"Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda
"dəyirmi masa"
Azərbaycan
Müəllimlər İnstitutunun Şamaxı filialında ulu öndər
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə
əlaqədar "Heydər Əliyev və Azərbaycan gəncliyi"
mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"nı
filialın direktoru Tünzalə Yusifova açaraq vurğulayıb
ki, ümummilli lider Heydər Əliyev daim gəncliyə böyük
ümid bəsləyib. Ulu öndər Azərbaycanın gələcəyinin gənc
nəsildən asılı olduğunu deyirdi.
Gənclərimizin hərtərəfli inkişafı, beynəlxalq aləmə
inteqrasiyası vacib məsələlərdən biri kimi ümummilli
lider Heydər Əliyevi daim düşündürürdü. Qeyd olunub ki,
ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də gənclər
siyasətini uğurla reallaşdırır. Bu gün Azərbaycan
gəncliyi ictimai həyatın bütün sahələrində aktiv
fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar,
sosial tədbirlərin həyata keçirilməsində mühüm rol
oynayır.
"Dəyirmi masa"da çıxış edənlər bildiriblər ki, ulu öndər
bütün fəaliyyəti dövründə gənc nəslə öz qayğısını
əsirgəməyib, onların ictimai-siyasi həyatda fəal
iştirakı, sosial ehtiyaclarının təmin edilməsi, yüksək
səviyyədə təhsili, hüquqlarının müdafiəsi, ümumiyyətlə,
gənclərin hərtərəfli inkişafının təmin edilməsi
istiqamətində mühüm işlər görüb.
Tədbirin sonunda I kurs tələbəsi Aysel Mahmudlu Zəlimxan
Yaqubun "Bir dahi gəldi dünyaya" şeirini söyləyib.
Yevlaxlı məktəblilər Heydər Əliyev irsini dərindən
öyrənirlər
Yevlax Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, ümummilli lider Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümü münasibətilə Yeni Azərbaycan
Partiyası (YAP) Yevlax rayon təşkilatı tərəfindən
"Heydər Əliyev irsi öyrənilir" layihəsinə başlanılıb.
Layihə çərçivəsində rayonun ümumtəhsil məktəblərində
tədbirlər keçirilir, "Ulu öndər müstəqil Azərbaycanın
qurucusudur" mövzusunda məruzələr edilir. Kövər və
Xaldan kənd tam orta məktəblərində keçirilən tədbirlərdə
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli
Quliyev, gənclər birliyinin sədri Ariz Mikayılov və
başqaları çıxış edərək, ulu öndərin zəngin və mənalı
ömür yolundan, çoxşaxəli fəaliyyətindən, onun
məqsədyönlü siyasəti sayəsində ölkə həyatının bütün
sahələrində əldə olunan uğurlardan geniş bəhs ediblər.
Sonda mövzu ətrafında sual-cavab keçirilib, fərqlənən
şagirdlər mükafatlandırılıblar. Tədbir zamanı şagirdlərə
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən bukletlər paylanıb.
AMİ-nin Zaqatala filialında müharibə veteranları ilə
görüş
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında
faşizm üzərində qələbənin 70 illiyi münasibətilə
ədəbi-bədii musiqili tədbir keçirilib. Filialın
direktoru, professor O.Rzayev çıxış edərək rayon icra
hakimiyyəti ilə birgə reallaşdırılan tədbirin gənclər
üçün ciddi məzmun daşıdığını bildirib, görüşə gələn
veteranları salamlayıb.
Rayon Müharibə Veteranları Şurasının sədri Ənvər Kərimov
ölkə rəhbərliyi tərəfindən istər İkinci Dünya, istərsə
də Qarabağ müharibəsi iştirakçılarına, burada həlak
olmuş, itkin düşmüş şəxslərin ailələrinə və övladlarına
göstərilən yüksək qayğıdan söz açıb.
Dahi rus şairinin yubileyinə həsr olunmuş olimpiada
Şirvan Şəhər Təhsil Şöbəsindən aldığımız məlumatda
qeyd olunur ki, şəhərdə VII Respublika rus dili
olimpiadasının zona mərhələsi keçirilib. Yarışda 8
rayondan olmaqla 70-ə yaxın şagird iştirak edib.
Şagirdlər iki mərhələdə, yazı və ifadəli oxudan imtahan
veriblər. Hər il keçirilən ənənəvi rus dili olimpiadası
bu il dahi rus şairi Sergey Yeseninin 120 illik
yubileyinə həsr olunub.
Tədbirdə çıxış edənlər olimpiadanın əhəmiyyətindən
danışıblar. Daha sonra Sergey Yeseninin həyat və
fəaliyyətindən, onun Azərbaycanda keçirdiyi günlərdən,
habelə bu dövrdə yaratdığı əsərlərdən bəhs edən film
nümayiş olunub. Olimpiadanın gedişinə və şagirdlərin
seçiminə şəhər ictimaiyyətindən təşkil olunmuş münsiflər
heyəti nəzarət edib.
