Mayın 8-də İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar
təmayüllü liseydə Şuşanın işğalının 23-cü ildönümü ilə
əlaqədar anım tədbiri keçirilib. Liseyin ibtidai sinif
məllimi Turan Süleymanovanın rəhbərliyi ilə 2 B sinfinin
hazırladığı tədbirdə şagirdlər müəllimlərinin tərtib
etdiyi nağıl-ssenari əsasında maraqlı kompozisiya
nümayiş etdiriblər. Kompozisiyanın əsasında duran
nağılda təsvir olunur ki, xeyirxahlığı və düzgünlüyü ilə
tanınan, xalqını sevən bir şahın Azəri adlı gözəl bir
qızı varmış. Gözəlliyinin sorağı hər yerə yayıldığından
elçiləri də çox imiş. Ancaq şahzadə qız bu haqda heç nə
eşitmək belə istəmirmiş. Sanki onu nə isə narahat
edirmiş. Qızın bu narahatlığı get-gedə artır. O,
yemək-içməkdən qalır, hətta şahlığın gözəl gül bağına
belə çıxmır. Qızının vəziyyəti şahı bərk narahat edir,
o özünə yer tapa bilmir. Şah şahlığın və qonşu
ölkələrin ən yaxşı təbiblərini dəvət etsə də
şahzadənin dərdinə çarə tapan olmur. Şah hər tərəfə car
çəkdirir ki, kim qızının sevinməsinə və gülümsəməsinə
səbəb olsa ürəyi istədiyini alacaq. Müxtəlif yerlərdən
ən yaxşı rəqqaslar, musiqiçilər gəlib öz məharətlərini
nümayiş etdirsələr də qıza təsiri olmur. Heç nədən ürəyi
açılmayan Azəri yatağa düşür. Lakin bir gün bağçadan
gələn tütək səsi Azərinin diqqətini cəlb edir. O,
gözlərini açıb ətrafa baxır. Görür ki, bağban bağçada
şahzadə qızın doğma yurdunun güllərinin nəğməsini ifa
edir. Tütəyin səsinə çiçəklər açılır. Bu çiçəklər onun
doğma yurdunun çiçəkləri idi. Azəri uşaqlıqda hər yaz o
torpaqlara gedər, güllər yığar, öz bağçalarına
gətirərdi. Bağ yenə al-əlvan güllərlə dolur. Bu gözəllik
Azərinin simasında, gülüşündə əksini tapır. Şah anlayır
ki, Azərinin kədəri doğma torpaqlar, o torpağın gülləri
üçün darıxmağı ilə bağlı imiş.
Şagirdlər hekayə-ssenaridəki personajları, haqqında söz
açılan rəqsləri, mahnıları yüksək səviyyədə ifa edərək
kompozisiyanın əsas ideyası olan doğma yerin, yurdun,
torpağın əzizliyi, müqəddəsliyi, şəfaverici gücə malik
olması ideyasını məharətlə açıb tədbir iştirakçılarına
çatdırıblar.
Tədbirin sonunda söz alan liseyin direktoru, əməkdar
müəllim Məhbubə Məmmədova ikincilərin çıxışlarını yüksək
qiymətləndirib, onların müəlliminə təşəkkür edib.
Şuşanın, eləcə də digər torpaqlarımızın işğalının
xalqımız üçün böyük və ağır itki olduğunu söyləyən
M.Məmmədova onların tezliklə azad ediləcəyinə,
vətənimizin ərazi bütövlüyünün bərpa olunacağına
inandığını bildirib.
Nisgilli, kövrək notlarla başlayan tədbir belə bir
nikbin əhvali-ruhiyyə, arzu-inamla başa çatıb: Gün o gün
olsun işğal olunmuş torpaqlarımız qaytarılsın,
Oarabağımıza qovuşaq. Şuşada Azərbaycan bayrağının
dalğalandığı günü görək, bütün bayramlarımızı Şuşada
qeyd edək.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |