1941-1945-ci illər müharibəsinin
iştirakçısı Barat Əsgərov haqqında nəvələri danışır
Təkcə Azərbaycanda deyil, Avropada, MDB-yə üzv olan
ölkələrin əksəriyyətində alman faşizmi üzərində
qələbənin 70 illik yubileyi böyük təntənə ilə qeyd
edilir.
Ötən əsrin 90-cı illərinə kimi SSRİ-nin tərkibində olan
Azərbaycan Respublikasında yaşayan bütün əhali də
müharibə başlayanda böyük Vətənimizin müdafiəsinə
qalxmışdı. Həmin insanların içərisində qanlı-qadalı
müharibə illərində böyük şücaətlər göstərmiş babamız
Barat Əsgər oğlu Əsgərov da vardı. O qanlı-qadalı
illərdə doğma yurd həsrəti, torpaq sevgisi, ümumi
Vətənimizin müdafiəsinə qalxan hər kəsin düşmənlə
mübarizəyə can atması qələbəni şərtləndirən amillərdən
idi. Müharibə dövründə nəinki ön cəbhədə, hətta arxa
cəbhədə də milyonlarla insan gecə-gündüz çalışıb faşizm
üzərində qələbəyə öz töhfələrini verirdi.
Onların göstərdikləri misilsiz qəhrəmanlıqlar bügünkü
gənclərimizə örnəkdir.
Biz babamızın müharibə haqqında danışdıqlarını o qədər
də dəqiq xatırlamırıq. Lakin dayımız Telman Əsgərov hər
dəfə babamızdan söz düşəndə böyük fəxrlə atasından
eşitdikləri epizodlardan, müharibədə əsgərlərimizin
üzləşdikləri çətinliklərdən, onların rəşadətlərindən
ağızdolusu danışır. Telman dayı danışdıqca həmişə
kövrəlir, həmin günləri babamla birlikdə yaşayır.
O, qızı Aydanın səliqə ilə sandıqçada saxladığı
babamızın şəkilləri olan albomu, təltiflərini, orden və
medallarını qürurla bizə göstərir. Bunların arasında I
dərəcəli "Vətən müharibəsi ordeni", "Leninqradın
qəhrəmancasına müdafiəsində iştirakına görə" medalı,
"1941-1945-ci illərin Böyük Vətən Müharibəsində fədakar
əməyinə görə" medalı, "Döyüş xidmətinə görə" medalı,
"1941-1945-ci illərin Böyük Vətən Müharibəsində Almaniya
üzərində qələbəyə görə" medalı və digər mükafatlar və
təltiflər var.
Telman Əsgərovun dediklərindən:
- Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ
1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Həmin
vaxt Azərbaycanın da igid oğul və qızları sovet-fin
müharibəsi cəbhəsinə getmişdilər. Onların içində atam
Barat Əsgərov da var idi. 1941-ci ilin iyununda atam
Vətənə dönərkən yolda almanların SSRİ-yə hücum etməsi
xəbərini eşidir və könüllü olaraq yenidən ön cəbhəyə
qayıdır. O illərdə faşist qoşunlarına qarşı döyüşlərdə
rəşadət göstərmiş, 193-cü diviziyanın 896-cı atıcı
alayının əsgəri olan atam Barat Əsgərov Qafqazdan
Berlinə kimi böyük və şərəfli döyüş yolu keçmişdir.
B.Əsgərov dəfələrlə ölümün pəncəsindən qurtulmuş, 2 dəfə
ağır yaralanmış və müalicə olunduqdan sonra yenidən
cəbhəyə qayıtmışdır. Atam tez-tez Böyük Vətən müharibəsi
veteranı kimi yubiley tədbirlərinə dəvət olunurdu. Yaxşı
yadımdadır, təhsil aldığım 62 nömrəli orta məktəbdə belə
tədbirlərin birində atam növbəti dəfə müharibə ilə bağlı
xatirələrini danışarkən - "əziz balalar, gördüyüm
günləri heç birinizə arzulamıram, sakit və mavi səma
altında atalı-analı (o, valideynlərini 1 yaşında
itirmişdi) böyüyüb Vətənə dəyərli övlad olasınız", -
dedi. Mənim üçün həmişə əzəmət və vüqar rəmzi olan
atamın bu məqamda necə kövrəldiyini heç zaman unuda
bilmirəm. Bir dəfə anamdan "atam həmişə müharibədən
danışanda niyə kövrəlir", - deyə soruşanda o, "atan
gördüyü faciələrin heç bir faizini belə dilinə gətirib
danışa bilmir", - söylədi.
Torpağa, Vətənə bağlılıq məhz belə fədakar insanlardan
keçib bizlərə. Bu gün torpaqlarımızın müdafiəsində
ayıq-sayıq dayanan əsgərlərimiz də həmin od-alovun
içindən mərdliklə, hünərlə çıxan igidlərin nəvələri,
nəticələridir. Bizlər müharibə veteranlarını həmişə
anmalı, xatırlamalıyıq. Gənclərimizə nümunə
göstərməliyik. Doğma torpaqlarımızın müdafiəsinə qalxan
hər bir əsgər bilməlidir ki, bu müqəddəs yolda zəhmət
çəkən, canını belə fəda etməkdən çəkinməyən heç kəs
yaddan çıxmır, heç kəs unudulmur.
Biz bacıların birgə təhsil aldığımız Bakı Dövlət
Universitetində də qələbənin 70 illiyi münasibətlə bir
sıra tədbirlər həyata keçirilir. Təbii ki, bu da
gənclərdə vətənpərvərlik hissinin daha da artırılmasına,
milli mənlik şüurunun formalaşmasına kömək edir.
Babamız sanki biz bacıların başına gələnləri öncədən
duyub bu ifadələri işlətmişdi - "həyat çox qəribədir"...
Biz onun rastlaşdığı faciələr ilə hələ dinc dövrdə
üzləşdik. Uşaq ikən baba və nənəmizi, sonra
valideynlərimizi itirdik. Yeniyetmə illərimiz isə
Qarabağ müharibəsinə təsadüf etdi.
Biz əvvəllər də müharibə mövzusunda çəkilmiş filmlərə
çox baxmış, haqqında yazılmış bədii əsərləri mütailə
etmişdik. Müharibənin törətdiyi faciələrin, qiyabi olsa
da, şahidi olmuşduq. Lakin heç vaxt ağlımıza gəlməzdi ki,
əsl müharibənin nə olduğunu məhz gözlərimizlə görəcəyik.
Biz döyüş bölgələrində yaşamasaq da, onun ağrısını,
acısını yaxından duyduq.
Orta məktəbi bitirdikdən sonra tale bizi Ukraynanın
Luqansk şəhərinə aparıb çıxardı. Üç il tələbəlik
həyatını yaşadıq. Ölkədə siyasi durum gündən-günə
gərginləşirdi və sonda bu hadisələr müharibə ilə
nəticələndi.
Luqanskda qəfildən müharibənin başlanması təhsilimizi
yarımçıq qoydu və təcili Bakıya qayıtmalı olduq. Son
qərar artıq verilmişdi...
Qeyd etmək istəyirik ki, ulu Tanrı həmişə bizi xeirxah
insanlarla qarşılaşdırıb. Bu illər ərzində daim dövlət
qayğısını və ətrafımızda əzizlərimizin yoxluğunu bizə
unutdurmağa çalışan insanların qayğısını hiss etmişik.
Ukraynadan qayıtdıqdan sonra Prezident İlham Əliyevə,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya müraciətimiz cavabsız qalmadı. Biz artıq Bakı
Dövlət Universitetinin tələbələriyik və ömrümüzün
axırına kimi bu böyük xeyirxahlığı unutmayacağıq.
Telman dayım bizi tez-tez babamızın ziyarətinə aparır.
Qələbə bayramı ərəfəsində onun ruhunu yad etmək bizim
üçün böyük fəxr idi. Axı bu qələbənin qazanılmasında
babamız Barat Əsgərovun da az da olsa əməyi var.
Biz də çalışmalıyıq, babamız kimi şərəfli və mükəmməl
bir həyat yaşayaq. Və bir arzumuz da var. Tezliklə
nigaran getdiyin Qarabağ torpaqları erməni
qəsbkarlarından azad edilsin və bu qələbə münasibətilə
ziyarətinə gələndə bayramın mübarək, Barat baba deyək.
Fatmaxanım və Hilalə
DADAŞOVALAR,
BDU-nun tələbələri |