Mayın
14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda
İnformasiya təhlükəsizliyinin multidissiplinar
problemləri üzrə II Respublika elmi-praktik konfrans
keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası və AMEA İnformasiya
Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə
keçirilən və Beynəlxalq Telekommunikasiya İttifaqının
150 illiyinə həsr olunmuş konfransda AMEA-nın prezidenti
Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri Əli
Abbasov, təhsil nazirinin müavini Firudin Qurbanov, ali
təhsil müəssisələrinin və AMEA-nın elmi-tədqiqat
institutlarının informasiya texnologiyaları üzrə
mütəxəssisləri iştirak ediblər.
Öncə konfrans iştirakçıları Beynəlxalq Telekommunikasiya
İttifaqının 150 illiyinə həsr olunmuş sərgi ilə tanış
olublar.
Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş
sözü ilə açaraq Beynəlxalq Telekommunikasiya İttifaqının
150 illiyinə həsr olunan konfransı Azərbaycanın elmi
ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.
Akademik müasir dövrün qlobal informasiya cəmiyyətinin
ən aktual elmi problemlərindən biri olan və
multidissiplinar xarakter daşıyan informasiya
təhlükəsizliyinin müzakirəsi üçün İT sahəsi üzrə aparıcı
alim və mütəxəssislərin bir araya toplaşması baxımından
konfransın böyük əhəmiyyətə malik olduğunu və bu
tədbirin ənənəvi hal almasının zəruriliyini qeyd edib.
1865-ci
il may ayının 17-də əsası qoyulmuş Beynəlxalq
Telekommunikasiya İttifaqının öz fəaliyyəti ilə dünyada
bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan
kommunikasiya mühitinin formalaşması və inkişafına
xidmət etdiyini söyləyən A.Əlizadə 2006-cı ildə BMT
tərəfindən bu təşkilatın yaranma tarixinin Ümumdünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi
təsis edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu
təşkilat müasir dövrdə informasiya-kommunikasiya
texnologiyalarının, o cümlədən İnternetin inkişafında,
qlobal informasiya cəmiyyətinin formalaşması və onun
təhlükəsizliyinin təmin edilməsində, bu sahədə inkişaf
konsepsiyaları, model qanunlar, standartlar və digər
tənzimləmə mexanizmlərinin işlənib hazırlanmasında mühüm
rol oynayır.
Akademik İKT sektorunun inkişafının və informasiya
cəmiyyətinin bərqərar olmasının məhz səmərəli innovativ
fəaliyyətdən asılı olduğunu, eyni zamanda İKT-nin
imkanlarından istifadə etmədən innovativ inkişafa nail
olmağın qeyri-mümkünlüyünü vurğulayıb.
Bəşəriyyətin gələcəyinin İKT-nin imkanlarına əsaslanan
innovativ inkişafla bağlı olduğunu söyləyən alim
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında elmi potensialın və innovasiya
fəaliyyətinin dəstəklənməsinin əsas hədəflərdən olduğunu
konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib
ki, bu hədəfə çatmaq üçün isə təhlükəsiz informasiya
cəmiyyəti və biliklər iqtisadiyyatının formalaşması,
elmtutumlu texnologiya, məhsul və xidmətlərin
yaradılması proseslərinin sürətləndirilməsi olduqca
vacibdir.
AMEA prezidenti, həmçinin çıxışında "Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına dair
2014-2020-ci illər üçün Milli Strategiya"da informasiya
təhlükəsizliyinin təmin olunmasına xüsusi yer
ayrıldığını, bu məsələ ilə bağlı AMEA-nın qarşısında
mühüm vəzifələrin dayandığını deyərək akademiyada
informasiya texnologiyalarının bir istiqaməti olan
informasiya təhlükəsizliyinin elmi-nəzəri problemlərinin
araşdırılmasına, bu sahə üzrə elmi kadrların
hazırlanmasına xüsusi diqqət yetirildiyini bildirib.
İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların
hazırlanması istiqamətində görülən tədbirlərdən birinin
də Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi və AMEA İnformasiya
Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə
ali məktəb tələbələri arasında informatika üzrə
ümumrespublika olimpiadasının keçirilməsi olduğunu deyən
A.Əlizadə artıq bir ənənə halını almış və hər il təşkil
edilən bu bilik yarışının əsas məqsədinin istedadlı
tələbələrin informatika və proqramlaşdırma sahəsində
yüksək mütəxəssis olmasına dəstək vermək olduğunu deyib.
Çıxışının sonunda AMEA-nın prezidenti Azərbaycanda
informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin
olunmasına yönəlmiş konfransın əhatə dairəsinin
gələcəkdə ölkə hüdudlarından kənara çıxmasını və
beynəlxalq status almasını məqsədəuyğun hesab etdiyini
söyləyib.
Sonra rabitə və yüksək texnologiyalar naziri, akademik
Əli Abbasov "İnformasiya təhlükəsizliyi sahəsində dövlət
siyasəti" mövzusunda məruzə edib. Nazir informasiya
təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin
dövlət siyasətinin prioritet istiqamətlərindən biri
olduğunu və bu sahədə aparılan işləri diqqətə çatdırıb.
Qeyd edilib ki, informasiya təhlükəsizliyinin təmin
olunması üçün dövlətin, xüsusən də cəmiyyətin
intellektual potensialının səfərbər edilməsi vacibdir.
