Niyazi RƏHİMOV, "Azərbaycan müəllimi"
n.rahimov@muallim.edu.az
Ölkəmizdə
keçiriləcək "Bakı-2015" Birinci Avropa Oyunlarına sayılı
günlər qaldı. Dövlətimiz tərəfindən yüksək səviyyədə
hazırlıq işləri görülən bu mötəbər yarış ölkə
ictimaiyyətinin diqqət mərkəzindədir. Vəzifəsindən asılı
olmayaraq hər bir Azərbaycan vətəndaşı bu möhtəşəm idman
yarışının yüksək səviyyədə keçirilməsi üçün əlindən
gələni əsirgəmir. Təhsil işçiləri də bu mühüm idman
yarışlarına böyük dəstək verirlər. Bunu həmin mövzuda
onların bir neçəsi ilə etdiyimiz söhbətlərdən də görmək
mümkündür.
Vəli
ƏLİYEV,
Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar"
liseyinin kimya müəllimi, əməkdar müəllim:
- I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımız
üçün böyük fəxrdir. Artıq bir neçə aydır ki, bütün
dünyanın diqqəti Azərbaycandadır. İlk oyunların Bakıda
keçirilməsi, əlbəttə, böyük nailiyyətdir və uğurumuzdur.
Son 20 ildə Bakı şəhəri və Azərbaycanın bütün regionları
sürətlə inkişaf edir, lakin "Bakı-2015" Birinci Avropa
Oyunlarına hazırlıqla əlaqədar olaraq paytaxtımız
inanılmaz dərəcədə gözəlləşmişdir. Yarış ilə əlaqədar
Azərbaycana 50-yə yaxın ölkədən 6 minədək idmançının, 2
minə yaxın mətbuat nümayəndəsinin və çoxlu sayda
turistlərin gəlməsi, milyardlarla insanın televiziya
vasitəsilə idman oyunlarını izləməsi Azərbaycanımızın
dünya ölkələrində daha yaxından tanınmasına, Qarabağ
həqiqətlərinin bütün dünyaya çatdırılmasına,
iqtisadiyyatın gələcəkdə daha da inkişaf etməsinə,
ümumiyyətlə Azərbaycanın bir sivil ölkə kimi inkişaf
etmiş ölkələr sırasına qoşulmasına imkan yaradacaqdır.
Son illər ərzində ölkəmizdə dünya miqyaslı tədbirlərin,
xüsusən də idman yarışlarının keçirilməsi nəticəsində
Azərbaycan özünü dinamik inkişaf edən müasir güclü ölkə,
çox etibarlı tərəfdaş kimi təqdim edə bilmişdir.
Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi
tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya
çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü
göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan
tarixi qələbə - 10 medal qazanmış və Avropa ölkələri
arasında 15-ci yerə layiq görülmüşdür. Bu gün
"Bakı-2015" I Avropa Oyunlarının keçirilməsinin
təşkilati işlərində gənclərin könüllü olaraq çox fəal
iştirak etməsi sevindirici haldır. Bütün bu kimi
möhtəşəm tədbirlərin ölkəmizdə keçirilməsi gənclərin
idmana həvəsini artırır. Bu isə gənclərimizin sağlam
böyüməsinə, onların ümumdünya tədbirlərinə qatılmasına,
ölkəmizin daha böyük uğurlar əldə etməsinə şərait
yaradır.
Minayə NƏBBAQİ,
Bərdə şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi,
əməkdar müəllim:
- Bu gün bütün dünyanın gözü, diqqəti Azərbaycana
dikilib. Bir neçə gündən sonra möhtəşəm idman
oyunlarının keçirilməsinə ev sahibliyi edəcək
Azərbaycan.
Dünyanın 50-dən çox ölkəsindən gələn qonaqları
qarşılamağa hazırıq. Dədəm Qorqud demişkən: "Bizlər
qonağı gülərüzlə qarşılayıb, gülərüzlə yola
salanlardanıq".
Bu gün 60-dən çox ölkənin insanları gah xəritədə Xəzər
dənizini axtarır, gah da Azərbaycan haqqında məlumat
əldə etmək üçün internet saytlarını izləyir ki, Xəzərin
sahilində yerləşən bu füsunkar, zümrüdə bənzər
cənnətməkan ölkəni yaxından tanıyıb öyrənsinlər.