Məktəbdə müharibə veteranı ilə görüş keçirilib
Şirvan şəhər A.Hüseynzadə adına 4 nömrəli tam orta
məktəbdə faşizm üzərində qələbənin 70 illiyi
münasibətilə şəhər Müharibə Veteranları Şurasının sədri
Musa Quliyevlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru G.Həsənov
qonağı salamlayaraq faşizm üzərində qələbənin 70
illiyinin hər yerdə olduğu kimi Şirvanda da geniş qeyd
edildiyini bildirib. Məktəbin tarix müəllimi Şükür
İzzətoğlu çıxış edərək bildirib ki, faşizm üzərində
qələbənin qazanılmasında Azərbaycan xalqınıın əməyi
unudulmamalıdır. Qələbənin qazanılmasında Bakı nefti,
Bakı neftçiləri başlıca rol oynayıb. Müəllim Ə.Əhmədov
vaxtı ilə Şirvan şəhərindən müharibəyə yola düşmüş
döyüşçülər haqqında məlumat verib. Qeyd edib ki,
müharibənin ağır vaxtlarında həmyerlilərimiz böyük
qəhrəmanlıqlar göstərib, ağır döyüşlərdə iştirak
ediblər.
Şirvan Şəhər Müharibə Veteranları Şurasının sədri Musa
Quliyev çıxışında qeyd edib ki, 1942-ci ildə ordu
sıralarına çağırılıb. Qısa hərbi hazırlıq keçdikdən
sonra cəbhəyə gedib. Ağır döyüşlərdə yaralanıb,
müalicədən sonra yenidən cəbhəyə qayıdıb. Fəal döyüşçü
kimi orden və medallarla təltif olunub. Hazırda şəhərin
ictimai-siyasi həyatında yaxından iştirak edir.
Lənkəran şəhər 8 nömrəli məktəbdə oxu aylığı
Lənkəran Şəhər Təhsil Şöbəsindən redaksiyamıza daxil
olan məlumatda qeyd edilir ki, ümumtəhsil məktəb
sagirdlərinin oxu vərdislərinin və mütaliə
mədəniyyətinin formalaşmasıyla bağlı təhsil nazirinin
müvafiq əmrinə əsasən şəhər 8 nömrəli tam orta məktəbdə
oxu aylığı keçirilib, sagirdlər arasında müxtəlif
nominasiyalarda müsabiqələr elan olunub. Tanınmış
şairlərdən Ağamir Cavad, Ziyafət Əkbərov və Xatirə
Xatunla şagirdlərin görüşü təşkil edilib.
Valideynlərin iştirakı ilə baş tutan görüsdə müsabiqədə
qalib gəlmiş sagirdlər fəxri fərmanlarla və qiymətli
hədiyyələrlə təltif olunublar.
Sonra monitorda "Lənkəran ədəbi mühit tarixinə qısa
səyahət" adlı videoçarx nümayis etdirilib. Tədbirdə
çıxış edən şairlər təhsil ocağında, şagird və
müəllimlərin əhatəsində olmalarından böyük məmnunluq
hissi duyduqlarını bildirərək, şagirdlərə kitaba
məhəbbətin, mütaliə vərdişlərinin formalaşmasının çox
vacib bir şərt olduğunu çatdırıblar.
Sonda məktəbin direktoru A.İbrahimov çıxış edərək gələn
qonaqlara şagirdlərlə birgə olduqlarına və səmimi
söhbətlərinə görə minnətdarlıq edib və tədbirin təşkil
olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Neftçala məktəbliləri respublika fənn olimpiadasında
üçüncü olublar
Neftçala Rayon Təhsil Şöbəsindən aldığımız məlumata
görə, respublikanın fənn olimpiadalarının final turunda
coğrafiya fənni üzrə I yeri tutmuş Nizami Gəncəvi adına
Neftçala şəhər 3 nömrəli tam orta məktəbin XI sinif
şagirdi İlham Hacıbala oğlu Səmədovun uğuru təhsil
işçilərinin böyük sevincinə səbəb olub.
Eyni zamanda neftçalalı məktəblilər fənn olimpiadasında
üçüncü yerə sahib olublar. Aprelin 28-də rayonda
respublika üzrə fənn olimpiadalarının yekunlarına görə
üçüncü yerə layiq görülən rayon məktəbliləri ilə görüş
keçirilib. Görüşdə çıxış edən rayon icra hakimiyyətinin
başçısı İsmayıl Vəliyev şagirdləri qazandıqları yüksək
nəticə münasibətilə təbrik edib, onlara təhsildə yeni
uğurlar arzulayıb.
Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov çıxışında
istedadlı uşaq və gənclərin aşkara çıxarılmasında,
təlimdə sağlam rəqabətin yaradılmasında fənn
olimpiadalarının müstəsna rol oynadığını bildirib.