Təhsil nazirinin müavini Firudin Qurbanov konfransın
əhəmiyyətindən söz açaraq, müasir dövrün ən aparıcı
sahələrindən biri sayılan informasiya texnologiyalarının
inkişaf etdirilməsinin hər bir ölkənin əsas
hədəflərindən olduğunu deyib. Nazir müavini
Azərbaycanda da informasiya texnologiyalarının inkişaf
və tətbiqinə dövlət tərəfindən xüsusi diqqət
yetirildiyini, ölkə başçısı İlham Əliyevin
göstərişlərində, sərəncam və çıxışlarında, dövlət
sənədlərində həmin məsələnin prioritet sahə kimi öz
əksini tapdığını söyləyib.
Azərbaycanda informasiya texnologiyalarının inkişafının
əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu
və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam
etdirdiyini bildirən F.Qurbanov 1971-ci ildə İnformasiya
Texnologiyaları İnstitutunun yaradılmasını bu sahənin
inkişafına hələ o dönəmdə xüsusi önəm verilməsinin
nəticəsi olduğunu deyib. Nazir müavini İnformasiya
Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatların
və burada formalaşan elmi potensialın sahənin
inkişafında əvəzolunmaz rol oynadığını vurğulayıb.
Çıxışında daha sonra Təhsil Nazirliyi tərəfindən
informasiya texnologiyaları sahəsinə xüsusi diqqət
yetirildiyini deyən, "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda İKT-nin
tətbiqinin genişləndirilməsi, təhsilin
informatlaşdırılması ilə bağlı nəzərdə tutulan
tədbirlərdən danışan F.Qurbanov bu istiqamətdə bir sıra
məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. Nazir
müavini Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi və AMEA İnformasiya
Texnologiyaları İnstitutu ilə birgə belə tədbirlərin
keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.
Daha sonra AMEA-nın akademik katibi, AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim
Əliquliyev "XXI əsrin informasiya təhlükələri və onlarla
mübarizə strategiyaları" mövzusunda məruzə edib.
Bildirilib ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən
başlayaraq bəşəriyyət qarşısında mövcud olan
təhlükələrin sırasına informasiya təhlükələri də daxil
olmuşdur. Bu qısa zaman intervalında internetin bəşəri
dəyərlərinin formalaşması və kristallaşması olduqca
çətin prosesdir. İnformasiya təhlükəsizliyinin təmin
olunması üçün dövlətin həyata keçirdiyi tədbirlərlə
yanaşı, elmi ictimaiyyətin də fəal iştirak və müdaxiləsi
tələb olunur.
Alimin sözlərinə görə, informasiya texnologiyalarının
inkişafı cəmiyyət həyatının bütün sahələrində yalnız
müsbət deyil, həm də mənfi nəticələr doğurur. Bu
səbəbdən informasiya təhlükəsizliyi məsələsinə qlobal
problem kimi yanaşmaq və informasiya təhlükələri ilə
mübarizəyə hazır olmaq zəruridir.
Akademik qeyd edib ki, Azərbaycanda dövlətin informasiya
siyasətinin əsasları ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş, onun strateji vəzifələri, istiqamət
və resursları müəyyən edilmişdir. İnkişafın yeni
mərhələsində Prezident İlham Əliyev informasiya
təhlükəsizliyi siyasətini yüksək səviyyədə davam
etdirərək onu təmin edən çoxşaxəli amillərə xüsusi yer
ayırmışdır. "Azərbaycan Respublikasında informasiya
cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün
Milli Strategiya"nın da əsas məqsədi ölkədə informasiya
cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan
dövlətin və cəmiyyətin inkişafı üçün səmərəli istifadə
edilməsidir.
R.Əliquliyev informasiya təhlükələri ilə mübarizə
aparılması üçün müdafiə mexanizmlərinin yaradılmasının
zəruriliyini vurğulayıb. Alim məruzəsində informasiya
təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin
vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin
formalaşdırılması olduğunu qeyd edərək bunun üçün
informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına
xüsusi diqqət ayrılmasının, Azərbaycan dilində kitab və
dərsliklər hazırlanmasının, müntəzəm olaraq
konfransların, seminarların, "dəyirmi masa"ların təşkil
olunmasının, kütləvi təbliğat işlərinin aparılmasının
vacibliyini vurğulayıb. O, həmçinin informasiya
təhlükəsizliyi sahəsində multidissiplinar problemlərin
araşdırılması və bu sahədə formalaşmış normativ-hüquqi
bazanın təkmilləşdirilməsi zəruriyyətindən də danışıb.
"Real dünyanın virtual problemləri, virtual dünyanın isə
real problemləri həllini gözləyir", - deyə söyləyən
R.Əliquliyev İKT sahəsində mövcud olan elmi problemlərin
həlli üçün ölkənin bütün alim və mütəxəssislərini, elmi
qurumlarını birgə əməkdaşlığa dəvət edib.
Konfransın plenar iclasında həmçinin AMEA İdarəetmə
Sistemləri İnstitutunun direktoru, akademik Telman
Əliyev, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq
Ələsgərli, Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüz, AMEA Fəlsəfə və Hüquq İnstitutunun
direktor müavini, hüquq elmləri doktoru, professor
Bəhram Zahidov və digərləri də çıxış ediblər.
Sonra ali məktəb tələbələri arasında informatika üzrə X
Ümumrespublika olimpiadasının qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib. Qalib
komandalara diplom, fəxri fərman və qiymətli hədiyyələr
təqdim olunub.
Konfrans 3 paralel seksiya iclasında öz işini davam
etdirib. "İnformasiya təhlükəsizliyinin humanitar
problemləri", "E-dövlətin informasiya təhlükəsizliyi" və
"İnformasiya təhlükəsizliyinin təmin edilməsi
texnologiyaları" bölmələri üzrə seksiya iclaslarında
dövlət, elm və təhsil müəssisələrindən informasiya
təhlükəsizliyinin müxtəlif aktual məsələlərini əhatə
edən 74 məruzə dinlənilib.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
Fotolar Rəşad ZİYADOV |