Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Beynəlxalq olimpiadaların bürünc medalçıları

 

Mayın 3-dən 8-dək Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən məktəblilərin 32-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasından da şagirdlərimiz medallarla qayıdıblar. Bakı  "İstək" liseyinin  X sinif şagirdi Məhəmməd Şirinov, Quba məktəbliləri - XI sinif şagirdi İsmət Ağayev və X sinif şagirdi Tahir Nadirov olimpiadanın bürünc medalına, Gəncə məktəblisi IX sinif şagirdi Mirəli Əhmədli isə həvəsləndirici sertifikata layiq görülüblər. Komandanın rəhbəri Fuad Qarayevin verdiyi məlumata görə, olimpiadanın təşkilat komitəsi şagirdlərimizin çıxışını yüksək qiymətləndirib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvanına təbrik və xoş sözlər söyləyib. Medalçılarla siz də tanış olun.

İsmət Ağayev, Quba "İstək" liseyinin XI sinif şagirdi: - 1998-ci il yanvarın 26-da  Quba rayonunun Çağacıq kəndində anadan olub. 2004-cü ildə Çağacıq kənd  orta məktəbinin I  sinfinə gedib. 2010-cu ildə Quba özəl türk liseyinə,   2014-cü ildə Quba "İstək" liseyinə qəbul olunub. Hazırda Quba  "İstək"  liseyinin XI  sinfində oxuyur. Ən çox sevdiyi fənn riyaziyyatdır. IX sinifdən bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq bilik yarışlarında iştirak edir. 2013-cü ildə Türkiyədə keçirilən 17-ci azyaşlıların Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında gümüş medal qazanıb.  2014-cü ildə Qazaxıstanda keçirilən 10-cu Jautikov olimpiadasında iştirak edib.  2014-cü ildə riyaziyyatdan respublika fənn olimpiadasında bürünc medal, 2014-cü ildə Bolqarıstanda keçirilən 31-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında və CAR-da keçirilən 55-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafat qazanıb.  Bu il isə İsmət üçün daha uğurlu olub. Belə ki, istedadlı yeniyetmə yüksək bilik nümayiş etdirərək respublika fənn olimpiadasında  riyaziyyat fənni üzrə I yerə, həm də "Birincilərin birincisi" adına layiq görülüb. İsmət bizimlə söhbətində Afina təəssüratlarını  belə bölüşdü:

- Olimpiada çox yaxşı keçirildi. Müsabiqə şərtləri çox çətin olsa da, ciddi hazırlaşmağımız  sayəsində medallara sahib ola bildik.  Müxtəlif ölkələrdən olan həmyaşıdlarımızla ünsiyyət qurmaq imkanı əldə etdik.  Yunanıstana gəlincə isə fikrimcə çox gözəl ölkədir. Bizim  olduğumuz Afina şəhəri isə Yunanıstanın ən görməli yerlərindən biri idi.

 


Tahir Nadirov,  Quba "İstək" liseyinin X sinif şagirdi: - Tahir Nadirov 1998-ci il yanvarın  3-də Qusar rayonunun Həsənqala kəndində anadan olub.  2004-cü ildə Həsənqala kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub.  2011-ci ildə Quba "İstək" liseyinə qəbul imtahanında  4-cü yeri tutaraq  bu təhsil ocağına qəbul olunub. Ölkəmizi beynəlxalq bilik yarışlarında layiqincə təmsil edən T.Nadirov istedadlı şagirdlərimizdəndir. Bu il respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə qızıl medala layiq görülüb. Tahirin Afina təəssüratları zəngindir:

- Bu, xaricdə  istirak etdiyim ikinci olimpiada idi. Olimpiadadan Vətənə medalla qayıdacağıma inanırdım. Bilik yarışına ciddi hazırlaşmışdım. Nəticədə bürünc medala layiq görüldüm. Çox sevinirəm və  növbəti olimpiadalara hazırlaşıram. Yunanıstanın tarixi ilə tanış olduq. Nə vaxtsa oraya yenidən getməyi  çox istərdim.


Məhəmməd Şirinov, Bakıdakı "İstək" liseyinin X sinif şagirdi: - 1999-cu  ildə  Bakıda  anadan olub.  I-IV sinifləri  286 nömrəli tam  orta məktəbdə,  V-VI   sinifləri  Bakı  Dövlət  Universitetinin  nəzdindəki  "Gənc istedadlar"  liseyində  oxuyub.   Hazırda Bakıdakı  "İstək" liseyinin X sinfində təhsil alır. 2013-cü  ilin  iyun  ayında 17-ci  Balkan  Riyaziyyat Olimpiadasında gümüş medal qazanıb.  2014-cü ildə Respublika Riyaziyyat  Olimpiadasında  1-ci yeri tutub.  2014-cü ilin  yanvarında Qazaxıstanda  və   mayda  Bolqarıstanda  beynəlxalq  olimpiadalarda iştirak edib. Yeniyetmələr arasında  18-ci  Balkan  Riyaziyyat  Olimpiadasından isə  Vətənə qızıl medalla qayıdıb.  M.Şirinov  bizimlə  söhbətində Yunanıstanda keçirilən son yarış barədə təəssüratlarını bölüşdü:

- İmtahan 4 sualdan ibarət idi. Tapşırıqların həllinə  4,5 saatlıq vaxt ayrılmışdı.  Suallar keçənilki olimpiadanın suallarına nisbətən çətin idi  və bunu digər ölkələrin iştirakçıları da təsdiqlədikdə  bir  xeyli sevindik,  çünki sualların çətin olması medal almaq  balının aşağı olması demək idi.  Mayın 6-da imtahan nəticələri  otelin girişində asılmışdı və 3 medal alacağımızı öyrəndik. 

 Qeyd edim ki, bu olimpiadanın nəticələri bizim üçün mükəmməl olmasa da, növbəti Beynəlxalq Riyaziyyat  Olimpiadasına daha yaxşı hazırlaşmaq üçün bizə əvəzolunmaz fikirlər qazandırdı.


Tural Əliyev, Bakı "İstək" liseyinin XI sinif şagirdi: - 1997-ci il yanvarın 24-də Bakıda anadan olub. I-VI sinifləri paytaxtdakı 165 nömrəli tam orta məktəbdə, VII-X sinifləri "Dədə Qorqud" Özəl Türk Liseyində oxuyub. Hazırda Bakı "İstək" liseyinin XI sinif şagirdidir. IX sinifdə respublika fənn olimpiadalarında III, X sinifdə I yerlərə layiq görülüb. Tural xarici ölkələrdə keçirilən bir neçə beynəlxalq olimpiadalarda da iştirak edib. Belə ki, X sinifdə oxuyarkən Qazaxıstanda məktəblilərin X beynəlxalq fizika-riyaziyyat və informatika olimpiadasında gümüş medala, Sinqapurda təşkil olunan fizika olimpiadasında isə IV yerə layiq görülüb. Bundan başqa, Tural  ötən il  Qazaxıstanda 86 ölkənin iştirak etdiyi  45-ci  İPHO-da (Beynəlxalq fizika olimpiadası) da bürünc medala layiq görülüb.  Tural bu il həm də  Respublika fənn olimpiadasında ən yüksək nəticəyə - I yerə layiq görülüb.  May ayında Asiya Fizika Olimpiadasında bürünc medala layiq görülüb. Tural bizimlə söhbətində Çin olimpiadası barədə təəssüratlarını bölüşdü:

- Olimpiadada 26 ölkədən 194 şagird iştirak edirdi. İmtahan 5 saat  nəzəri  və 5 saat praktik  olmaqla iki hissədən ibarət idi. İmtahanın nəzəri  hissəsi çətin  olmasa da praktik hissə  asan idi. Mən nəzəri hissənin çətin olmasına baxmayaraq imtahanda həvəsdən düşməyərək bacardığım qədər sualları cavablandırmağa çalışdım. Və ən sonda imtahan balıma uyğun olaraq bürünc medalla təltif olundum.

  Oruc MUSTAFAYEV
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov