Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə şagirdlərdə
xarici ədəbiyyata, dünya klassiklərinin əsərlərinə maraq
oyatmaq, həmçinin onlarda ingilis dilində nitq
qabiliyyətini inkişaf etdirmək məqsədilə aprelin 30-da
dünya şöhrətli ingilis yazıçısı Vilyam Şekspirin
yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə keçirilib.
Gecədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Lalə
Qarayeva, Qafqaz Universitetinin əməkdaşı Vüsal Yaqubov,
Beynəlxalq gənclər təşkilatının əməkdaşı Fidan Əliyeva,
246 nömrəli tam orta məktəbin direktoru Almaz Bayramova,
Bakı Modern Məktəbinin nümayəndəsi Samirə Teymurova,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun əməkdaşı Fatma Sofiyeva
və Azərbaycan Dillər Universitetinin nümayəndəsi Ülkər
Zeynalova iştirak ediblər.
Məktəblilərin V.Şekspir əsərlərinin qəhrəmanlarını
özündə əks etdirən rəsmlərindən ibarət sərgi akt
zalının nəfis tərtibatına xüsusi rəngarənglik gətirirdi.
Gecəni ingilis dilində açan məktəbin direktoru Nərminə
Gündüzlü qeyd edib ki, 5 nömrəli tam orta məktəbdə
şagirdlər öz fikirlərini, düşüncələrini bu dildə sərbəst
söyləmək qabiliyyətinə malikdirlər.
Tədbir 10 ç sinif şagirdi Aytac Mirzəyevanın "All the
world is a stage" şeiri ilə başlayıb. Tədbir boyu
şagirdlər dahi yazıçının sonet və şeirlərindən parçalar
söyləyib, "Romeo və Culyetta", "Kral Lir", "Otello", "Hamlet",
"İnadkarın ram edilməsi" kimi əsərlərindən
səhnələşdirilmiş parçaları böyük məharətlə nümayiş
etdiriblər.
Dahi yazıçının yaradıcılığı ilə əlaqədar müxtəlif
videoçarxların nümayişi, XVI əsr saray rəqsinin ifası,
şagirdlərin ingilis dilində səlist danışmağı, xüsusilə
də məktəbin direktoru N.Gündüzlünün bu gecədə Şekspirin
"Otello" əsərindən monoloq söyləməsi tədbirdə iştirak
edənlərin böyük marağına səbəb olub. V.Şekspirin "Hamlet"
əsərindən Hamletin monoloqu, "Madriqal" şeiri
şagirdlərdən Nərgiz İsmayıllı və Eldanə Alqayevanın
ifasında məharətlə səsləndirilib.
Tədbirin sonunda Qafqaz Universiteti tərəfindən bütün
iştirakçılara hədiyyələr paylanıb, qonaqlarla xatirə
şəkilləri çəkdirilib.
Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi" |