Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva mərasimdə iştirak edib
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Bakının Nəsimi rayonundakı
1 nömrəli körpələr evi əsaslı təmir və yenidənqurmadan
sonra mayın 10-da - ulu öndərin anadan olmasının 92-ci
ildönümü günündə istifadəyə verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva,
Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
körpələr evinin açılışında iştirak ediblər.
Məlumat verildi ki, 1930-cu ildə tikilən bina uzun illər
təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə
2005-ci ildə təmir işləri aparılıb. Ötən ilin
oktyabrında isə Fondun dəstəyi ilə binada əsaslı təmir
və yenidənqurma işlərinə başlanılıb. Körpələr evinin
binası tamamilə yenilənib, müasir havalandırma sistemi
qurulub, su, qaz, işıq xətləri təzələnib, həyətyanı sahə
abadlaşdırılıb.
Azərbaycanın birinci xanımı körpələr evinin yataq, iaşə,
tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları ilə
tanış oldu. Uşaq tərbiyə müəssisəsi bütün standartlar
nəzərə alınmaqla yenidən qurulub, müasir çarpayılar və
oyuncaqlarla təmin edilib. Bu evin balaca sakinlərinin
asudə vaxtlarının səmərəli təşkili məqsədilə maraqlı
əyləncə qurğuları da quraşdırılıb.
Birinci xanım Mehriban Əliyeva müəssisədə səhiyyə
xidmətinin təşkili, həmçinin uşaqların səhhəti ilə
maraqlandı. Heydər Əliyev Fondunun prezidentinə məlumat
verildi ki, burada valideyn himayəsindən məhrum olan 3
yaşa qədər 44 uşaq böyüyür. Onlar müntəzəm surətdə tibbi
müayinədən keçirilir və hazırda səhhətlərində heç bir
problem yoxdur.
Heydər Əliyev Fondunun prezidenti körpələr evində ərzaq
təminatı məsələsinə də toxundu, uşaqların vaxtında və
sağlam qidalanmalarının vacibliyini vurğuladı.
Körpələr evində yaradılan şəraitdən məmnun qalan və
kollektivə uğurlar arzulayan Mehriban Əliyeva, qızları
Leyla Əliyeva və Arzu Əliyeva müəssisəyə avtomobil
hədiyyə etdilər.
AZƏRTAC |