Bakıda ilk Avropa Oyunlarını 2015-ci ildə yüksək
səviyyədə keçirmək məqsədilə hörmətli Prezidentimiz
cənab İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti,
Milli Olimpiya komitəsinin icra komitəsinin üzvü,
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
sədrliyi ilə Təşkilat Komitəsini yaratdı. Zərif çiyinlər
bir Herakl gücü ilə həddən artıq ağır, həm də
məsuliyyətli, dünya əhəmiyyətli bu çətin və şərəfli işin
öhdəsindən layiqincə gəldi.
Bu gün Azərbaycan adlı bu evə artıq müxtəlif ölkələrdən
saysız-hesabsız qonaqlar gəlməkdədir. Təsadüfi deyil ki,
Bakıya gələn ukraynalı olimpiya çempionu - "Bakıdakı
kimi Olimpiya kəndi görməmişəm" deyib.
Avropanın Olimpiya oyunlarının ilk məşəli hələ e.ə.
776-cı ildə qədim Ellada yurdu olan Yunanıstanda
alovlanıb. Düz 2791 il sonra Avropa Oyunlarının ilk
məşəli Odlar Yurdu Azərbaycanda alovlandı.
Şanlı Bakımızda hörmətli Prezidentimiz cənab İlham
Əliyevin alovlandırdığı məşəl qarış-qarış bütün
Azərbaycan torpaqlarında gəzdirilir. 2015-ci il 13 may
da biz bərdəlilər üçün həm tariximizə, həm də
yaddaşlarımıza həkk olunan tarixi bir gün idi. Bütün
şəhər cah-cəlal içərisindədir. Yazı da, qışı da
gül-çiçək olan Qarabağımızın bu dilbər guşəsi Olimpiya
məşəlini qəbul edirdi. Biz müəllimlər, təhsil işçiləri,
şagirdlər, bütün əhali sevinc içində idik. Bu sevinc
hisslərini bizə yaşadan Prezidentimiz cənab İlham
Əliyevə, "Bakı-2015" Birinci Avropa Oyunlarına hazırlıq
işlərini yüksək səviyyədə başa çatdıran Mehriban xanım
Əliyevaya minnətdarıq.
Əbadət ƏHMƏDOVA,
Bakıdakı "Tərəqqi" liseyinin Azərbaycan dili və
ədəbiyyat müəllimi, əməkdar müəllim:
- Çox sevindirici haldır ki, "Bakı-2015" I Avropa
Oyunlarının ilk ünvanı Azərbaycan torpağı, qədim Bakı
şəhəri olacaq. Dövlətimizin böyük dəstək verdiyi,
vətəndaş cəmiyyətinin, insanların dəyərləndirdiyi Avropa
Oyunlarının paytaxtımızda keçirilməsi böyük tarixi
hadisədir. Bu bir tərəfdən Azərbaycan tarixinin,
mədəniyyətinin, idmanının, inkişafının dünyada təbliği,
tanıdılması, başqa bir tərəfdən, Azərbaycanın
sülhpərvər, demokratik, tolerantlığın hökmran olduğu bir
dövlət olduğunu sübut edir. Azərbaycan dövləti bu
oyunların Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün
lazımi tədbirləri görüb və idmançıları, turistləri,
qonaqları qarşılamağa hazırdır. Dünyanın ən tanınmış
mütəxəssis və ekspertləri ölkəmizin I Avropa Oyunlarına
hazırlıqlarını heyranlıqla izləyir, aparılan işlərin
yüksək səviyyədə olduğunu bildirirlər. Bir təhsil işçisi
kimi biz də bu yarışın yüksək səviyyədə keçirilməsi üçün
öz dəstəyimizi əsirgəmirik. Şagirdlərə bununla bağlı
söhbətlər edir, həmin ərəfədə daha diqqətli olmağı,
davranış qaydalarına xüsusi fikir verməyi tövsiyə
edirik.
Bəxtiyar MƏMMƏDOV,
Azərbaycan Respublikasının əməkdar məşqçisi:
- Belə bir möhtəşəm yarışın ölkəmizdə keçirilməsi çox
əlamətdar hadisədir. Uzun illərdir ki, idman sahəsində
çalışıram. Bu illər ərzində, əsasən də ölkəmiz
müstəqillik qazandıqdan sonra Azərbaycan idmanın
müxtəlif növləri üzrə keçirilən bir çox mötəbər
yarışlara ev sahibliyi edib. Lakin I Avropa Oyunlarının
ölkəmizdə keçirilməsi nəinki bizim idman tariximizin,
ümumiyyətlə olimpiya oyunlarının tarixində ilk və
əlamətdar hadisədir. I Avropa Oyunları ilə bağlı
ölkəmizə gələcək minlərlə idmançı, nümayəndə heyəti və
turistlərə daha da yaxşı xidmət göstərmək üçün
Azərbaycanda nəinki idman sahəsi, bütün sahələrdə
təkmilləşdirmə işləri aparılır. Bütün sahələrin dünya
standartları səviyyəsinə çatdırılması üçün böyük
islahatlar həyata keçirilir. Bir təhsil işçisi və
idmançı kimi bu hadisədən böyük qürur hissi keçirirəm.
