Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Xarici mətbuatdan

 

103 yaşlı məzun attestat aldı 

Amerikanın Viskonsi ştatında yaşayan 103 yaşlı Mari Hant  tam bir əsrdən sonra məktəbli attestatı aldı. Mari 1928-ci ildə VIII sinifdən məktəbi buraxıb. Dərs əvəzinə o, ailədəki 8 qardaş və bacısının  qeydinə qalıb.  Bu problemi həll  etmək üçün imkan yarandıqda isə Mari  yaşadığı qocalar evində yuxarı siniflərin tədris proqramını tam mənimsəməyə qərar verib. Təqaüdçüyə təhsil almaqda qocalar evinin tibb bacısı Debra Pfaff kömək edib. O, təqaüdçü qadına məktəbə daxil olmaqda yardımçı olub. Məktəbi  bitirməsini  Meri Hant ailə üzvləri, dostları  və əlbəttə ki, Debra ilə birlikdə qeyd edib.  103 yaşlı təqaüdçüyə  fəxri attestatı  məktəb direktoru təqdim edib. O, diplomu almaq üçün təntənəli mərasimə ənənəvi şəkildə, çoxdankı arzusu  olan amerikalı məzunların  geyindiyi qara plaş və akademik papaqda qatılıb.

Artıq 103 yaşlı məzun kollecə daxil olmaq barədə fikirləşir.

 


Televiziya verilişləri azyaşlılar arasında kökəlmə riskini artırır 

Amerika alimlərinin  tədqiqatlarına görə,  televizor qarşısında  bir saat  vaxt  keçirən məktəbəqədər yaşlı uşaqlar arasında kökəlmə riski 50 faiz artır. "Uçitelskaya qazeta"nın məlumatına əsasən,  ABŞ-ın Virciniya Universitetinin  alimlərinə görə  cizgi filmləri və ya başqa verilişlər  məktəbəqədər yaşlı uşaqlar arasında kütləvi hal alan kökəlmə epidemiyasına səbəb  ola bilər.  Alimlər xəbərdarlıq edirlər ki, gün ərzində hətta bir saat televizora baxmaq belə azyaşlılar arasında  50-60 faiz çəki artımına yol açır. Televizor və çəki problemi arasında  əlaqənin olmasına dair çoxlu sayda dəlillərin  toplanmasına istinad edən alimlər qeyd edirlər ki,  valideynlər  və pediatrlar bu məsələni ciddi nəzarətdə saxlamalıdırlar. Əldə olunmuş məlumatlar göstərir ki, uşaqlar və yeniyetmələr üçün televiziya verilişlərinə baxılması  üzrə cari normalar kifayət qədər yüksəkdir və onları azaltmaq lazımdır.  Alimlər 2011-ci ildən on minlərlə məktəbəqədər yaşlı uşaqlar arasında tədqiqat apararaq televiziya verilişlərinə  ayrılan vaxt  və onların çəkisi,  boy artımı, ümumi inkişaflarını müqayisə ediblər.  Amerikalı  uşaqlar gün ərzində 3,3 saat televiziya qarşısında vaxt keçirir ki, bu da onların sağlamlığına və çəki indeksinə neqativ təsir göstərir.  Çox maraqlı haldır ki, tədqiqatlar gedişində kompüter oyunlarının  və  ya təhsilin kökəlmə ilə əlaqəsinə dair bağlılıq müşahidə olunmayıb.  Alimlər  bununla belə,  bütün dünya ölkələrini  uşaqların televiziya qarşısında olma vaxtını  məhdudlaşdırmağa çağırıblar.


Əlavə təhsildə dövlət-biznes tərəfdaşlığı 

Rusiyanın baş naziri Dmitri Medvedev təhsil ictimaiyyəti nümayəndələri ilə görüşdə əlavə təhsil sahəsində dövlət-biznes əməkdaşlığı məsələsini  müzakirə edib.  "Uçitelskaya qazeta"nın məlumatına görə, hökumət başçısı qeyd edib ki, əlavə təhsilin sovet sisteminə qayıdışı olmayacaq  və  bu  sahədə  biznes  sektorun potensialından  istifadə etməyə çağırıb.   Baş nazir vurğulayıb ki, ölkə iqtisadiyyatı dəyişib və artıq bu qədər mərkəzləşdirilmiş resurslar  yoxdur.  "Amma indi bizdə sahibkarlar var ki, sovet dövründə  yox idilər.  Onların bir qismi yaxşı başa düşür ki, vəsaitləri gələcək nəsil üçün xərcləmək lazımdır", - deyə baş nazir bildirib.

Bununla əlaqədar o, bu sahədə mövcud vasitələrdən düzgün istifadə olunmasını  dövlətin və biznesin əsas vəzifəsi adlandırıb.  Hökumət başçısı hesab edir ki, indi əlavə təhsil sahəsində müxtəlif  layihələri inkişaf etdirmək vacibdir.  "Biz əlavə təhsil sahəsində dövlət-biznes əməkdaşlığının inkişafını  görürük. Dövlət bu işin öhdəsindən təklikdə gələ bilməz. Burada dövlət və biznesin, eləcə də əlavə təhsilin hədsiz dərəcədə vacib və əhəmiyyətli olduğunu düşünənlərin  səylərinin  sintezi olmalıdır". 


ABŞ-da bir milyondan çox əcnəbi tələbə təhsil alır 

Amerika Birləşmiş Ştatlarında təhsil alan əcnəbi tələbələrin sayı bir milyonu keçib. Bu barədə ABŞ-ın Miqrasiya  Xidmətinin  rəsmi məlumatında qeyd olunub.  "M-1", "F-1" vizaları üzrə Amerikaya 1132636  əcnəbi ölkə vətəndaşı oxumağa gəlib.  Bu da ötən rübün müvafiq göstəricilərindən 1,8 % artıqdır.  Bundan başqa, "J-1" mübadilə vizaları  ilə ABŞ-a 200799 tələbə gəlib. ABŞ-da təhsil alan tələbələrin ümumi payında Asiya ölkələrindən gələn tələbələr  76 % təşkil edir.   Ümumilikdə 8979 müəssisə xarici tələbə qəbul etmək hüququ verən  SEVP sertifikatlarından keçib. Onlardan yalnız 32-si xaricdən ölkəyə 5000-dən artıq tələbə cəlb edə bilib.  Cənubi Kaliforniya Universiteti xaricdən ən çox tələbə (12480 nəfər) qəbul edən ölkədir.  Daha sonra Perdyu  Universiteti (10516) və Kolumbiya Universiteti (10436)  gəlir. Aldıqları təhsil səviyyələrinə görə  374162 tələbə  bakalavr proqramına qəbul olunub, 313953 nəfər magistr,  135969 nəfər elmlər doktoru dərəcəsi üzrə təhsil alır.  Daha 105173  tələbə uzunmüddətli dil kurslarına daxil olub.    Qeyd edək ki, tələbələrin  37 faizi (175540)  mühəndislik elminin ən populyar ixtisaslarına qəbul olunublar.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov