Təhsil
Nazirliyi "Bakı-2015" I Avropa Oyunlarının proqramına
daxil olan idman növlərinin məktəblilər arasında
təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərini davam
etdirir. Bu tədbirlər çərçivəsində Gəncə şəhərində
stolüstü tennis üzrə zona yarışı keçirilib.
Gəncə Olimpiya İdman Kompleksində keçirilən məktəblilər
arasında stolüstü tennis üzrə zona yarışında Tovuz,
Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Goranboy, Bərdə
rayonlarının, eləcə də Gəncə şəhərinin oğlan və
qızlardan ibarət komandaları mübarizə aparıb. Tədbirin
bədii hissəsində idmançılar, rəqs qrupları nümunəvi
çıxışlar edib, musiqili konsert təşkil olunub.
Komanda hesabında qızlar arasında 1-ci və 3-cü yerləri
Gəncə şəhərinin, 2-ci yeri Samux rayonunun, oğlanlar
arasında isə 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Samux,
3-cü yeri isə Daşkəsən rayonunun komandaları tutub.
Daha bir idman yarışı "Təhsil" Respublika İdman
Mərkəzinin Gəncə filialının bazasında baş tutub.
Atletika idman növü üzrə zona yarışında Tovuz, Şəmkir,
Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Daşkəsən
rayonlarını və Gəncə şəhərini təmsil edən 100 nəfərdən
artıq idmançı qüvvəsini sınayıb.
Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri
Bərdə, 3-cü yeri isə Şəmkir rayonunun komandaları tutub.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin,
yerli icra orqanlarının və idman ictimaiyyətinin
nümayəndələri iştirak edib.
Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim
olunub. |