Düşünürəm ki, hər bir şəxs bu möhtəşəm tədbirin yüksək
səviyyətdə keçirilməsi üçün əlindən gələni
əsirgəməməlidir. İnanıram ki, belə bir mötəbər yarışın
Azərbaycanda keçirilməsi gələcəkdə ölkə idmanının
inkişafını daha da gücləndirəcək.
Yetirmələrimdən bir çoxu yüksək səviyyəli yarışlarda
respublikamızı təmsil edib. I Avropa Oyunlarında
yetirmələrimdən cüdo üzrə 90 kq çəki dərəcəsində Kənan
Qasımov ölkəmizi təmsil edəcək. Bu mənim üçün ikiqat
sevincdir. Bütün idmançılarımıza, həmçinin Kənana bu
yarışlarda uğurlar arzulayıram.
Dilarə ƏHMƏDOVA,
Qax şəhər Uşaq-Gənclər İdman Məktəbinin müəllimi,
respublikanın əməkdar məsqçisi:
- Hazırda I Avropa Oyunlarının keçirilməsinə çox az vaxt
qalır. Azərbaycan idman ölkəsi kimi tanınır. Sevinirəm
ki, ölkəmiz ən mötəbər idman yarışlarından birinə -
Avropa Oyunlarına 12-28 iyun tarixində ev sahibliyi
edəcək. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi
tarixi hadisədir. Bu, ölkəmizin beynəlxalq nüfuzunun
artmasına gətirib çıxaracaq, ölkəmizə gələn idmançılar
və turistlər xalqımızın qonaqpərvərliyinin şahidi
olacaqlar. İnanıram ki, günü-gündən inkişaf edən
Azərbaycan müxtəlif yarışların təşkilini də uğurla
həyata keçirəcək. Zaman keçdikcə və növbəti ölkələrdə
bu tədbir keçirildikcə Azərbaycanın adı hallanacaq. Hər
kəs bu nüfuzlu tədbirin ilk dəfə Azərbaycanda
keçirildiyini yada salacaq. Mən bir vətəndaş olaraq bu
tədbirin keçirilməsindən fəxarət hissi duyuram.
Səbuhi ZÜLFÜQAROV,
Bakıdakı 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin
məşqçi-müəllimi, əməkdar məşqçi:
- Ötən əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş
müasir Azərbaycanın hər sahədə inkişafı göz
qabağındadır. Ölkəmizdə sosial-iqtisadi həyatın bir çox
sahələrini əhatə edən tərəqqi tendensiyası idman
sahəsindən də yan keçmir. Ümummilli liderimiz Heydər
Əliyevin daimi qayğısı və diqqəti sayəsində hələ ötən
əsrin sonlarından Azərbaycan idmanı yüksək inkişaf
yoluna düşüb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1997-ci ildə
Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra
idmanımız inkişaf tempini daha da artırıb. "Əvvəl
şərait, sonra nəticə" prinsipini əsas götürən cənab
İlham Əliyev idmançıların uğur qazanması üçün mümkün
olan hər şeyi edir. Bütün bunlar biz idmançıları çox
sevindirir və qürurlandırır. Ən qürurverici hadisə isə
ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsidir. Bu
oyunların bizdə keçirilməsinin ölkəmiz üçün olduqca
böyük əhəmiyyəti var. Bu münasibətlə başda ölkə
başçımız İlham Əliyev olmaqla bütün xalqımızı təbrik
edirəm. Şübhəsiz, biz idmançıların, məşqçi-müəllimlərin
da borcudur ki, bu şərəfli idman oyunlarına öz
dəstəyimizi verək. İnanırıq ki, bizim yetirmələrimiz də
ilk Avropa Oyunlarında uğurla iştirak edərək yüksək
nəticələr qazanacaqlar. İlk Avropa Oyunlarının Bakıda
keçirilməsi bir daha sübut edir ki, ölkəmiz bütün
sahələrdə olduğu kimi idmanda da öz sözünü deyir. |