Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

"Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında"

 

Böyütmək üçün seçinMayın 6-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində universitetin tarix fakültəsi ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında" mövzusunda elmi-nəzəri konfrans keçirildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı, BDU-nun müəllimləri, qonaqlar da iştirak edirdilər. 

Konfransı giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq  Heydər Əliyev şəxsiyyətindən, bu dahi insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider kimi qalmasından danışdı. Bildirdi ki, zəngin və şərəfli ömür yolu keçmək, fenomenal keyfiyyətləri ilə milyonların qəlbində ölməzlik məşəli yandırmaq, millətinə azadlıq hissini bütün varlığı ilə yaşatmaq xoşbəxtliyi çox az liderlərə nəsib olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Bu baxımdan, ulu öndər Heydər Əliyev bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir.

Sonra BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Nuru Məmmədov "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarı və qurucusudur", tarix fakültəsinin III kurs tələbəsi Saday Zəkiyev "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir", "Gənc istedadlar" liseyinin VIII sinif şagirdləri Leyla Abdullayeva "Heydər Əliyev və Azərbaycan təhsili", İsmayıl Məmmədli  "Heydər Əliyev və ana dilimiz", Orduxan Qəhrəmanzadə isə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında çıxış etdilər.

"Gənc istedadlar" liseyinin direktoru, professor Qasım Hüseynov çıxışında qeyd etdi ki, misilsiz idarəetmə istedadına malik olan ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən ağır vaxtlarda Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir. Ulu öndər Heydər Əliyevin  xalqımıza əmanət qoyduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır.

Sonda şair Oqtay Zəngilanlının  ulu öndər Heydər Əliyevə həsr olunmuş bir neçə şeiri səsləndirildi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov