Böyük Britaniyanın Kembric
Universitetinin tələbəsi Şahin Abbasovla söhbət
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
Şahin
Nazim oğlu Abbasov 1991-ci il oktyabrın 10-da Bakıda
anadan olub. 2009-cu ildə Bakıdakı 151 nömrəli tam orta
məktəbi əla qiymətlərlə başa vurub. Elə həmin ildə ali
məktəblərə qəbul imtahanında III qrup üzrə keçirilmiş
test imtahanlarında 670 bal toplayıb. Təhsilini Böyük
Britaniyada davam etdirmək arzusu ilə Kembric
şəhərinin Bell Kollecinə daxil olub. Bütün imkan və
bacarıqlarından tam istifadə edərək universitetə illik
hazırlıq (foundation) proqramını digər tələbələr
sırasında ən yüksək göstərici ilə - 85%-lə başa
çatdırıb. Nəticədə Böyük Britaniyanın SOAS London
Universitetinin hüquq fakültəsinə qəbul olub. Tədris
proqramını fərqlənmə ilə bitirib. Dissertasiya işi
universitetin müvafiq qəbul komissiyası tərəfindən
76%-lə qiymətləndirilib. Bu isə SOAS London
Universiteti üzrə həmin il ən yüksək göstərici hesab
olunub. Bu göstəricilərinə görə universitet tərəfindən
"Sarah Spells" mükafatı ilə təltif olunub. Hazırda
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Böyük Britaniyanın Kembric Universitetində beynəlxalq
hüquq üzrə magistratura səviyyəsində təhsilini davam
etdirir. Şahin Abbasovla söhbətimizə orta məktəbdən
başladıq.
- Orta məktəb illərində daha çox hansı fənlərə maraq
göstərirdiniz?
- Orta məktəbi fərqlənmə ilə bitirmişəm. Bir neçə
olimpiadanın iştirakçısı və məktəb üzrə qalibi olmuşam.
Ən çox tarix və riyaziyyat fənlərinə maraq göstərdiyimi
söyləyə bilərəm. Tarixə maraq məndə hələ uşaq
yaşlarımdan yaranıb. Müxtəlif dövlətlərin və
millətlərin inkişafı, yaranması və süqutu, bu
proseslərin hansı səbəblərdən baş verməsi hər zaman məni
cəlb edib. Elə bu səbəbdən hazırda beynəlxalq hüquq
sahəsində təhsil aldığım və seçdiyim fənlərdən biri də
dövlətlərin yaranması və inkişafı fənnidir. Sırf bu
fənnin hüquq fakültəsində tədris olunmasına çox
sevinmişdim. Hesab edirəm ki, tarix və hüququn
bağlılığı çoxdur. Hüququn dövlətlərin inkişafına təsiri
çox güclüdür. Buna görə də bu elmə marağım daha
yüksəkdir. Digər tərəfdən də hüquq sahəsinə maraq
göstərməyimdə atamın da əməyini qeyd etmək istərdim.
Atam hüquqşünas olub, bu sahə üzrə öz fikirlərini hər
zaman mənimlə bölüşüb, dəyərli tövsiyələr verib və bu
gün də verir.
- Xaricdə təhsil almağa necə qərar verdiniz?
-
Xaricdə təhsil almaq istəyi məndə məktəb illərində
yaranıb. XX əsrin əvvəllərində, xüsusən də Azərbaycan
Xalq Cümhuriyyəti dövründə yüzlərlə azərbaycanlı gəncin
xaricə təhsil almaq məqsədi ilə göndərilməsi və sonradan
onların məşhur simalara çevrilməsi, Azərbaycanın
inkişafı və Şərqin mədəniyyət mərkəzlərindən biri kimi
tanınmasında müstəsna rol oynadıqlarını oxumuşdum.
Sonradan IX və X siniflərdə oxuyarkən yay tətilimdə
Böyük Britaniyanın London şəhərində biraylıq dil
kurslarında oldum. Buranın təhsil sistemini,
mədəniyyətini çox bəyəndim, burada təhsil almağın nə
qədər faydalı olduğunu anladım, məndə məhz burada ali
təhsilimi davam etdirmək arzusu yarandı. Valideynlərimin
və müəllimlərimin dəstəyini xüsusi qeyd etmək istərdim.
