Mayın
10-da Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına
Hərbi Liseyində "Şahin" hərbi-idman oyunlarının
respublika final yarışları keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirdə liseyin rəisi, general-mayor Mirzə Almasov,
təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və
idman nazirinin müavini İntiqam Babayev, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis
müavini, general-mayor Novruzəli Orucov və başqaları
çıxış edərək gənc nəslin hərbi-vətənpərvərlik ruhunda
yetişməsində, onların mənəvi-psixoloji, hərbi və fiziki
hazırlığında, Vətənə məhəbbət hisslərinin aşılanmasında
gənclərin həvəslə iştirak etdikləri "Şahin" hərbi-idman
ənənəvi oyununun əhəmiyyətindən danışıblar.
Çıxış edənlər yarışın final mərhələsinin müstəqil
Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümü günündə və məhz hərbi liseydə
yüksək səviyyədə keçirilməsinin heç də təsadüfi
olmadığını vurğulayaraq deyiblər ki, ulu öndərin
yaratdığı canlı abidələrdən biri də C.Naxçıvanski adına
Hərbi Liseydir. Sovet dövründə belə bir hərbi məktəbin
Azərbaycanda yaradılması ümummilli liderin uzaqgörən
siyasəti nəticəsində mümkün olmuşdur. Bu lisey
Azərbaycan üçün qəhrəman zabitlər yetişdirmişdir.
Bildirilmişdir ki, məhz bu günün "şahinləri" də
sabahın zabitləri arasında olacaqlar.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət
və qayğı göstərdiyi vurğulanıb, dövlətimizin gənclər
siyasətində hərbi-vətənpərvərlik sahəsinin mühüm yer
tutduğu diqqətə çatdırılıb. Natiqlər "Şahin"
hərbi-idman oyununun bütün mərhələlərini keçmiş, sabahın
əsgər və zabitləri olacaq gəncləri finala vəsiqə
qazanmaları münasibətilə təbrik edib və onlara uğurlar
arzulayıblar.
"Şahin" hərbi-idman oyunlarının respublika finalına
kursant korpusunun təntənəli marş və mahnı sədaları
altında nümunəvi keçidi ilə start verilib. Təhsil,
Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət
və Turizm nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar
Şurasının birgə təşkilatçılığı ilə keçirilən yarışda
zona mərhələsinin qalibi olmuş 19 komanda birincilik
uğrunda mübarizə aparıb.
Final yarışında iştirak edən komandalar iki mərhələdə
yarışıblar. Yarışın birinci mərhələsində təntənəli
marşla, mahnı sədaları altında tribuna önündən keçən
komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb.
İkinci mərhələdə isə "şahinlər" müxtəlif sınaqlardan,
sədlərdən keçmək və maneələri dəf etməklə öz fərdi
bacarıqlarını nümayiş etdiriblər.
Sonda Bakı şəhərinin Xətai, Nizami və İsmayıllı
rayonlarının komandaları müvafiq olaraq I, II, III
yerləri tutublar.
Qalib komandalara fəxri fərmanlar və qiymətli hədiyyələr
təqdim olunub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |