Bu
misra ilə öz yaradıcılıq üslubunu çox sərrast ifadə
etmiş ünlü şairimiz Bəxtiyar Vahabzadənin 90 illik
yubileyinin ölkəmizdə qeyd olunması haqqında Azərbaycan
Prezidentinin imzaladığı sərəncama əsasən filosof şairin
yubileyi ilə bağlı hazırda təhsil müəssisələrində
tez-tez tədbirlər keçirilir. Belə yubiley tədbirlərindən
biri də paytaxtın nümunəvi təhsil ocaqlarından sayılan
147 nömrəli texniki-humanitar təmayüllü liseydə mayın
4-də təşkil olunmuşdu.
Liseyin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirə
xeyli qonaq da dəvətli idi. Elə liseyin binasına daxil
olanda hiss olunurdu ki, yubiley tədbirinə ciddi
hazırlıq gedib. Binanın birinci mərtəbəsindəki foyedə
nümayiş etdirilən xalq şairi Bəxtiyar Vahabzadəyə həsr
olunmuş stendlər, şagirdlərin əl işlərindən ibarət
maraqlı sərgi bunu sübut edirdi. Bəxtiyar müəllimin öz
dilindən səslənən şeirləri isə sanki hamını tədbirə
kökləyirdi.
Ədəbi-bədii tədbiri liseyin direktoru, əməkdar müəllim
Həlimə Mehdiyeva açaraq qonaqları salamladı, onları
"şöhrətli bir alimə, sevilən bir şairə, Şəki torpağının
yetirdiyi gözəl bir insan və müəllimə" həsr etdikləri
tədbirdə görməsindən məmnun olduğunu söylədi. Liseyin
bir qrup şagirdi Dövlət himnimizi ifa etdikdən sonra
aparıcılar - X və XI sinif şagirdləri Aytac və Şahin
şairin çağdaş ədəbiyyatımızdakı yeri və mövqeyi haqqında
sözlərlə tədbirə başladılar. X sinif şagirdi Aygün
Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş məşhur
"Yadındamı" mahnısını ifa etdi. Onun məharətli və
məlahətli ifasını tədbir iştirakçıları alqışlarla
qiymətləndirdilər. VIII sinif şagirdi Səmra xalq
şairinin yaradıcılıq kredosunu əks etdirən "Özümdən
narazıyam" şeirini söylədi.
Aparıcılar ifalararası çıxışlarında Bəxtiyar
Vahabzadənin yaradıcılıq yolu, əsərləri, Azərbaycan
ədəbi-ictimai fikrinin inkişafına təsiri, milli oyanış
və milli azadlıq mücadiləsi tariximizdəki yeri və
xidmətləri, ana dilimizin saflığı uğrunda ömür boyu
apardığı mübarizə və bu mübarizənin bədii əksi olan
poeziya nümunələri haqqında danışdılar. Şairin
ədəbiyyatımızda hadisə olan "Gülüstan" poemasından
parçalar şagirdlərin ifasında təqdim olundu.
Şagirdlərdən Pərvin, Billur, Aygün, Gülər, Fatimə,
Şəbnəm, Jalə, Ülviyyə və başqaları şairin müxtəlif
mövzularda yazdığı şeirləri, şeirlərinə bəstələnmiş
mahnıları ifa etdilər. Bəxtiyar müəllimin ömrünün son
günlərində tanınmış telejurnalist Mirşahinə verdiyi
müsahibədən parçalar nümayiş olundu. Tədbir xorun
ifasında "Azərbaycan" mahnısı ilə yekunlaşdı.
İştirakçılarda dərin təəssürat yaradan tədbir başa
çatdıqdan sonra qonaqlardan Təhsil Nazirliyinin sektor
müdiri Firudin Həmzəyev, BDU-nun müasir Azərbaycan
ədəbiyyatı kafedrasının müdiri, professor Tofiq
Hüseynov, həmin kafedranın professoru İfrat Əliyeva,
şair Cığatel İsaqızı, Bakı şəhər 220 nömrəli
məktəb-liseyin direktoru Almaz Əsgərova və başqaları
çıxış edərək, şagirdlərin təqdim etdikləri ədəbi-bədii
kompozisiyanı yüksək dəyərləndirdilər, liseyin tədbirlər
keçirmək sahəsindəki təcrübəsini təqdir etdilər, belə
maraqlı proqrama dəvət olunduqları üçün liseyin
rəhbərliyinə təşəkkürlərini bildirdilər. Çıxış edənlər
habelə Bəxtiyar Vahabzadə yaradıcılığına dair öz
fikirlərini söyləyib, şairlə bağlı xatirələrini dilə
gətirdilər.
Tədbirin sonunda respublikanın xalq artisti Gülyanaq
Məmmədova iştirakçılara Bəxtiyar Vahabzadənin sözlərinə
yazılmış iki mahnı ərmağan etdi.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |