4-5
may tarixlərində Azərbaycan Dillər Universitetində (ADU)
"Xarici dillərin tədrisinin aktual problemləri"
mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransın plenar iclası Azərbaycan Respublikasının
Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov konfransın
həm universitet, həm də orta məktəblər üçün vacib
olduğunu bildirib. O, konfransı universitetin illik
hesabatı adlandıraraq bunun artıq bir ənənəyə
çevrildiyini qeyd edib. Konfransın materiallarının kitab
şəklində nəşr olunduğunu vurğulayan rektor universitetin
orta məktəblərlə əlaqələr qurduğunu, pedaqoji təcrübəyə
yeniliklər gətirdiyini qeyd edib. Bildirilib ki,
universitetdə çalışan professor və müəllimlər tədris
prosesi zamanı həm özlərinin yeni metodlarından, eyni
zamanda dünya universitetlərində olan yeniliklərdən
istifadə edirlər. Universitetin beynəlxalq əlaqələrindən
danışan rektor Səməd Seyidov ADU-da Strasburq və Esseks
universitetlərinin professor-müəllim heyətinin öz
metodlarından istifadə edərək tələbələrə fənni tədris
etdiklərini bildirib. ADU tələbələri xarici ölkələrdə
təhsillərini davam etdirirlər. Universitet hesabına yeni
tədris ilində 10 nəfər tələbə Çin Xalq Respublikasında
təhsil almağa göndəriləcək.
İki gün davam edən konfransın plenar iclasında ADU-nun
müəllimləri Xədicə Cəfərova "Xarici dillərin tədrisində
innovativ metodlardan istifadə", Aytac Məmmədova "Dildə
"yalançı dostlar problemi", Gilə Hüseynli "Amerika
postmodern ədəbiyyatında", Sənubər Zeynalova "Xarici
dillərin tədrisi zamanı metaforaların koqnitiv-sintaktik
interpretasiyası" mövzularında məruzə ediblər.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin
Yunusov konfransın gedişi və strukturu haqqında
iştirakçıları tanış edib. Prorektor bu il orta
məktəblərdən konfransda iştirak etmək üçün məqalələrin
sayının artdığını, 20-dən çox ali təhsil ocağından
tezislərin qəbul olunduğunu vurğulayıb.
Konfrans öz işini "Dilin dünya xəritəsində rolu", "Formal
və qeyri-formal təhsildə xarici dillərin tədrisinin
aktual problemləri", "İKT-nin xarici dillərin tədrisində
rolu: üstünlüklər və çətinliklər", "Xarici dillərin və
ədəbiyyatın tədrisində innovativ metodlardan istifadə
yolları" bölmələrində davam etdirib. Bölmələrdə
ümumilikdə 140-a yaxın məruzə dinlənilərək müzakirələr
aparılıb.
Konfrans ADU-nun Heydər Əliyev adına
muzey-lektoriyasında öz işini bölmə rəhbərlərinin
hesabatları və yekun sənədin qəbul edilməsilə başa
çatdırıb.
İctimaiyyətlə əlaqələr Departamenti |