Mayın
2-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17
may - Ümumdünya Telekommunikasiya və İnformasiya
Cəmiyyəti gününə həsr olunan ali məktəb tələbələri
arasında informatika üzrə X Ümumrespublika
olimpiadasının final mərhələsi keçirilib.
Tədbirdən öncə qonaqlar institutda yaradılmış innovativ
şəraitlə yaxından tanış olublar, onlara institutun
maddi-texniki bazası haqqında ətraflı məlumat verilib.
Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi və AMEA İnformasiya
Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə
keçirilən olimpiadanın açılış mərasimində rabitə və
yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə
çıxış edərək ölkəmizdə informasiya-kommunikasiya
texnologiyaları sahəsində yüksək ixtisaslı gənc
mütəxəssislərə böyük ehtiyac olduğunu bildirib. Qeyd
olunub ki, İKT-nin dinamik inkişafı və geniş vüsət
alması dünyada informasiya cəmiyyətinin formalaşması,
bəşəriyyətin inkişafı üçün böyük imkanlar yaradır.
"Azərbaycanın gələcəyi olan gənclər də informasiya
cəmiyyətinin qurulmasında yaxından iştirak
etməlidirlər", - söyləyən E.Vəlizadə, sayca X olan
olimpiadanın ilk mərhələsində respublikanın 16 ali
təhsil müəssisəsindən 55 komandanın iştirak etdiyini və
bunların arasından 12 komandanın final mərhələsinə
vəsiqə qazandığını deyib.
Nazir
müavini cari il mayın 17-də Cenevrədə Azərbaycanın Qızıl
Tərəfdaşı olduğu Beynəlxalq Telekommunikasiya
İttifaqının 150 illik yubileyinin və Azərbaycan
rabitəsinin yaranmasının 134 illiyinin qeyd olunacağını
əlamətdar hadisə kimi qiymətləndirib.
Olimpiadanın münsiflər heyətinin sədri, BDU-nun dosenti
Ramin Mahmudzadə gənclərin İKT biliklərinin
təkmilləşdirilməsi, informatika və proqramlaşdırma
sahəsində istedadlı tələbələrin aşkara çıxarılması və
onlara dəstək vermək baxımından belə yarışların
təşkilinin böyük əhəmiyyətə malik olduğunu diqqətə
çatdırıb. Qeyd edib ki, başlıca hədəflərdən biri
informatika fənni üzrə respublika olimpiadasının
qaliblərini beynəlxalq yarışlara hazırlaşdırmaqla
Azərbaycanın intellektual yarışlarda yüksək səviyyədə
təmsil olunmasına şərait yaratmaqdır.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim
Əliquliyev bu gün dünyada informasiya texnologiyaları
üzrə yüksək ixtisaslı, böyük elmi-praktiki təcrübəyə
malik, innovativ təfəkkürlü kadrların, xüsusən də
proqram mühəndislərinin hazırlanmasına tələbatın
olduğunu bildirib. Ölkəmizdə elm və təhsilin inkişafına
ölkə başçısı İlham Əliyev tərəfindən diqqət və qayğı
göstərildiyini söyləyən akademik İKT-nin bu sahələrdə
tətbiqinin geniş imkanlara yol açdığını qeyd edib. Onun
sözlərinə görə, son 10 ildə Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin xidmətləri sayəsində
Azərbaycanda İKT sahəsində yüksək nailiyyətlər əldə
olunmuşdur. Bu sahədə innovasiyaların daha sürətlə vüsət
almasında gənc kadrların rolundan danışan R.Əliquliyev
yeni imkanların meydana gəlməsi və innovasiyaların geniş
tətbiqi prosesinə innovativ təfəkkürə malik gənclərin
böyük töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, artıq
10 ildir keçirilən olimpiadada iştirak edərək yüksək
nəticələr göstərmiş gənclər bu gün ölkəmizdə İKT-nin
inkişafına böyük dəstək verən aparıcı qüvvəyə çevrilib.
Olimpiadada iştirak etmiş bir çox gənclər hazırda
dünyanın aparıcı universitetlərində magistraturada və
doktoranturada təhsil alır, ölkənin nüfuzlu
şirkətlərində fəaliyyət göstərir, dövlət idarəçiliyində
yaxından iştirak edir, cəmiyyətdə yüksək mövqe tuturlar.
Bu baxımdan olimpiadanı "qızıl fond" adlandırmaq olar.
Alim bu kimi tədbirlərin keçirilməsinin İKT üzrə
innovativ təfəkkürə malik istedadlı gənclərin seçilməsi
və onların respublikamızda həmin sahə ilə bağlı
reallaşdırılan layihələrə cəlb edilməsinə, ölkəmizin
beynəlxalq yarışlarda layiqincə təmsil edilməsinə imkan
yaratdığını önə çəkib.
Azərbaycanda qurulmaqda olan biliklər cəmiyyətinin əsas
lokomotivinin proqram mühəndisliyi olduğunu söyləyən
akademik bu sahənin AMEA rəhbərliyinin daim diqqət
mərkəzində saxladığı sahələrdən biri olduğunu
vurğulayıb.
Sonra olimpiadanın final mərhələsi onlayn rejimdə,
www.e-olimp.com saytı vasitəsilə keçirilib. 12 komanda
öz bilik və bacarığını sınayıb. Yarış zamanı hər
komandaya 5 saat ərzində 9 məsələni həll etmək tapşırığı
verilib.
Final mərhələsinin nəticələrinə görə, Qafqaz
Universitetinin "Qafqaz Programmers" komandası I,
Azərbaycan Texniki Universitetinin "AzTU1" və "ADA"
Universitetinin "ADA U4" komandaları II, Milli
Aviasiya Akademiyasının "NAA50", Azərbaycan Dövlət
Neft Akademiyasının "ADNA1" və Bakı Ali Neft
Məktəbinin "BHOS1" komandaları isə III yerə layiq
görülüblər.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |