Azərbaycanı müxtəlif beynəlxalq
bilik yarışlarında təmsil edən məktəblilərimizin hər
dəfə medallarla Vətənə dönmələri sevindirici haldır.
Bakıdakı "İstək" liseyinin şagirdləri növbəti dəfə
təhsil ictimaiyyətimizi sevindirib. Liseyin VIII sinif
şagirdləri Alsu Əlizadə və Pakizə Quliyeva
Qazaxıstanın Almatı şəhərində keçirilmiş "İnformatrix
Asia & Pacific" kompüter layihə olimpiadasında "Robotiks"
kategoriyası üzrə "Line Follower" layihəsi ilə iştirak
edib və ən yüksək bal toplayaraq qızıl medala layiq
görülüblər. Azərbaycana beynəlxalq olimpiadada qızıl
medal qazandırmış istedadlı şagirdlərimizlə yaxından
tanış olaq.
Pakizə Nizami qızı Quliyeva
2000-ci il dekabrın 31-də Bakı şəhərində anadan
olub. 2007-ci ildə Bakıdakı "XXI əsr məktəbi"ndə I
sinfə gedib. 2008-ci ildə Zaqatala rayonundakı Şıxəli
Qurbanov adına məktəbə, 2012-ci ildə Humanitar
fənlər gimnaziyasına, 2013-cü ildə Bakı şəhər
"İstək" liseyinə qəbul olunub. Hazırda "İstək"
liseyinin VIII sinif şagirdidir.
"İstək" liseyinin tədris hissə müdiri
Tağı Nağıyev Pakizə barədə yüksək fikirdədir:
- Pakizə Quliyeva çalışmağı çox sevir. Dərslə
bağlı, hətta dərsdənkənar fəaliyyətlərdə, dərnəklərdə
də öz bacarığını göstərir. İnformatikadan olimpiadaya
qatılmaq təklifi alanda heç bir tərəddüd etmədən
qəbul etdi. Düzdür, əvvəlcə onun informatika fənninə
marağının olmayacağını düşündük, ancaq o, səylə çalışdı
və sinif yoldaşı Alsu ilə bərabər gözəl nəticə
göstərdi. Pakizə və Alsu bir daha hər kəsə sübut
etdilər ki, müvəffəqiyyət istəyiriksə çalışaraq, ən
əsası da inanaraq onu əldə etmək mümkündür. Hər bir
çətinliyin sonu gözəl nəticələrlə bitir.
Alsu Asif qızı Əlizadə
2001-ci il iyunun 16-da Ordubad rayonunda anadan
olub. 2007-ci ildə Bakı şəhərindəki 193 nömrəli
tam orta məktəbin I sinfinə gedib.
2013-cü ildə Ordubad özəl qız liseyi, 2014-cü ildə
Bakı şəhər "İstək" liseyinə qəbul olunub. Hazırda
Bakı şəhər "İstək" liseyinin VIII sinfində oxuyur.
Müəllimi Alsu barədə:
- Səkkizinci sinifdə oxuyan Alsu Əlizadə çox sakit
təbiətli bir şagirddir. İlk baxışda onda olan sakitlik
bizdə onun belə böyük layihələrdə iştirak edə
bilməyəcəyi qənaəti yaradırdı. Amma o, Pakizə kimi çox
bacarıqlı, sosial fəaliyyətlərdə fəal iştirak edən,
dərslərində çox çalışqan bir şagirddir. Pakizə ilə
bərabər həftəiçi dərsdən sonra və həftəsonu layihə
rəhbəri ilə bərabər əzmlə çalışaraq nəinki "İstək"
liseyinin, həmçinin Azərbaycanın adını ucaltdılar.
|