Onların razılığı və xeyir-duası olmadan, əlbəttə ki, bu
arzuma çatmaq mümkünsüz olardı.
- Dövlət Proqramında iştirakınızı necə xatırlayırsınız?
- Böyük Britaniyada magistratura təhsilimi davam
etdirmək üçün Dövlət Proqramına müraciət etdim. Əlbəttə
ki, bu proqrama qəbul olunduğumu bildikdə çox
sevinmişdim. Yüksək ixtisaslı, müasir tələblərə cavab
verən, beynəlxalq miqyaslı kadrların hazırlanması
dövlətimizin diqqət mərkəzində olan məsələlərdən biridir
və Dövlət Proqramı bu sahədə məqsədyönlü işin aparılması
baxımından mühüm əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan dövləti, Prezident İlham Əliyev
gənclərə böyük diqqət və qayğı ilə yanaşır, gənclər
siyasətini özünün fəaliyyətində ən prioritet sahələrdən
biri hesab edir. Fikrimcə, xaricdə təhsil üzrə Dövlət
Proqramı bu siyasətin ən uğurlu istiqamətlərindən
biridir. Bu siyasətin nəticəsidir ki, artıq Azərbaycan
yüksəkixtisaslı, müasir tələblərə cavab verən kadrların
çalışdığı ölkəyə çevrilib. Bu isə bizim kimi gənc bir
ölkənin daha da inkişaf edib, yaxın gələcəkdə dünyanın
ən inkişaf etmiş ölkələri sırasına daxil olacağına ümid
verir.
- Təhsilimizdə gedən son proseslərə münasibətiniz?
- Təhsilin inkişafında mühüm rolu ali təhsil ocaqlarının
dünya standartlarına çatdırılmasında görürəm. Ali
təhsil ocaqlarında həm tələbə, həm müəllim heyəti
tərəfindən aparılan tədqiqatlar, elmi işlərin
yazılması, mütəmadi olaraq elmi əsərlərin və
məqalələrin dərc olunmasını elmin və təhsilin
inkişafında böyük rol oynadığını xüsusilə qeyd etmək
istərdim. Məsələn, oxuduğum ölkədə demək olar ki, hər
universitet müəllimi ay ərzində ən azı iki və ya üç
məqalə dərc etdirir. Bu məqalələrdə müxtəlif mövzulara
aid fikirlər söylənilir, debatlar aparılır. Bu isə
bütövlükdə elmə marağı artırır.
Ötən il ölkə Prezidenti tərəfindən təsdiq olunan
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası", fikrimcə, Azərbaycanın ali
təhsil sistemini təkmilləşdirmək və aparıcı dünya
standartlarına çatdırmaq istiqamətində böyük rol
oynayacaq.
- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə.
- Kembric Universiteti barədə qeyd edə bilərəm ki,
hazırda dünya reytinqində həm ümumi, həm də oxuduğum
hüquq fənni üzrə Harvard Universitetindən sonra ikinci
yerdədir. Tədris proqramına Avropa hüququ, hərbi
konfliktlər hüququ, insan hüquqlarının müdafiəsi kimi
prioritet fənlər daxildir. Bu sahələrdə əldə etdiyim
biliklərin ölkəmizin gələcək inkişafı üçün faydalı
olması qənaətindəyəm.
- Müəllim-tələbə münasibətlərinə dair hansı maraqlı
məqamları qeyd edə bilərsiniz?
- Kembric Universitetində müəllim-tələbə
münasibətlərini xüsusilə qeyd etmək istəyirəm.
Universitetə yeni gəldikdə, müəllimlərin tələbələrə
göstərdiyi diqqət, hər tələbəyə azı üç tyutorun təyin
edilməsi və onların il ərzində sənə mütəmadi olaraq
diqqət göstərmələrini çox müsbət bir hal hesab
edirəm. Sözün düzü, bakalavr təhsilimi Londonda
almağıma baxmayaraq, Kembric Universitetində tələbələrə
bu qədər diqqət yetirmələrini təsəvvür etmirdim.
Maraqlı məqamlara gəldikdə qeyd edim ki, bakalavr
təhsilim zamanı mənə dərs deyən, London Universitetinin
və dünyanın hüquq sahəsində ən məşhur
mühazirəçilərindən biri olan professor Menskini
Bakıya BDU-da mühazirə söyləməyə dəvət etmişdim. O,
dəvətimi qəbul edib, BDU tələbələri tərəfindən böyük
maraq doğuran bir mühazirə söyləmişdir.
- Kembric Universitetində imtahan sessiyası, mühazirələr
necə təşkil olunur?
- İmtahanlar əsasən ilin sonunda olur. Olduqca çətin,
yazılı imtahanlardır. Üç saat ərzində 3 sualı
cavablandırmalısan. Mühazirələrə gəldikdə, tələbələrə
tam müstəqillik verilir, həmçinin tədqiqat işlərində də
belədir. Fikrimcə, bu, tələbələrin tədqiqata marağını
artırır, onların müstəqil və kritik düşüncəyə
yiyələnmələrində kömək olur. Bu da xaricdə təhsilin
üstünlüklərindən biridir.
Böyük Britaniyanın demək olar ki, bütün
universitetlərində "karyera xidməti" (career service)
fəaliyyət göstərir. Bu xidmət nəticəsində
universitetlərə böyük və kiçik şirkətlər dəvət olunur,
tələbə-şirkət arasında ünsiyyət qurulmasında tələbələrə
CV-lərin yazılış qaydası, müsahibələrdən uğurla
faydalanmalarına kömək göstərilir. Fikrimcə, bu sistem
tələbə məzunların gələcəkdə işlə təmin olunmasında böyük
rol oynayır. Hesab edirəm ki, Azərbaycanın ali təhsil
ocaqlarında da belə bir sistemin qurulub fəaliyyət
göstərməsi müsbət bir hal olardı.
- Tələbə həyatınız, asudə vaxtınız necə keçir?
- Oxuduğum universitetdə tədris proqramı sıx
olduğundan asudə vaxtım çox olmur. Boş vaxtımı
dostlarımla, universitet yoldaşlarımla keçirməyə
üstünlük verirəm. Xaricdə təhsil almaq imkanından
maksimum yararlanaraq oxuduğum ali məktəbdə təhsil
alan digər ölkələrin tələbələri ilə ünsiyyət qurmağa,
müxtəlif mədəniyyətləri qavramağa, öz ölkəm barədə
də onları məlumatlandırmağa çalışıram.
Hesab edirəm ki, xaricdə təhsil alan hər bir
azərbaycanlı tələbə həm də öz ölkəsinin gənc səfiridir.
Bu səbəbdən Azərbaycanın mədəniyyəti və millətimiz
haqda xaricilərə tam və dolğun məlumat verməyi özünə
borc bilməlidir.
- Azərbaycan diasporası ilə əlaqələriniz...
- Təhsil dövründə akademik həyatdan başqa, ictimai
sahədə də fəal mövqe tutmağa çalışmışam. Belə ki,
bakalavr təhsili aldığım müddətdə SOAS London
Universitetində azərbaycanlı tələbələrdən ibarət SOAS
Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri olmuşam.
Cəmiyyətin fəaliyyət istiqamətləri və məqsədləri
Azərbaycanın milli maraqlarının, dövlətçiliyinin,
mədəniyyətinin və iqtisadiyyatının burada təbliğ
edilməsindən ibarət olmuşdur. Artıq 4 ildir ki Böyük
Britaniyada Xocalıya ədalət aksiyasının
təşkilatçılarından biri olmuşam. Azərbaycan diasporası
ilə daim əlaqədə olub, çalışmışıq ki, buradakı
azərbaycanlı tələbələrin təşkilatlanmasına maksimum
dərəcədə nail olaq. Bu il yaranan və Britaniyadakı
universitetlərdə fəaliyyət göstərən Azərbaycan tələbə
cəmiyyətlərinin bir şəbəkəyə birləşməsini -
Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin (ABSN)
qurulmasını xüsusilə qeyd etmək istərdim.
- Gələcək planlarınız?
- Bütün bilik və bacarığımı sərf edərək, təmsil etdiyim
Azərbaycan dövlətinin adını həmişə uca tutmaqla,
təhsilimi başa vurduqdan sonra universitetdə əldə
etdiyim biliklərimdən respublikamızda fəaliyyət
göstərərək istifadə etmək arzusundayam. |