Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Hədəf
Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli
filmi paytaxtın ümumtəhsil məktəblərində nümayiş olunub.
Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş
layihənin rəhbəri Arzu Əliyevadır. Film Bakı Media
Mərkəzi və Fransanın "Clarke Costelle&Co" (CC&C)
prodakşn şirkəti ilə birgə istehsal edilib.
Filmin ümumtəhsil məktəblərində nümayiş olunmasında
məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq və onu
böyüməkdə olan gənc nəslə çatdırmaqdır.
Film müharibənin ağrı-acısını yaşayan bütün insanların -
ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin
əməyi ilə alman faşizmi üzərində qələbəyə töhfə vermiş
insanların xatirəsinə dərin hörmət və ehtiramın
təzahürüdür.
"Hədəf Bakıdır" sənədli filmi çərçivəsində Azərbaycan,
Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Rusiyada
tədqiqatlar aparılıb, indiyədək nümayiş olunmayan
kinokadrlar bərpa edilərək rəngli formatda təqdim
olunub.
Xatırladaq ki, 10-dan çox dilə tərcümə edilən film mayın
8-dən 10-dək "National Geographic" telekanalı vasitəsilə
30-a yaxın ölkədə nümayiş etdirilib. Film 50 milyon
nəfərə yaxın tamaşaçı tərəfindən izlənilib. Ekspertlərin
fikrincə, film vasitəsilə dünya xalqları faşizm üzərində
qələbənin əldə olunmasında Azərbaycan xalqının, Bakı
neftinin rolu barədə ilk dəfə əhatəli və obyektiv
informasiya ala biləcəklər. |