Neftçala məktəblilərindən biri qızıl, dördü gümüş, ikisi
bürünc medal qazanıb, Təhsil Nazirliyinin diplom və
hədiyyələrinə layiq görülüblər. Qeyd olunub ki, rayonun
51 ümumtəhsil məktəbində 10 minə yaxın şagird oxuyur və
onların təlim-tərbiyəsi ilə 1500-dək müəllim məşğul
olur. Ali məktəblərə qəbul olunanların sayına görə
Neftçalanın respublika üzrə üçüncü yerdə olması və ötən
tədris ilində 220 məzunun tələbə adını qazanması, 8
nəfərin 600, 41 nəfərin 500 baldan yuxarı nəticə
göstərməsi də təlim-tərbiyədə keyfiyyət dəyişikliyinin
göstəricisi kimi xarakterizə olunub.
Şagirdlər onlar üçün yaradılan şəraitə görə
minnətdarlıqlarını bildiriblər. Sonda olimpiada
qaliblərinə rayon icra hakimiyyətinin hədiyyələri təqdim
olunub.
Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd
olunub
Kürdəmir
Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir
ki, R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə xalq
şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai
xadim, Dövlət mükafatları laureatı Bəxtiyar
Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr
edilmiş tədbir keçirilib.
Tədbiri açan məktəbin direktoru Sadəddin Novruzov
dövlətimizin başçısı İlham Əliyevin Bəxtiyar
Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında
imzaladığı sərəncamı xatırladıb və bunun görkəmli şairin
irsinə verilən qiymətin bariz nümunəsi olduğunu qeyd
edib.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Minarə
Məmmədova bildirib ki, B.Vahabzadə bədii yaradıcılığa
1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap
etdirməklə başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri,
elmi məqalələri, rəyləri müntəzəm çap olunub. "Mənim
dostlarım" adlı ilk kitabında toplanan lirik şeirlərdə
faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və
düşüncələri öz əksini tapıb. Onun lirik şeir və
poemalarında, mənzum pyeslərində müasir dövrün
problemləri lirik-fəlsəfi planda əlvan boyalarla təsvir
edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra",
"Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya",
"Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı"
pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
tamaşaya qoyulub. Daha sonra diqqətə çatdırılıb ki,
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2
monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə
məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən
artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri,
şeir kitabları, dramları və publisistik yazıları
dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız,
alman, fars, türk, ispan, macar dillərinə tərcümə
edilib.
Sonda şagirdlərin ifasında şeir və mahnılar
səsləndirilib və ədəbi-bədii kompozisiya nümayiş
etdirilib.
Beyləqanda təlimlərə start verilib
Beyləqan
Rayon Təhsil Şöbəsinin verdiyi məlumata görə, Təhsil
Nazirliyinin dəstəyi ilə "Beyləqan Gənclərinin
Maarifləndirilməsi və Sosial İnkişafı" (BGMSİ) İctimai
Birliyi tərəfindən "İctimai təşəbbüslərin dəstəklənməsi
üzrə layihə müsabiqəsi" çərçivəsində rayonda "Yeni
kurikulum və inklüziv təhsil" üzrə təlimlərə start
verilib.
Layihənin əsas məqsədi rayonda müxtəlif məktəblərdə
çalışan pedaqoji kadrların inklüziv təhsil üzrə
peşəkarlıq səviyyəsinin, bilik və bacarıqlarının
artırılmasıdır. Bu məqsədlə hər birində 30 nəfər olmaqla
2 ayrı qrupda müəllimlər üçün təlimlər keçirilməklə
yanaşı, müəllimlərin sağlamlıq imkanları məhdud uşaqlar
üçün yaradılmış günərzi qayğı və inklüziv təhsil
mərkəzlərinə səfəri və mübadilə-çarpaz görüşləri təşkil
edilərək onların praktiki fəaliyyətlərinə dəstək
olacaqdır. Layihəyə cəlb edilmiş təcrübəli təlimçi
Nərminə Əkbərova təlim ərzində iştirakçılara yeni
kurikulum, kurikulumun strukturu və prinsipləri, öyrənmə
tərzləri, perspektiv və cari planlaşdırma, fəal təlim
forma və üsulları, inklüziv təlimdə kurikulum,
bərabərlik prinsipi, inklüziv təhsil üzrə fəaliyyətlər,
fəal təlim metodları, aktiv terapiyaya psixoloji
hazırlıq, müəllimin psixi və mənəvi hazırlığı, tibbi və
sosial model və sair haqqında təqdimatlar edəcəkdir.
Bütövlükdə təlim fəal və interaktiv iştirakçılıq,
ekspertlərlə müzakirələr, təqdimatlar, qrup işləri,
rollu oyunlar, audivizual görüntülər vasitəsilə həyata
keçirilir. Təlimin ilk günü iştirakçılar öz ideya və
düşüncələrini, təcrübələrini bölüşüblər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
sh.cafarov@muallim.edu.az |