriyentdə gərginliyi daha da artırır və
informasiyanın qəbul edilməsi və mənimsənilməsi prosesi
yavaşıyır. Bu hal da getdikcə abituriyentin zəifləməsinə
və özünəinamsızlığına gətirib çıxarır. Gün ərzində vaxt
düzgün bölüşdürülüb 6 saat dərs oxumaq daha məqbul
sayıla bilər. Abituriyentə eyni zamanda təkrarlama
vərdişləri və texnikası öyrədilməlidir. Bəzən qəbul
imtahanı zamanı abituriyent çətin sualların öhdəsindən
rahatlıqla gəlməsinə baxmayaraq, asan və sadə suallarda
yanlışlıqlara yol verir. Bunun baş verməsinin başlıca
səbəblərindən biri çətin mövzulara həddən artıq vaxtın
ayrılması, asan mövzulara isə əhəmiyyət verilməməsi və
təkrar edilməməsidir. Mümkün olduğu qədər internet və
televiziyadan abituriyenti uzaq tutmaq lazımdır. Boş
vaxtlarında daha çox gəzintiyə ayırıb, bol- bol oksigen
qəbul etməlidirlər.
Nəticələri öncədən təxmin etməməlidir:
Adətən hər kəsdə həyəcan yaradan səbəblərdən biri
hadisələrin inkişaf xəttinin təsəvvür edilməsidir. Bu
cür hallar gün ərzində abituriyentdə davamlı olaraq baş
verir. Ətrafda olan dostları, ailə, müəllim - hər kəs
imtahandan danışır. Hər kəs abituriyenti ilk gördüyü
anda ona ürək-dirək verməyə çalışaraq, "səndən yaxşı
nəticələr gözləyirik", "imtahan yaxınlaşır...", "sən
neçənci qrupa verirsən", "yaxşı hazırlaşırsanmı?", "bax,
yaxşı oxu, bu il çətin olacaq, deyəsən", "sən gör kimin
qızısan, sən universitetə girməsən..." və s. kimi
sözlər işlədərək davamlı imtahan həyəcanını bilmədən də
olsa artırırlar. Ən çox da ailələr. "Biz boğazımızdan
kəsirik səni oxuduruq", "Universitetə girməsən atanın
ürəyi partlayar", "Gözümüzü sənə dikmişik", "Filankəsin
oğlu instituta girdi, sən girməsən necə olar?" və s. bu
kimi sözlər yeniyetməlik yaşında olan abituriyenti
qayğılara bürüyür. Abituriyent dərs oxumaq əvəzinə
nəticələri özündə öncədən təhlil etməyə başlayır. Dərs
oxuduğu yerdə və ya istirahət etməli olduğu məqamda
imtahanı fikirləşir, "Görəsən universitetə girə
biləcəmmi...?" deyib davamlı düşünür. Bu da təbii olaraq
onun psixi və fiziki gərginliyinə gətirib çıxarır, dərs
çalışmasına ciddi əngəllər törədir. Bunların baş
verməməsi üçün imtahan və nəticələri haqqında
ümumiyyətlə danışılmamalıdır. Əgər söz açılsa belə, hər
şeyin yaxşı olacağını, əlindən gələni edib nəticəni
fikirləşməyin əhəmiyyətsiz olduğunu bildirmək lazımdır.
Zəhmət çəkmədən uğur qazanmaq mümkün deyil. Hər işdə
olduğu kimi qəbul imtahanlarında da uğur qazanmaq üçün
çalışımaq lazımdır. Sistemli və səbirli olmaq lazımdır.
"Bacara bilmərəm" və ya "bacarmaz" fikirini özünə və ya
başqa birisinə aid etməməliyik. Hər bir insan gizli bir
xəzinədir. Gələcəkdə hansı abituriyentin kim olacağını
bilmək asan deyil. Bəlkə də bu gün sizin övladınız,
şagirdiniz gələcəkdə dünya dahisi olacaqdır. Onlara bu
gündən dəstək vermək bizim mənəvi borcumuzdur. |