Mayın
7-də Bakıdakı 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi
Mərkəzində Təhsil Nazirliyi və DİN Baş Dövlət Yol Polisi
İdarəsinin birgə təşkilatçılığı ilə "Yol hərəkəti
qaydalarını yadda saxla və riayət et!" devizi altında
tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin və Dövlət
Yol Polisi İdarəsinin nümayəndələri, "Həyata bağlan"
qrupunun təmsilçiləri, paytaxt məktəblərindən 100-ə
yaxın şagird iştirak edib. Tədbirin keçirilməsində
məqsəd uşaqlara erkən yaşlardan təhlükəsiz davranış
qaydalarını öyrətmək, yol hərəkəti qaydaları barədə
bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını
nümayiş etdirməkdən ibarət idi.
Tədbirdə Respublika Dövlət Yol Polisi İdarəsinin şöbə
rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev çıxış
edərək əsas diqqəti təhlükəsiz həyat üçün davranış
vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə
etdi və hamını qanunlara riayət etməyə çağırdı. Yol
hərəkəti qaydalarının məktəb yaşlarından öyrənməyin və
buna əməl olunmasının vacib olduğunu vurğuladı.
Bildirildi ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi
təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin
profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə
müəssisələrinin müəllimləri arasında maarifləndirici
tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz
hadisələrlə üzləşməsinin qarşısını alan əsas
amillərdəndir. Kamran Əliyev mərkəzlə Dövlət Yol Polisi
İdarəsinin sıx əməkdaşlıq etdiyini və bunun müsbət
nəticələr verdiyini qeyd etdi. Şagirdlərin
maarifləndirmə işi yüksək qiymətləndirilərək
təqdirəlayiq hal hesab edildi.
Təhsil Nazirliyinin KİV-lər və QHT-lərlə iş sektorunun
müdiri Cəsarət Valehov çıxış edərək tədbirin
əhəmiyyətindən söz açdı. Son illər respublikamızda yol
infrastrukturunun yüksək səviyyədə inkişaf etdiyini,
geniş yolların çəkildiyini, çoxlu sayda piyada
keçidlərinin tikildiyini nəzərə çatdıran sektor müdiri,
görülən işlərlə yanaşı avtomobillərin də sayının xeyli
artdığını və bu baxımdan yollarda daha diqqətli olmağı
və qaydalara əməl etməyi şagirdlərə tövsiyə etdi. Qeyd
etdi ki, şagirdlərimiz hərtərəfli biliklərə yiyələnməklə
yanaşı, həm də hər gün rastlaşdığımız problemlərə hazır
olmalıdır. Mərkəzdə şagirdlərin yol hərəkəti
qaydalarının öyrənilməsi üçün hər bir şəraitin olduğunu
qeyd edən C.Valehov bu yöndə maarifləndirmə işinin daha
da genişlənməsinin vacibliyini bildirdi.
Sonra uşaqların yolda təhlükəsizlik qaydaları, yol
hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və
sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyi
məsələlərinə yönəldilməsi məqsədilə keçirilən tədbirə
qatılan "Yol hərəkəti dərnəyi"nin xüsusi formalar
geyinmiş üzvləri interaktiv, öyrədici, hərəkətli və
didaktik oyunlar nümayiş etdirdi. Tədbirdə iştirak edən
uşaqlar yol hərəkəti qaydaları ilə bağlı asfalt üzərində
rəsmlər çəkdi, yol hərəkəti qaydalarına düzgün əməl
etməklə maşın sürdülər.
Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və
onların valideynlərinə balacaların yol hərəkəti
qaydalarını daha yaxşı qavramasına kömək edəcək
yardımçı tədris vəsaitləri hədiyyə olundu. İlboyu
"Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi"ndə fəal
iştirakına görə fərqlənən uşaqlara 46 nömrəli
Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin diplomları təqdim
edildi.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |