Mayın
5-də Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində
1941-1945-ci illər müharibəsində qələbənin 70 illik
yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə
Nərimanov rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və
Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasının sədri,
sədr müavini, müharibə veteranları, respublikanın
tanınmış ziyalıları, Bakı şəhər məktəblərinin
şagirdləri, müəllimlər və valideynlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru
L.Bayramova qonaqları salamlamış və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının 23
fevral 2015-ci il tarixli sərəncamına əsasən
respublikanın bütün bölgələrində bayram tədbirlərinin
keçirildiyini qeyd etmişdir. O, qədirbilən xalqımızın öz
tarixi dəyərlərinə daim hörmət və ehtiramla yanaşdığını
vurğulayaraq, II Dünya müharibəsi və onun davamı olan
1941-1945-ci illər müharibəsinin bəşər tarixinin ən ağır
və ən dəhşətli səhifələri olduğu barədə danışmış,
müharibədə faşizmə qarşı böyük rəşadət və qəhrəmanlıq
göstərmiş vətən oğulları və qızlarının adlarının
Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə
yazıldığını bildirmişdir. Sonra müharibədə həlak olmuş
Azərbaycan vətəndaşlarının və sonrakı illərdə vəfat
etmiş veteranların xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir.
Tədbirdə muzeyin şöbə müdiri Q.Qafarova "Müharibə
illərində təhsil" mövzusunda məruzə etmişdir. Daha sonra
müharibə veteranlarından Fatma Səttarzadə, Məhəmməd
Hüseynov, Əlikişi Cümşüdov, Nərimanov rayon Veteranlar
Şurasının sədri Alı Hüseynov, Respublika Təhsil
Şurasının sədri, pedaqoji elmlər doktoru, professor
Əjdər Ağayev, yazıçı publisist Teyyub Qurban,
"Azərbaycan məktəbi" jurnalının baş redaktoru Nəcəf
Nəcəfov, Dünya Azərbaycanlılarının Həmrəylik
Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, "Carçı"
jurnalının baş redaktoru Gülarə Əmirquliyeva çıxış
etmişlər.
Tədbirin rəsmi hissəsinin sonunda veteranlara hədiyyələr
təqdim edilmişdir. Tədbirin bədii hissəsində Respublika
Turizm və Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinin
ifasında vətənpərvərliyə həsr olunmuş ədəbi kompozisiya,
Nərimanov rayon Uşaq Yaradıcılıq Mərkəzinin
şagirdlərinin söylədikləri şeirlər, Sabunçu rayon 4
nömrəli Uşaq Musiqi Məktəbi şagirdlərinin ifasında
Azərbaycan haqqında bəstəkar mahnıları və muğamlar
dinlənilmişdir.
Tədbirin sonunda qonaqlar Xalq Təhsili Muzeyinin sənəd
və materialları əsasında təşkil edilmiş "Qələbə-70"
adlı sərgi ilə tanış olmuşlar. |