Mayın
5-də "İdrak" liseyinin Bakı filialında ümummilli lider
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr
olunan "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda
tədbir keçirildi. Tədbirdə liseyin müəllim-şagird
kollektivi ilə yanaşı Milli Məclisin deputatları Aydın
Mirzəzadə, Tahir Rzayev, tanınmış alim, professor Şahlar
Əsgərov və digər qonaqlar iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin xatirəsi bir
dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının
Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü
ilə açan liseyin təsisçisi, pedaqoji elmlər doktoru,
professor Mönsüm Alışov dahi şəxsiyyət, ümummilli lider
Heydər Əliyevin xalqımızın taleyində mühüm rol
oynadığını, iqtisadi, siyasi, mənəvi həyatında misilsiz
xidmətlər göstərdiyini bildirdi. Qeyd etdi ki, Heydər
Əliyev şəxsiyyətinin müdrikliyi, böyüklüyü ondadır ki,
onun ideyaları, əməli fəaliyyəti təkcə bu günlə
məhdudlaşmamış, həm də uzaq gələcəyə ünvanlanmışdır.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu
öndərin parlaq ideyaları, başladığı quruculuq siyasəti
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün
uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunun getdikcə yüksəlməsini, uğurlarının artmasını
diqqətə çatdıran M.Alışov ölkəmizin hazırda bir çox
beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin sevindirici
hal olduğunu və bu faktın özünün Azərbaycanın
müstəqilliyinin təməlinin ulu öndər tərəfindən möhkəm
əsaslar üzərində qurulmasının göstəricisi olduğunu
diqqətə çatdırdı.
Tədbirdə professor Şahlar Əsgərov, Milli Məclisin
deputatları Aydın Mirzəzadə, Tahir Rzayev çıxış edərək
ümummilli lider Heydər Əliyevin zəngin həyat və
fəaliyyətindən bəhs etdilər.
Sonra liseyin şagirdlərinin ifasında ulu öndərə həsr
olunan şeirlər söyləndi, mahnılar səsləndirildi.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |