Mayın 14-də Elmin İnkişafı Fondunun "Universitet qrantı"
və "Sənaye qrantı" məqsədli müsabiqələrinin nəticələri
ilə bağlı təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı
direktoru Elçin Babayev bildirib ki, müsabiqələrdə
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), ali
təhsil müəssisələrindən, nazirliklərin nəzdində
fəaliyyət göstərən elmi-tədqiqat institutlarından,
dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından,
elm ilə əlaqəli digər qurumlardan alim və mütəxəssislər
qrupu, həmçinin fərdi şəkildə alimlər iştirak edir.
Qeyd olunub ki, "Universitet qrantı" müsabiqəsi ilk
dəfədir keçirilir və Təhsil Nazirliyi bu müsabiqəyə
təşkilati dəstək göstərir.
Çıxışlarda bildirilib ki, 910 min manat ümumi büdcəsi
olan "Universitet qrantı" müsabiqəsinə 37 layihə təqdim
edilib. Bunlar arasından ümumi maliyyələşdirilmə həcmi
890 min manat olmaqla 11 qalib layihə müəyyənləşdirilib.
Bu layihələr Azərbaycan Dövlət Neft Akademiyası (4
layihə), Azərbaycan Tibb Universiteti (3), Azərbaycan
Dövlət Aqrar Universiteti (2), Azərbaycan Dövlət İqtisad
Universiteti (1) və Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (1)
yerinə yetiriləcək.
İlk dəfə keçirilən "Sənaye qrantı" müsabiqəsində 6 qalib
layihə müəyyənləşdirilib. Qalib layihələrdən biri
Azərbaycan Memarlıq və İnşaat Universitetindən təqdim
olunub.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub
Piriyev çıxışında bildirib ki, "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın ali təhsil sistemi qarşısında qoyduğu
əsas vəzifələrdən biri ali təhsil müəssisələrinin
təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsidir.
Bunun təmin edilməsi üçün ali təhsil müəssisələri
təhsildə keyfiyyətə təminat verə bilən, elmin son
nailiyyətlərini özündə əks etdirən elmi mərkəzlər kimi
fəaliyyət göstərməlidir. Belə ki, müasir şəraitdə elm və
təhsil arasında sıx inteqrasiyanı təmin etmədən
keyfiyyətli təhsilə və yüksək elmi yeniliklərə nail
olmaq mümkün deyil. Bu problemin həllində yalnız ali
təhsil müəssisələri deyil, həm də Elmin İnkişafı Fondu
böyük rol oynayır. Fondun ali təhsil müəssisələri ilə
əlaqələrinin yeni müstəvidə və daha yüksək səviyyədə
qurulması arzuolunandır. Başqa sözlə, Elmin İnkişafı
Fondu ali təhsil sistemində elmin inkişafına daha böyük
dəstək göstərməlidir.
Y.Piriyev ölkənin müxtəlif universitet və elmi
təşkilatlarında elmi tədqiqatla məşğul olan 32 mindən
çox mütəxəssisdən 9579 nəfərinin fəlsəfə doktoru, 2251
nəfərinin elmlər doktoru olduğunu xatırladıb: "Bu, böyük
alimlər ordusu deməkdir. Elmi dərəcəsi olan alimlərin
yarıdan çoxu təhsil sistemində çalışır".
Y.Piriyev Elmin İnkişafı Fondu tərəfindən 2010-2014-cü
illərdə keçirilən 17 müxtəlif müsabiqədə 315 layihədən
94-nün rəhbərinin ali məktəbləri təmsil etdiyini
söyləyib. Həmin 315 layihədən 74-nün icraçısı təhsil
müəssisələridir.
www.edu.gov.az |