Mayın
5-də M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU)
Bakı filialında Oksford Universiteti nəzdində Nizami
Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi
Mərkəzinin fəaliyyəti və Oksford Universitetinin
saytında rəsmən yerləşdirilməsi ilə əlaqədar tədbir
keçirilib.
Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin
deputatlarının, elm və ictimaiyyət xadimlərinin iştirak
etdikləri tədbiri MDU-nun Bakı filialının rektoru,
AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva açıb.
Bildirib ki, tədbirin əsas məqsədi 2013-cü ildən
başlanan çox uğurlu, məsuliyyətli, eyni zamanda, şərəfli
bir layihənin - Oksford Universiteti nəzdində Nizami
Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi
Mərkəzinin yaradılması ilə bağlı proqramın növbəti
mərhələsini təqdim etməkdir. Mərkəzin rəsmi vebsaytının
İngiltərənin Oksford Universitetinin saytına
yerləşdirildiyini və bununla da rəsmən tanındığını deyən
professor Nərgiz Paşayeva bu münasibətlə tədbir
iştirakçılarını təbrik edib.
Xatırladaq ki, proqramın ideyası 2013-cü ildə professor
Robert Hoylandın Azərbaycana arxeoloji tədqiqat
obyektləri ilə tanışlıq məqsədi daşıyan səfəri zamanı
professor Nərgiz Paşayeva ilə görüşü nəticəsində meydana
gəlib.
Mərasimdə
Nərgiz Paşayeva mərkəzin fəaliyyətində nəzərdə tutulan
beş əsas istiqamət haqqında geniş məlumat verib. Qeyd
edib ki, birinci istiqamət onun hələ 2013-cü il dekabrın
28-də Oksford Universitetinin şərqşünaslıq fakültəsinin
alimləri qarşısında çıxışı zamanı söylədiyi
"Azərbaycanın iki qürur mənbəyi varsa, bunlardan biri
Nizami Gəncəvidir" fikrinə sübut olaraq, Yevgeni
Bertelsin "Nizami - böyük Azərbaycan şairi" əsərinin
ingilis dilinə tərcüməsi və nüfuzlu elm ocağında nəşr
edilməsi olacaq.
Rektorun sözlərinə görə, ikinci istiqamət kimi qədim
xristian çarlığı - Qafqaz Albaniyasının paytaxtı Bərdə
şəhərində Oksford Universitetinin alimləri tərəfindən
arxeoloji qazıntıların aparılması nəzərdə tutulur.
Layihənin rəhbəri - qədim islam tarixi üzrə dünyada
tanınmış alimlərdən olan professor Robert Hoyland bu
məsələyə xüsusi önəm verir. Qazıntıların nəticəsi
beynəlxalq elmi ictimaiyyətə məhz Azərbaycanın qədim
tarixi kimi təqdim ediləcək. Ermənistanın Dvin şəhərinin
hələ 1937-ci ildən muzey kimi fəaliyyət göstərdiyini
diqqətə çatdıran professor Nərgiz Paşayeva Bərdə və
Qafqaz Albaniyasının başqa şəhərlərinin öz qədim irsi və
zəngin tarixi ilə dünyanın elmi ictimaiyyətinə daha
zəngin məlumat verə biləcəyini vurğulayıb.
Mərkəzin fəaliyyətinin üçüncü istiqaməti Azərbaycan
ərazisində qədim şəhərlərin olduğu yerlərdə sovet
dövründə və ondan sonra aparılan arxeoloji qazıntıların
ilkin xəritəsinin hazırlanmasıdır. Xəritə mərkəzin rəsmi
vebsaytında yerləşdiriləcək və elmi tədqiqatlar üçün
dəyərli mənbə olacaq.
Dördüncü
istiqamət Mərkəz tərəfindən ildə bir neçə dəfə konfrans
və seminarlar keçirilməsidir. Bu barədə məlumat verən
rektor Nərgiz Paşayeva deyib: "İlk konfransımız Oksford
Universitetinin şərqşünaslıq fakültəsində iyun ayında
olacaq. Bu tədbir ilk dəfə Oksford Universitetinin,
habelə dünyanın aparıcı ali məktəblərinin qafqazşünas
alimlərini bir araya gətirəcək. Məsələn, bu alimlərin
sırasında Qafqaz Albaniyasının kilsə arxitekturası ilə
bağlı dəyərli elmi işi olanlar var. Lakin onlar heç vaxt
azərbaycanşünaslıq çətiri altına gətirilməmiş, öz
işlərini daha çox Ermənistanın qədim tarixinə aid
konfrans və seminarlarda təqdim etmişlər".
Mərkəzin fəaliyyətində beşinci istiqamət isə professor
Nərgiz Paşayevanın yaratdığı Elmə və Təhsilə Dəstək
Fondunun maliyyə vəsaiti ilə alimlərin Oksford
Universitetinin şərqşünaslıq fakültəsində təhsili və
tədqiqatı üçün imkanların yaradılmasıdır. Professor
Nərgiz Paşayeva ölkəmizi Oksford Universitetinin
şərqşünaslıq fakültəsində təmsil edən ilk azərbaycanlı
alimdir. Bu təmsilçilik qədim tariximizin məhz müasir
Azərbaycana məxsusluğunu göstərmək, elmi yolla sübut
etmək məqsədi daşıyır.
Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və
Qafqazşünaslıq Mərkəzi tərəfindən üç magistr və üç
aspirantı əhatə edən təhsil proqramı, habelə Nizami
Gəncəvi adına təqaüdlərin verilməsi də nəzərdə tutulur.
Bu il Oksford Universitetinin elmi tədqiqata görə dünya
universitetləri sırasında birinci yerə layiq görüldüyünü
diqqətə çatdıran Nərgiz Paşayeva deyib: "Bu
universitetin şərqşünaslıq fakültəsinin apardığı elmi
tədqiqat dünyanın digər ali məktəbləri üçün bir
örnəkdir. Qərb dünyasının bu ən nüfuzlu tədris ocağında
hər hansı həqiqəti dünyaya çatdırmaq istəyən xalq,
əvvəlcə öz qədim və zəngin keçmişini ortalığa çıxarmalı,
əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr
yetişdirməli və yalnız bundan sonra dünyada elm
sahəsində mövqe tutub, söz deməyi bacara bilər".
Hələ ötən əsrin ortalarında Oksford Universitetində
Qalust Gulbenkyan tərəfindən şərqşünaslıq fakültəsində
erməni tarixinin, mədəniyyətinin və dilinin tədrisi üçün
maliyyə vəsaiti ayrılmışdı. Bunun nəticəsidir ki, bu gün
erməni dili, tarixi və mədəniyyəti universitetdə
dərindən öyrənilir, onun Bodleyn kitabxanasında müvafiq
sahə üzrə zəngin materiallar mövcuddur. Həmçinin qədim
tariximiz, xüsusilə Qafqaz Albaniyasının tarixi məhz
erməni tarixi kontekstində öyrədilib və tədris edilib.
Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına
Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin bu
yanlışlıqların aradan qaldırması, Azərbaycanın qədim və
zəngin tarixinin dünyaya düzgün çatdırılması məqsədilə
yaradıldığını vurğulayan Nərgiz Paşayeva deyib: "Biz,
əlbəttə, XX əsrin ortalarında deyil, 2015-ci ildəyik və
beləliklə, Oksford Universitetinə gəlişimiz yarım əsr
gecikib. Lakin həqiqət bizim tərəfimizdədir və birgə
səylərimiz nəticəsində bu işi tez bir zamanda görə
bilərik".
Nizami Gəncəvinin Bodleyn kitabxanasının əlyazmalar
fondunda saxlanılan "Xəmsə"sinin XVI əsrdə tərtib
olunmuş əlyazmasının elektron versiyasından nəfis
tərtibatda hazırlanmış nüsxə AMEA-nın kitabxanasına
hədiyyə edilib. Xatırladaq ki, bu elektron versiya
2013-cü ildə professor Nərgiz Paşayevaya Bodleyn
kitabxanasında verilib.
Baş nazirin müavini Elçin Əfəndiyev, AMEA-nın prezidenti,
akademik Akif Əlizadə çıxışlarında Azərbaycanın dünyada
təbliğində Mərkəzin fəaliyyətinin əhəmiyyətini
vurğulayıb və bu proqram üzrə çalışan alimlərə uğurlar
arzulayıblar. Qeyd olunub ki, Kanadada və ABŞ-ın
paytaxtı Vaşinqton şəhərində azərbaycanşünaslıq üzrə
mərkəzlər yaratmaq cəhdləri olsa da, bu, uğursuzluqla
nəticələnib. Oksford Universiteti nəzdində Nizami
Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq
Mərkəzi bu gün Azərbaycan ərazisində mövcud olan qədim
mədəniyyət və dilləri öyrənmək məqsədilə yaradılmış
yeganə elmi mərkəzdir.
Mərkəz haqqında ətraflı məlumatı Oksford Universitetinin
şərqşünaslıq fakültəsinin
www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/
saytından əldə etmək olar. |