Bakıdakı
3 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş
tədbir keçirilib. Tədbirdə məktəbin müəllim-şagird
kollektivi ilə birgə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,
Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, KİV
təmsilçiləri və digər şəxslər iştirak ediblər. Əvvəlcə
qonaqlar ulu öndər Heydər Əliyevin həyat və siyasi
fəaliyyətini əks etdirən eksponatlarla, şagirdlərin əl
işlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən
sonra iştirakçılar ulu öndər Heydər Əliyevin əziz
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizami
Novruzov bildirib ki, dərin zəkası, zəngin biliyi,
qətiyyəti, ciddiliyi, daxili və xarici siyasətdəki
uğurları, Azərbaycanın müstəqilliyi və bütövlüyünü
qorumaq məharəti, elm, mədəniyyət, incəsənət və təhsilə
göstərdiyi diqqəti, qayğısı Heydər Əliyevi ümummilli
lider, müdrik bir şəxsiyyət kimi ürəklərdə yaşadır. Qeyd
edib ki, o, hər zaman xalq ilə nəfəs almış, həyatının
mənasını xalqına xidmətdə görmüşdür. Xalq da həmişə
Heydər Əliyevi sevmiş, onunla fəxr etmiş, onun
siyasətini dəstəkləmiş və etibarlı dayağına
çevrilmişdir,
Tədbirin aparıcıları ulu öndər Heydər Əliyevin hamıya
örnək olan həyat yolu, siyasi fəaliyyəti haqqında fikir
və düşüncələrini uşaq təbiətinə xas olan səmimi, ülvi
hisslərlə söyləyiblər. Ulu öndərin hər zaman uşaqları
sevdiyini, onlara qayğı ilə yanaşdığını deyən şagirdlər
ölməz şəxsiyyətin təhsillə bağlı dediyi qiymətli
fikirləri də mərasim iştirakçılarının diqqətinə
çatdıraraq əbədiyaşar liderin müəllimlərə yüksək
ehtiramla yanaşdığını bildiriblər. Onlar ümummilli
liderimiz Heydər Əliyevin ölməz ideyalarının onun
layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar.
Heydər Əliyev Fondunun təhsillə bağlı gördüyü işlərdən
də ətraflı söz açan aparıcılar Fondun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilimizin
inkişafındakı əvəzsiz xidmətlərini yüksək
dəyərləndiriblər.
Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini
Hüseyn Əsgərov çıxış edərək ömrünü, taleyini, bütün
varlığını xalqına bağışlayan əvəzolunmaz şəxsiyyət,
xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolu,
misilsiz xidmətləri haqqında tədbir iştirakçılarına
geniş məlumat verib. Qeyd olunub ki, əsası ulu
öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və
iqtisadi kursun möhtərəm Prezidentimiz cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində
son illər Azərbaycan dünyada siyasi cəhətdən ən stabil
ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə
lider ölkəyə çevrilmişdir.
Digər çıxış edənlər ümummilli lider, görkəmli
dövlət xadimi Heydər Əliyevin həyat və
fəaliyyətindən, zəngin irsindən söz açıblar. Tədbirdə
vurğulanıb ki, Azərbaycan xalqı çox xoşbəxtdir ki,
onun Heydər Əliyev kimi dünya miqyasında
sayılıb-seçilən ümummilli lideri var. Ulu öndərin əziz
xatirəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.
Çünki Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyəti
Vətənə sevgi, xalqa məhəbbət nümunəsidir. Azərbaycanın
dövlət müstəqilliyinə nail olmaq və onu
möhkəmləndirmək ulu öndərimizin amalı olmuşdur. Onun
işıqlı əməlləri daim yaşayacaq, memarı və qurucusu
olduğu müstəqil Azərbaycan isə gündən-günə inkişaf
edərək çiçəklənəcəkdir.
Sonda şagirdlər yazıçı Adil Babayevin "Koroğlunun
Çənlibelə qayıdışı" əsərindən bir parçanı nümayiş
etdiriblər.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |