Təhsil
Problemləri İnstitutunda faşizm üzərində qələbənin 70-ci
ildönümü münasibətilə tədbir keçirilib. İnstitutun
direktrou Qulu Novruzov öncə tədbir iştirakçılarını
salamladı. Direktor müavinləri, institutun elmi
məsləhətçiləri, şöbə müdirləri, əməkdaşları, doktorant
və dissertantların iştirakı ilə keçirilən görüşdə Böyük
Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda
döyüşlərdə həlak olmuş Vətən övladlarının əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Qulu Novruzov müharibə
veteranlarını qələbənin 70 illiyi münasibətilə təbrik
etdi. Qeyd olundu ki, 1945-ci il faşizm üzərində
qələbədə Azərbaycandan olan Böyük Vətən müharibəsi
veteranlarının misilsiz xidmətləri var. O, bu qələbənin
qazanılmasında böyük rəşadət və şücaət göstərmiş cəsur
döyüşçülərimizin qəhrəmanlıqlarından danışdı.
Veteranların ömür yolunun gənclər üçün örnək olduğunu
vurğulayaraq qələbənin tarixi əhəmiyyətindən söz açdı.
Q.Novruzov ölkəmizdə veteranların, onların ailələrinin
dövlətimizin başçısı tərəfindən yüksək qayğı və diqqətlə
əhatə olunduğunu vurğuladı.
Görüşdə iştirak edən, ömrünün 75 ilini təhsilə həsr
etmiş TPİ-nin sabiq əməkdaşı, müharibə veteranı
İbrahim Mayılov institutun rəhbərliyinə göstərilən
diqqətə görə təşəkkür etdi, tədbirdə iştirak edənlərin
hamısına öz minnətdarlığını bildirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyevə müharibə veteranlarına göstərdiyi qayğıya
görə minnətdarlığını ifadə edən İbrahim müəllim döyüş
xatirələrindən danışaraq tədbir iştirakçıları ilə
müharibədəki yaşantılarını bölüşüb.
İnstitutun rəhbəri və kollektivinə gənclərin
hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində gördükləri və
bundan sonra görəcəyi işlərində uğurlar arzuladı.
TPİ-nin işində bundan sonra da fəal iştirak edəcəyini
bildirdi.
Tədbirin sonunda institutun direktoru Q.Novruzov TPİ-nin
sabiq əməkdaşları, Böyük Vətən müharibəsi veteranları
İbrahim Mayılov və Məmməd Mirzəliyevi təhsil sahəsində
uzun müddət səmərəli fəaliyyətlərinə görə və faşizm
üzərində qələbənin 70 illiyi münasibətilə Fəxri fərmanla
təltif etdi, hədiyyələr verdi.
Sonda xatirə şəkli çəkdirildi.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi
|