Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Beynəlxalq Ətraf Mühit Olimpiadasının gümüş medalçısı

 

Akademik Zərifə Əliyeva adına liseyin Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə təqdim etdikləri "İri şəhərlərdə yaşıllıq sahələrinin inkşafının ekoloji modelləşdirilməsi" mövzusunda ekoloji layihə  30 aprel - 2 may 2015-ci il tarixində Keniyanın Mombasa şəhərində keçirilən Beynəlxalq Qızıl İqlim Ətraf Mühit Layihə Olimpiadasında (Golden Climate International Environmental Project Olympiad (GCIEPO- 2015) gümüş medala layiq görülüb.  Ötən il   "Sabahın alimləri" Respublika müsabiqəsinin finalına vəsiqə almış bu layihənin müəllifi akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdləri Vüsalə Süleymanova və Leyla Əkbərli, rəhbəri liseyin biologiya müəllimi Natalya Qurbanova, elmi məsləhətçisi Lalə Dadaşovadır.

Təhsil Nazirliyinin dəstəyi ilə beynəlxalq olimpiadada Azərbaycanı akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Vüsalə Süleymanova və liseyin biologiya müəllimi Natalya Qurbanova təmsil etmişlər. Mombasa şəhərində keçirilən beynəlxalq olimpiadaya dünyanın 22 ölkəsindən 117 ekoloji layihə təqdim olunub.  Münsiflər heyətinin qərarı ilə Azərbaycan məktəblisinin təqdim etdiyi layihə yüksək mükafata layiq görülüb. 

Qeyd edək ki,  Vüsalə Süleymanovanın iştirakı ilə  RETTM-in Qax şəhəri 3 nömrəli orta məktəblə birlikdə ötən il hazırlanmış meşələrin qorunmasına dair ekoloji layihə  2014-cü ilin aprel ayında keçirilən İNEPO EUROASİA VIII Ətraf Mühit üzrə beynəlxalq olimpiadanın qızıl medalına və 2014-cü ilin sentyabr ayında Sankt-Peterburq şəhərində keçirilən gənclərin XI Beynəlxalq Meşə Müsabiqəsinin bürünc medalına layiq görülüb.

Akademik Zərifə Əliyeva adına liseyin biologiya müəllimi Natalya Qurbanova uzaq Keniyada yaşadıqları təəssüratları bölüşdü:

- Mən birinci il deyil ki, öz yetirmələrim Vüsalə Süleymanova və Leyla Əkbərli ilə şagird layihələri üzərində işləyirəm. Layihələrə qoyulan  sərt tələblərə baxmayaraq biz Keniya və Niderlandda keçilən müsabiqənin finalına keçə bildik. Müsabiqə olduqca çətin idi, cəmi 10 dəqiqə ərzində iştirakçılar  öz layihələrini  ingilis dilində münsiflər heyəti qarşısında təqdim etməli idi.  Layihənin təqdimatı  prosesi kameranın yaddaşına yazılırdı. Verilmiş vaxt başa çatdıqdan sonra münsiflər iştirakçıya suallar verirdi. Onların bir çoxu ötən illərdə keçirilmiş müsabiqələrin qalibləri idilər. Qaliblərin elan olunması  və mükafatlandırma mərasimi yarışmanın ertəsi gün  baş tutdu. "Ekoloji dizayn" qrupunda biz ikinci yeri tutaraq gümüş medal qazandıq. Vüsalənin  medalı almaq üçün milli libasda və Azərbaycanın üçrəngli bayrağı ilə səhnəyə çıxması anı  bizim üçün böyük  sevinc idi.  Biz olimpiada  təşkilatçılarından yarışmada iştirak etdiyimizə görə minnətdarlıq məktubu aldıq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov