Mayın
2-də İçərişəhərdə "SABAH-ın Könüllüsü" proqramı
çərçivəsində İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu
İdarəsinin dəstəyi ilə "SABAH-ın Şifrəsi" intellektual
komanda oyunu keçirilib. "İçərişəhərdə "Bakı-2015" I
Avropa Oyunlarının sirrini aç!" şüarı ilə təşkil olunan
oyun tələbələrin İçərişəhərin, eləcə də burada yerləşən
abidələrin tarixini dərindən mənimsəməsi, Avropa
Oyunları ərəfəsində şəhərimizə gələn qonaqları
məlumatlandırmaq üçün lazımi bilik və bacarıqlara
yiyələnməsini təmin etmək məqsədi ilə təşkil olunub.
Oyun "Kod Da Vinçi" komandaqurucu oyunu əsasında SABAH
qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil
müəssisəsində "SABAH-ın Könüllüsü" olan 100 nəfər
tələbənin iştirakı ilə baş tutub.
Komandaların növbəti mərhələyə keçməsini təmin edən
"açarların" axtarışından ibarət olan "SABAH-ın Şifrəsi"
oyunu zamanı Bakı Dövlət Universiteti, Azərbaycan
Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,
Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət
Pedaqoji Universiteti və Azərbaycan Dillər
Universitetini təmsil edən 10 komanda qalibiyyət uğrunda
mübarizə aparıb.
Oyunun aparıcısı tərəfindən komandalara İçərişəhərin
tarixi, "Bakı-2015" I Avropa Oyunları ilə bağlı suallar
və oyun keçirilən məkanların xüsusiyyətlərinə müvafiq
tapşırıqlar verilib. Şirvanşahlar Sarayında start
verilən oyunun iştirakçıları müvafiq olaraq "Kiçik Qala",
daha sonra isə "Böyük Qala" küçələri istiqamətində
hərəkət edərək "SABAH-ın Şifrəsi"ni axtarıblar. Aparıcı
tərəfindən verilmiş tapşırıqların icrası və sualların
cavabını tapmaqla növbəti mərhələyə keçmək üçün
"açar"ları hamıdan birinci tapan komanda Qız Qalasında
"Bakı-2015" I Avropa Oyunlarına dair "açar"ı əldə
etməklə oyunun qalibi olub. İştirakçılar və oyun
keçirilən ərazidə olan turistlər tərəfindən böyük
maraqla qarşılanan oyunun qalibləri təşkilatçılar
tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Məlumat üçün qeyd olunub ki, "SABAH-ın Könüllüsü"
proqramı SABAH qruplarının tələbələrinin, akademik
təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla
sosial aktivliyi artırmaq və alınmış biliklərin
praktikada tətbiq edilməsi, eləcə də tələbələrin
idarəçilik bacarıqlarının və liderlik potensialının
inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir.
"SABAH-ın Könüllüsü" kimi könüllü komandalar şəklində
layihə, proqram və tədbirlərin təşkilində iştirak edir,
müxtəlif aksiyalar həyata keçirirlər. Bununla da onlar
tədris prosesində əldə etdikləri bilik və bacarıqları
tətbiq edərək tələbəlik dövründən peşəkar bacarıqlara
yiyələnmək imkanı əldə edirlər.
N.RƏHİMOV,
"Azərbaycan müəllimi" |